SON XƏBƏR

"Yeganə günahım bayraqdakı ağaca yarpaq çəkməyim idi..."- Poeziya

Dekabr 17
22:01 2016
Laçın Nəcəfzadə Rusiyada yaşayan həmyerlimizdir. Əslən Qərbi Azərbaycandandır. Uzun zamandan bəri aktual mövzu və siyasi çalarda sərbəst şeirlər yazan Laçın Nəcəfzadənin şeirləri ilk dəfədir saytımızda dərc olunur. Laçın Nəcəfzadə ilə geniş müsahibəni yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. 
 
İndi isə L. Nəcəfzadənin "Diapauza" şeirlər silsiləsində iki şeir parçasını təqdim edirik:
 
 
Sənə görə sevirdim partiyanı
sənə görə sevirdim yarpaqsız ağacları
Sənə görə hər gün rəsmi xronikalara baxırdım
tam ciddiyətimlə
 
gözlərim yaxşı görsə də eynək taxırdım
qulaqlarım yaxşı eşitsə də 
stulumu televizora daha yaxın çəkirdim
 
dodaqlarımdan qopa biləcək 
təbəssümü görməyəsən deyə
çənəmi ovcuma alırdım
 
süzdüyün çay soyuyub zibilə dönürdü hər axşam
susurdum...
 
diqqətini ayırmaq istəmirdim
illik hesabatlardan
 
rəqəmlər beynimə
ürəyimə
qaraciyərimə
mədəmə axırdı
qusurdum...
 
heç bunu da demirdim sənə
 
heç xəbərin də yoxuydu
pişiyimizin neçə bala doğduğundan
 
maşınımızın rəngini
modelini də dəyişmişdim
sən isə 
hər səhər işə gedəndə 
benzin iyinin hardan gəldiyini soruşurdun
 
səni bu qədər sevirdim
səni bu qədər bağışlayırdım
 
sən isə məni sevə bilmədin 
sən isə məni bağışlaya bilmədin
nə olardı...
 
yeganə günahım
bayraqdakı ağaca yarpaq çəkməyim idi...

*** 
Yollara tökülmüş baxışlarının
üzərindən asfalt basdı "Azəryolservis"
 
bir az səbirli ol sevgilim
 
mən bilirəm 
bunlar yol yox
bizimlə prinsip çəkirlər
sənin sevgi dolu baxışlarını məndən gizlədirlər
daha doğrusu
gizlətməyə çalışırlar
 
Amma bacarmayacaqlar... 
 
Çünki bunların ürəklərində sevgi
təpər
hünər olmadığı kimi
asfaltlarında da mastika yoxdu
 
Bir az səbirli ol sevgilim
bir qışlıq
bir yaylıq demirəm
bir yağışlıq səbrin olsun sevgilim.
 
Qlobal.az
loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook