SON XƏBƏR

“Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri Quba rayonunda olublar

Mart 13
02:48 2017
ABŞ-ın müxtəlif ştatlarında çoxsaylı tədbirlər təşkil edən "Salaam Şalom Qardaşlığı” antisemitizm və islamafobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət təşkilatın üzvləri martın 12-də Quba rayonunda olublar.
 
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə təşkilat üzvləri Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbəni gəziblər. Qəsəbədəki yəhudi qəbiristanlığını ziyarət edən qonaqlar ardınca "Altı günbəz” sinaqoqunda olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Qırmızı qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
 
"Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri Qırmızı qəsəbədə yəhudilərin hər il qeyd etdiyi Purim bayram şənliyində də iştirak ediblər. Milli mədəniyyət mərkəzində keçirilən tədbirində təşkilatın nümayəndəsi xanım Şeril Olitzkiy və Atiya Aftab çıxış edərək Azərbaycanının dünyaya nümunə sayılacaq multikultural dəyərlərə, tolerantlıq mühitinə malik olduğunu vurğulayıblar. Bildirilib ki, burada müxtəlif dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayırlar, bir-birilərinə hörmət və qayğı ilə yanaşırlar.
 
Yəhudi və müsəlman qadınlardan ibarət təşkilatın üzvləri günün ikinci yarısında Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı da ziyarət ediblər.
 
Onlara məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
 
Məlumat verilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
 
Qonaqlar gördüklərindən təsirləndiyini bildirib, buradakı xatirə kitabına ürək sözlərini yazıblar.
 
"Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri Qubadakı zəngin memarlıq üslubuna malik, 1802-ci ildə tikilən Cümə məscidində və xalçaçılıq müəssisəsində də olublar.
 
Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook