SON XƏBƏR

Mingəçevir sakini: “İcra hakimiyyətinin ucbatından həyatımız təhlükədədir”

Dekabr 09
10:42 2022
Dövlət qurumları mühafizə zolağına düşən əraziyə tikinti sərəncamı və evə Çıxarış verib

"Evin altından, böyründən qaz, kanalizasiya boruları, işıq xətləri keçirmiş. Mühafizə zolağı imiş, tikinti, yaşamaq üçün qadağan olunan zona imiş. Ancaq icra hakimiyyətinin başçısı tikintiyə sərəncam verib, icra hakimiyyətinin baş memarı ərazinin mühafizə zonası olduğunu sənədlərdə gizlədib. Nəticədə dörd tərəfdən də, evin altından da, üstündən də həyatımız təhlükədədir. Hakimsə deyir, iddian təmin oluna bilməz, get, nə vaxt partlayış olar, evin sökülməsi tələbi olar, onda gəlib kompensasiya iddiası qaldırarsan”.

Mingəçevir sakini Şaiq Bəhmənli Meydan TV-yə danışır ki, 2017-ci ildə Mingəçevirdə üzərində fərdi ev tikintisi üçün hər bir sənədi hazır olan torpaq sahəsi alıb və ev tikib.

2018-ci ildə ümumi sahəsi 172 kv.m olan yeni evə köçüb. Elə həmin il Daşınmaz Əmlakın Dövlət Reyestri həmin evə çıxarış verib.

2021-ci ildə qapını SOCAR işçiləri döyüb: "Evə, həyətyanı sahəyə baxış keçirdilər. Dedilər, buradan Mingəçevir İstilik Elektrik Stansiyasına gedən qaz borusu keçir və ev xəttin mühafizə zonasında qanunsuz olaraq tikilib. Soruşdum ki, bəs bu iş necə olacaq? Dedilər, buna SOCAR rəhbərliyi qərar verir, qərardan asılı olaraq ev sökülə də bilər”.

SOCAR işçiləri gedəndən sonra Şaiq Bəhmənli ərazidəki vəziyyət barəsində məlumatlanmaq üçün qurumlara məktub yazıb. Evə gələn ilk məktub SOCAR-dan olub. Məktubda bildirilib ki, həyətyanı sahənin və evin bir hissəsi Ağdaş Qaz İxrac İdarəsinə məxsus 750 mm-lik yüksək təzyiqli qaz boru kəmərinin mühafizə zonasına düşür.

"Azərsu” ASC-nin vətəndaşa göndərdiyi məktubda bildirilib ki, evin altından ərazidə yerləşən yaşayış binaları, fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin istifadəsində olan 1000 mm-lik dəmir-beton kanalizasiya borusu keçir. "Azərenerji” və "Azərişıq”-dan gələn məktubda isə qeyd olunub ki, ev və həyətyanı sahə bir tərəfdən 110 kV-luq (12 metrliyində), digər tərəfdən 6 kV-luq (1-4 metrliyində) elektrik xəttinin mühafizə zolağındadır.

Qurumların hər birindən göndərilən məktubda qeyd olunub ki, magistral boru və xətlər Mingəçevir Şəhər İcra Hakimiyyətinin həmin torpaqda fərdi ev tikintisinə Sərəncam verməsindən uzun illər əvvəldən mövcuddur.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bu məsələ məhkəmə tərəfindən hüquqi qiymətini aldığı üçün əlavə açıqlamaya ehtiyac görmürlər.

Bəs məhkəmələr bu işə hansı hüquqi qiymətini verib?

Məlum olub ki, bu işdə iddiaçı elə vətəndaş olub. Ötən il Şaiq Bəhmənli Şəki İnzibati Məhkəməsində dəymiş zərərin ödənilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinə qarşı evin tikintisinə görə 60 min, torpaq sahəsinə görə 25 min, mənəvi zərərə görə 15 min manatlıq iddia qaldırıb. İddia ərizəsində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini, Mingəçevir Sukanal İdarəsini, SOCAR-ı, Maliyyə Nazirliyini, "Azərişıq” və "Azərenerji”ni üçüncü cavabdeh şəxs kimi göstərib.

İddia ərizəsinin əsaslarına görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 2004-cü ilin iyulunda verdiyi 293 saylı Sərəncamla həmin torpaq sahəsi fərdi ev tikintisi üçün Ramiz Süleymanova ayrılıb.

2014-cü ildə Ramiz Süleymanov torpaq sahəsini Şamama İsmayılovaya satıb.

2015-ci ildə Şamama Hüseynovanın həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilib.

2017-ci ildə Şamama İsmayılova torpaq sahəsini Şaiq Bəhməniylə satıb. Şaiq Bəhmənli həmin ildə torpaq sahəsində yaşayış evi tikdirib. 18 fevral 2018-ci ildə fərdi yaşayış evinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırıb, dövlət reyestrindən çıxarış alıb.

2021-ci ildən başlayaraq müxtəlif qurumlara ünvanladığı məktublarda gələn cavabdan ona məlum olub ki, yaşadığı ev və həyətyanı sahə 100 faizlik mühafizə zolağındadır.

İddia ərizəsində göstərilib ki, Şaiq Bəhmənli icra hakimiyyətinə müraciət edərək dəymiş zərərin ödənilməsini istəsə də, qurum müraciəti nəzərə almayıb. Belə ki, icra hakimiyyəti vətəndaşa göndərdiyi imtina məktubunda göstərib ki, 2004-cü ildə verilmiş məlum sərəncam şəhər ərazisində vətəndaşların istifadəsində olan torpaq sahələrinin sənədləşdirilməsi üçün olub. Yəni, bu Sərəncamla heç bir fiziki şəxsə torpaq sahəsi ayrılmayıb. Ancaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi vətəndaşın mülkiyyət hüquqlarını qeydiyyata alıb, fərdi yaşayış evi üçün Çıxarış verib.

Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin mütəxəssisləri vətəndaşın mülkiyyət hüquqlarını qeydiyyata almamışdan əvvəl iki dəfə (2015 və 2017-ci illərdə) torpaq sahəsində olub, əraziyə baxış keçirərək kommunikasiya xətləri barədə akt tərtib edib, sahənin mülkiyyətə verilməsinə əngəl ola biləcək halları nəzərə alıb.

Mülki qanunvericilikdə vətəndaşa hər hansı bir əngəl nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulub. Ancaq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin mühafizə zolağına düşməsiylə ona hər hansı maddi və mənəvi zərər dəyməyib. Odur ki, iddiaçıya kompensasiya ödənilməsi üçün əsas yoxdur.

Şaiq Bəhmənli Qərardaddan narazı qalıb: "Hakim Qərardad çıxarıb ki, iddiaya baxmağa ehtiyac yoxdur, səbəbsə hələ hər hansı faciənin baş verməməsi və gələcəkdə dəyə biləcək zərər üçün kompensasiya verilməsidir. Dedi, nə vaxt hadisə baş verər və ya evin sökülməsi üçün tələb olarsa, onda da gəlib iddia qaldırıb, kompensasiya tələb edə bilərsən. Hətta məhkəməyə evin dəyər itirməsi, bu şərtlər altında satmağın mümkün olmamasını bildirdim. Hakim "maklerlər” vasitəsilə sata biləcəyimi bildirdi. Dolayısı yolla "vicdansız satıcı” olmağımı təklif edir. Apelyasiya şikayəti verdim, 7 dəqiqə çəkən məhkəmə iclasında hakim Şəki İnzibati Məhkəməsinin qərardadını qüvvədə saxladı”.

Şaiq Bəhmənli Ali Məhkəməyə müraciət edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook