SON XƏBƏR

Yaşar Əliyev: “3 il danışmaq qabiliyyətimdən məhrum olmuşam”

İyul 05
09:43 2018
"Dünəndən dostlar 70 yaşımın tamam olması münasibətilə təbrik edirlər. Çox sağ olsunlar”

"70 rəqəmi kimlər üçünsə böyük görünür. Amma məni qorxutmur. Əksinə, geriyə baxanda içimdə rahatlıq hissi yaranır. Demək 70 ilə qədər ömrü hədər yaşamamışam”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev 70 illik yubiley yaşından danışarkən deyib.

Yaşar Əliyevin sözlərinə görə, hər bir insan yaş artdıqca, Tanrıya təşəkkür etməlidir:

"50 yaşdan sonra gələn ömrə sevinmək lazımdır. Qocalıq qorxulu xəstəlik deyil. Qocalığın özü də insan ömrünün bir hissəsidir. Düzdü, mənim də həyatımda müəyyən çətinliklərim olub. 8 il insultdan əziyyət çəkmişəm. Demək olar ki, 3 il danışmaq qabiliyyətimdən məhrum olmuşam. Bütün bunlara baxmayaraq, həyatı və insanları sevirəm. 4 nəvəm var. Onların müasir düşüncəli olmaları məni sevindirir”.

Keçmiş diplomat siyasi prosesləri izlədiyindən də söz açıb.

"Vaxtilə ictimai-siyasi proseslərdə olmuşam. Bilirsiz ki, həmin vaxtlar çox çətin idi. İndi şükürlər olsun ki, o çətinlikləri geridə qoymuşuq. Təbii, keçmiş diplomat kimi siyasi gedişatları izləyirəm. Uzun illər Çin Xalq Respublikasında səfir kimi fəaliyyət göstərmişəm. Onu da deyim ki, qürbət ölkədə vətəni təmsil etmək asan deyil. Bütün prosesləri bilməlisən. Amma ümidliyəm. Dağlıq Qarabağın işğaldan azad olunacağı gün uzaqda deyil. Dövlət başçımız bu istiqamətdə səylərini əsirgəmir. Qarabağın azad edilməsinə gedən yolda bir neçə qələbə yaşadıq. 2016-cı ildə yaşanan aprel döyüşlərini unutmadıq. Başqa nə deyə bilərəm ki! Xalqıma və dövlətimə ancaq qələbə yaraşır”.

Yaşar Əliyev 1948-ci ildə iyulun 5-də Bakıda anadan olub. 1966-cı ildə Bakı şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub və 1971-ci ildən oranı bitirərək həkim ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1972-ci ilin yanvar ayından Zaqulba sanatoriyasında həkim kimi başlayıb, 1975-ci ilin oktyabr ayından 1979-cu ilin may ayınadək Bakı şəhəri Əzizbəyov rayon Komsomol Komitəsinin II katibi vəzifəsində çalışıb. Sonrakı əmək fəaliyyəti Semaşko adına xəstəxana ilə bağlıdır. Burada 1982-ci ilin dekabr ayına kimi cərrahiyyə şöbəsində həkim, sonra isə baş həkimin müavini və 1984-cü ilin mart ayından xəstəxanasının baş həkimi işləyib.

1990-cı ildə Azərbaycan SSRİ XII çağırış Ali Sovetinin deputatı, 1992-ci ildə isə Milli Məclisin 50 nəfərlik üzvündən 1-i seçilib. 1994-cü il oktyabrın 14-dən əmək fəaliyyətini Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, 1995-ci il I çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilərək, Milli Məclis sədrinin müavini kimi fəaliyyət köstərib.

2002-2012-ci illərdə   Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.

20-dən çox elmi əsərin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook