SON XƏBƏR

Türkiyə səfiri: "Gəncə hadisələrini törədənlərin ən sərt şəkildə cəzalandırılacaqlarından əminəm”

İyul 12
13:56 2018
"Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər növünü qəti şəkildə qınayırıq”.

Bunu APA-ya müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Türkiyənin illərdir terrordan əziyyət çəkən ölkə olduğunu vurğulayan səfir bildirib ki, bu səbəblə Türkiyə terrorun nə ilə nəticələndiyini, nə demək olduğunu yaxşı anlayır: "Gəncədəki hadisələr nəticəsində ölən iki polis əməkdaşına Allahdan rəhmət, ailələrinə, o cümlədən Azərbaycan xalqına başsağlığı diləyirəm. Azərbaycanın varlığına xələl gətirmək istəyən həmin terrorçulara qarşı ən sərt şəkildə cəza tədbirlərinin görüləcəyindən və əməllərinə görə layiqli cavab alacaqlarından əminəm”.

Qeyd edək ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook