Kəlbəcərin azadlığından iki il ötür
Noyabr 25
00:15
2022
Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən 2 il ötür.
Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb.
60 min kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub.
İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və sair talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.
İşğaldan azad edildikdən sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib:
"Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər.
Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.