Sabunçu İH soyadlarla bağlı özündən yeni qanun çıxarıb? (ŞİKAYƏT)
Noyabr 22
16:02
2022
Bakıda vətəndaş yeni doğulan uşağına istədiyi soyadı yazdıra bilmir.
"Oğlum yenicə dünyaya göz açıb. Mən atamın adını oğluma soyad qoymaq istəyirəm. Atamın adı Əkrəm, oğlumun adı isə Fatehdir. İndi istəyirəm oğlum sənəddə Fateh Əkrəm kimi getsin. Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etdim. Qurumdan mənə bildirdilər ki, "uşağın 18 yaşına kimi qanun buna yol vermir”. Bu problem olduğundan uşağın sənədləşmə iş də uzanır".
Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, yaranan problem Ailə Məcəlləsinin 53.3 maddəsi ilə tənzimlənir:
"Orada yazılıb ki, uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda onların razılığı ilə atanın, yaxud da ananın soyadı verilir. Adın, ata adının soyad verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunur. Və valideynlər arasında uşağın ad və soyadına razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanları tərəfindən həll olunur. Nazirlər Kabineti tərəfindən 12 may 2011-ci il tarixli 74 saylı qərar var. Qərarın adı belə gedir: "Ad və ata adının, soyadın verilməsi və dəyişdirilməsi qaydalarının təsdiq edilməsi". Nə Ailə Məcəlləsində, nə də qaydalarda bu məsələ həllini tapmayıb”.
Vəkil əlavə edib ki, Ailə Məcəlləsinin 53.3 maddəsinə əsasən, uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir:
"Yəni, fərqli də ola bilər, bunu valideynlər müəyyən etməlidir. Bu baxımdan da ona hansısa məhdudiyyətin qoyulmasını məqbul hesab etmirəm”.
Qlobal.az