SON XƏBƏR

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

Noyabr 12
01:45 2022
Asif Mehman "Kontakt Home” mağazalar şəbəkəsindən şikayətçi olan yüzlərlə müştəridən biridir. 

Demokrat.az xəbər verir ki, Asif Mehman şirkətdən şikayətini belə dilə gətirir: ""Kontakt Home”dan telefon alanda diqqətli olun, geri qaytarmaq mümkün olmayacaq. Deməli, 10 gün əvvəl "Kontakt Home”un "İnşaatçılar” filialından telefon aldıq, dostum üçün. Telefonda heç bir problem yox idi, sadəcə kamerası zəif idi. "Kontakt Home”da eyni qiymətə daha yüksək keyfiyyətli kamerası olan telefonla dəyişmək qərarına gəldik. Amma sağ olsunlar, başa saldılar ki, belə şey mümkün deyil. 14 gün ərzində məhsulun qaytarılması hüququ flan boş söhbətdir".

Asif deyir ki, filialın mağaza müdiri telefonun əmtəə görünüşünün pozulduğunu bildirib: "Daha doğrusu, telefonun arxasında mikroskopla görünən bir cızıq tapdılar. Bunu da əsas gətirdilər ki, məhsulun əmtəə görünüşü pozulub . Bizimlə bərabər digər müştəriyə də eyni sözləri deyib yola saldılar. Yəni, uzun sözü qısası "Kontakt Home”dan mal alanda bilin ki, qaytarmaq və ya dəyişmək mümkün deyil”.

"Bizə "Kontakt Home”dan şikayətlər yağış kimi "yağır". Elə bu gün 3 telefon zəngindən şikayət gəldi və onları dövlət orqanlarına yönəltdim”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Birlik sədri etiraf edir ki, bu şirkətl bağlı həddindən artıq böyük problemlər yaşanır: "Ümumiyyətlə, "Kontakt Home” qanunları ayağının  altına alıb gedir. "Kontakt Home”dan gələn şikayətlərin bəzilərinin məzmununu deyə bilərəm. Məsələn, istehlakçı görür ki, "şeş qoşa” oyunu oynanılır. Deyir ki, bəxtimi yoxlayım. "Şeş qoşa" oynayır, uda bilmir və gedir mal alır. Amma evə gedəndə aldığı mal xarab çıxır, istəyir onu dəyişdirsin. Lakin "Kontakt Home” üz tutanda, ona deyirlər ki, sən "Şeş qoşa” oynamısan, ona görə də aldığım mal qaytarılmır”.  

E.Hüseynov iddia edir ki, şirkət istehlakçıları aldatmaqla məşğuldur: "Bir sözlə, "Kontakt Home” bu prinsiplə işləyir: "Pulunu ver mənə, itil cəhənnəmə!”. Yəni, istehlakçıları aldatmaq üçün böyük yarış gedir. Bunun qarşsını almaq üçün ciddi işlər görmək lazımdır. Hətta, sonuncu ərizədə "Kontakt Home” sahibinin deputat olduğu göstərilir. Həmin deputatın köməkçisinə də zəng vurdum. Dedim, "qardaş, bu işləri həll edin". Heç o da əhəmiyyət vermədi. Axırda şikayəti İqtisadiyyat Nazirliyinə göndərdim. Yaxşı olar ki, bu deputat bir çarə qılsın buna. Bu, biabırçılıqdır. Bütün bunun da səbəbi odur ki, qanunlar zəifdir. İstehlakçıların hüquqların müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Ondan bəri qanunda dəyişiliklər aparılıb və hamısı da istehlakçının zərərinədir. Dövlət qurumları, deputatlar buna əhəmiyyət vermir. Xüsusən, "Kontakt Home”dan böyük texniki mallardan şikayətlər gəlir. Şirkət bu şikayətlərə birmənalı şəkildə əhəmiyyət vermir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook