SON XƏBƏR

YAP üzvündən dövlət rəhbərliyinə şikayət: ""Marbel Construction" MMC firavanlığımı qəsdən pozur" - VİDEO

Fevral 05
09:04 2024
Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 33Q ünvanında yaşayan Məsumova Şəfiqə Bəhlul qızı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. 
 
Qlobal.az Şəfiqə Məsumovanın müraciətini təqdim edir:

"Mən, Məsumova Şəfiqə Bəhlul qızı 1999-cu ildən Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, Məzahir Məmmədov adına 37 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Vətənə, millətə layiq savadlı gənclərin yetişməsində bir vətəndaş-müəllim kimi öz vəzifə borcumu layiqincə yerinə yetirirəm.
Ümumilikdə 33 illik pedaqoji stajım var. 2000-ci il tarixindən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm.
 
2003-cü il tarixindən Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 33Q ünvanında oğlum Nurlan Məsum və Hacılı Lamiyə ilə qeydiyyatdayıq və hal-hazırda iki azyaşlı nəvəm də bizimlə yaşayır. Yaranmış təhlükəli vəziyyətlə bağlı qızım və nəvələrim başqa yerdə yaşamağa məcbur olublar. Ailəmin rahatlığı, əmin-amanlığı, sağlam muhitdə yaşamaq hüququ əlimizdən alınıb. Bunun səbəbkarı özlərini əvvəllər "Çardağ", daha sonra "Marbel Construction" Məhdud Məsuliyyətli Cəmiyyət kimi təqdim edən MTK-dır. Adı çəkilən MTK işçiləri heç bir yazılı bildiriş göndərmədən Nazirlər Kabinetinin ləğv olunmuş 86 saylı qərarını əsas gətirərək qeyri-qanuni söküntü işləri ilə məşğuldurlar. Qəsdən və qərəzli şəkildə yaşadığım evin ətrafında narahatlıq yaradıb, telefon, su, kanalizasiya xətlərinə zərər vurulur. Hətta su xətlərinin dəfələrlə zədələnməsi nəticəsində günlərlə su yola axıb və evimin altına su dolub.
 
Söküntünün qalıqlarını hər gün məktəbə gedib-gəldiyim yola və evimin qarşısına tökmüş, indi isə evimin qarşısını heç bir haqları və əsasları olmadan taxta konstruksiya ilə hasarlayıblar. 27 Yanvar 2024 tarixində evimin qarşısında qanunsuz hasarlama üçün dirəklərin basdırılmasına etirazımı bildirdikdə isə "Hara istəyirsən, şikayət et!"- dedilər. Taxta hasarlar tezalışan təhlükə mənbəyi olmaqla yanaşı qapalı, kimsəsiz bir yerdə yaşamaqdan, şirkət tərəfindən ailəmə, evimə qarşı hər hansı bir təhlükənin, təxribatın törədiləcəyindən narahatam. Mərkəzi yola çıxmaq üçün istifadə etdiyimiz piyada yolunu bağlayıb, öz məqsədləri üçün maşın yolunu açıq saxlayıblar. Öz evimizdə rahat yaşamağa bilərəkdən maneçilik yaradılır.
 
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin normal şəraitdə, sağlam ətraf mühitdə yaşamaq hüququ var. Adı çəkilən (Marbel Construction) MTK bizi normal yaşamaq hüququmuzdan məhrum edir.
 
Yeni Azərbaycan Partiyasının üzvü olaraq hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində belə "işgüzar" sahibkarlar öz qeyri-qanuni hərəkətləri ilə dövlət başçısının nüfuzuna, apardığı siyasətə əks mövqe tutaraq, vətəndaşların sosial rifahına, firavanlığına xələl gətirirlər.
 
Yuxarıda qeyd olunanları nəzərə alaraq bu özbaşınalığın qarşısını almaq üçün demokratik Azərbaycan Respublikasının vətəndaşı, bir müəllim, bir ana, bir qadın olaraq bununla bağlı müvafiq qəti tədbirlərin tərəfinizdən görülməyini xahiş edir, evimin hasarlanaraq blokada şəraitinə salınmasının qarşısının alınması üçün sizə müraciət edirəm.
 
Müdrik siyasətçi, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ordunun Müzəffər Ali Baş Komandanı möhtərəm prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva vətən uğrunda canından keçən şəhid və qazi ailələrinə etimad göstərmiş, öz diqqət və qayğılarını əsirgəməmişlər. Şəhid Elçin İsaqzadənin yaxın qohumu kimi dəyərli prezident İlham Əliyev və xanımı Mehriban Əliyevadan kömək istəyirəm".
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook