"Tərtər işi": Nəcməddin Sadikov və Hikmət Həsənov istintaqa cəlb ediləcək?
Dekabr 20
11:57
2021
Son illər ölkə gündəminin ən çox müzakirə olunan məsələlərindən biri olan "Tərtər işi” ilə bağlı sensasion sayıla biləcək xəbər yayılıb. Məlumata görə "Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb və baş verənlər yenidən araşdırılacaq.
2017-ci ildən bu günə qədər "Tərtər işi” ilə əlaqədar həbs edilən hərbiçilərin yaxınlarının, işgəncələr nəticəsində dünyasını dəyişənlərin ailə üzvlərinin, təzyiqlərə məruz qalmış, ordudan qovulmuş hərbçilərin ifadələri mövzunu daim aktual saxlayırdı. "Tərtər işi”nin yenidən araşdırılması, həqiqi günahkarların ortaya çıxarılması ilə bağlı ölkə rəhbərliyinə dəfələrlə müraciətlər edilirdi.
Bu gün də ciddi müzakirə mövzusuna çevrilən yeni xəbərlə bağlı musavat.com-a danışan hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov maraqlı məlumatlar bölüşüb.
Polkovnik qeyd edib ki, bir qrup ehtiyatda olan yüksək rütbəli zabitlər, hərbiçilər ölkə başçısına müraciət edib: "Məndə olan məlumata görə həmin hərbiçilər öz imkanlarından istifadə edərək bu məsələni Ali Baş Komandana çatdırıblar. Ölkə başçısı səviyyəsində bu işin ciddi şəkildə yenidən araşdırılması barədə göstəriş verilib”.
Üzeyir Cəfərov bildirib ki, bu işlə bağlı nöqsanı olan şəxslər vəzifəsinə və bu günə qədərki xidmətlərinə baxmayaraq cəzalandırılmalıdır: "2017-ci ildən bu günə qədər həm ölkə daxilində, həm də bir çox xarici dairələrdə müzakirə mövzusu oldu. Bu işin yenidən araşdırılması, günahı olan şəxslərin cəzalandırılması, günahsızların bəraət alması ölkədə vətəndaşların dövlətə olan inamını daha da artıracaq. Bu, həm də çox gözəl bir haldır ki, insanlar ölkə daxilində ədalətin bərpasına nail ola bilirlər.
Mən həmin hadisələrin şahidi olmamışam, amma bu işə cəlb edilən bəzi şəxslərin bəraət aldığını, günahsız olduğunu gördük. İşin yenidən araşdırılması bir çox məsələlərə aydınlıq gətirəcək. Təəssüf ki, bəzi şəxslər şəxsi intriqalarını, məqsədlərini ortaya qoyurlar”.
Hərbi ekspert deyib ki, istintaq başa çatmadan əvvəl belə fikirlər səsləndirilməsi doğru olmaz: "Bir daha onu qeyd edim ki, ortada bir cinayət, nöqsan varsa, əvvəlki xidmətlərinə, vəzifəsinə baxmayaraq həmin şəxslər mütləq şəkildə cəzalandırılmalıdır.