SON XƏBƏR

“Şəki və onun tarixi hissəsi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi müzakirə olunub

İyul 11
10:39 2017
UNESCO-nun Ümumdünya İrs Komitəsinin Polşanın Krakov şəhərində keçirilən 41-ci sessiyası işini davam etdirir. İyulun 10-da keçirilən sessiyada komitə mühafizə olunan mədəni və təbii obyektlərin Ümumdünya İrs Siyahısına təqdim edilən nominasiyalarını nəzərdən keçirib.
 
Azərbaycan tərəfindən "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyası Ümumdünya İrs Siyahısına daxil edilmək üçün təqdim olunub.
 
Sessiyada ölkəmizin təqdim etdiyi nominasiyanın müzakirəsindən əvvəl komitə üzvlərinə Şəki şəhəri haqqında ətraflı məlumat verilib, onun tarixi hissəsinin qədim İpək Yolunun üzərində yerləşdiyi və Azərbaycan memarlıq sənətinin incilərindən biri olduğu bildirilib.
 
Müzakirələr zamanı Ümumdünya İrs Komitəsinin üzv ölkələrinin əksəriyyəti məşvərətçi qurum olan İKOMOS-un mövqeyi ilə razılaşmayaraq, Şəkinin müəyyən edilmiş kriteriyalar üzrə ümumdünya irsi sayılmağa layiq olduğunu diqqətə çatdırıblar.
 
Sonda UNESCO-nun Ümumdünya İrs Komitəsi tərəfindən "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya faylı ilə bağlı "referral” qərar verilib. Yəni obyektiv olaraq abidənin müstəsna universal dəyəri Komitə tərəfindən bu mərhələdə tanınır və mühafizə, eləcə də digər məsələlərin həlli üçün Azərbaycan tərəfinə vaxt verilir.
 
Qeyd edək ki, hazırda "İçərişəhər” Memarlıq Kompleksi və "Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır.
 
UNESCO-nun Ümumdünya İrs Komitəsinin Krakov şəhərində keçirilən 41-ci sessiyası iyulun 12-dək davam edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook