SON XƏBƏR

Yeni rəisdən şikayət edənlər işdən qovulub

Avqust 01
11:12 2023
Göyçay Rayon Suvarma Sistemləri İdarəsinin ekskavator sürücüləri işdən çıxarılıb.

Sürücülərdən biri, Fəqan Şirinov Meydan TV-yə bildirib ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən çıxarıblar. Çünki öz ərizəsi ilə işdən çıxarılma tələbi ilə razılaşmayıb. Şikayətçinin sözlərinə görə, uzun müddətdir həmin idarədə sürücü kimi işləyirlər. İşdən çıxarılan digər 2 nəfər kimi o da indiyədək nöqsana yol verməyib.

"İdarənin əvvəlki müdiri Şakir Əhmədov təqaüdə göndərildi. Onun yerinə Orxan Mahmudov təyin edildi. Mahmudova qədər ekskavatorların yağı və filterləri idarənin hesabına dəyişdirilirdi. Biz yeni müdirə yağ və filterlərin təcili dəyişdirilməsini, əks halda 300 min manat qiyməti olan texnikaların sıradan çıxacağını bildirdik. O isə bizi məcbur etdi ki, yağı və filteri öz vəsaitimiz hesabına dəyişək”,- şikayətçi deyib.

F.Şirinovun sözlərinə görə, 6 sürücü Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət edib. Onlara problemlərinin tez bir zamanda həll olunacağı vəd edilib:

"Səhəri gün Orxan Mahmudovun göstərişi ilə idarədə iclas keçirildi və bizə öz ərizəmizlə işdən çıxmağımız təklif olundu. Heç birimizin əlavə qazanc yeri yoxdur, öhdəmizdə azyaşlı övladlarımız var. Amma baş idarəyə problemləri həll edəcəyini vəd edən Mahmudov əvəzində bizi işdən çıxardı”.

Şikayətçilər bildiriblər ki, Mahmudov 3 aydır müdir təyin edilib, artıq bir neçə qohum-əqrəbasını işə götürüb. Filter və yağın verilməməsinə etiraz edən işçiləri isə işə gəlməməkdə günahlandırıb.

Sürücülər bildiriblər ki, ötən ayın 7-dən 15-nə kimi işə çıxıblar. Texnikaların nasazlığı səbəbindən işləmədikləri günlərin pulu əməkhaqqına hesablanmayıb:

"Yeni müdir deyir ki, günəmuzd çalışırsız, işləmədiyiniz günün pulu hesablanmır. Halbuki indiyə kimi normal maaş almışıq, əmək müqaviləmiz də vaxtlı-vaxtında uzadılıb. Şikayətdən sonra həmkarlar qurumunun iclazı oldu, bizə dedi ki, səsinizi çıxarmayın, problemlər həll olunacaq. İclasda bir neçə nəfərə töhmət verdi, iclasdan sonra 3 nəfəri işdən çıxardı”.

İşçilər ASC-nin sədri Zaur Mikayılovdan baş verənləri nəzarətə götürmələrini və tədbir görmələrini istəyiblər.

Göyçay Rayon Suvarma Sistemləri İdarəsindən Meydan TV-yə bildiriblər ki, müdir hazırda yerində deyil və sualları yalnız o cavablandıra bilər. Bununla belə, Mahmudovun heç kimlə intriqa aparmadığını, sürücüləri isə keçmiş rəhbərlik tərəfindən öyrədildiyini, qanunsuz işə çıxmadıqlarını bildiriblər.

Meliorasiya və Su Təsərrüfatı ASC-dən məsələni araşdıracaqlarını deyiblər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook