Rəqiblərindən revanş: Vüsal Novruzov Tovuz Gömrük İdarəsinə "sürgün" olunur - İDDİA
Oktyabr 10
23:11
2017
Gələn
il ölkədə Prezident seçkiləri keçiriləcək. Buna görə də hakimiyyət bir çox sahələrdə artıq genişmiqyaslı
islahatlara start verib. Son günlər ölkənin teleməkanında aparılan kadr dəyişiklikləri
də hakimiyyətin planladığı böyük islahat dalğasının kiçik elementidir. Dövlət
başçısı İlham Əliyev cənablarının Nazirlər Kabinetinin 2017-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında etdiyi çıxışında da bunu sezmək mümkün idi. Qeyd edək
ki, regionda gedən siyasi proseslərdən, ölkədə aparılan iqtisadi uğurlardan
danışan Prezident çıxışının sonunda iqtisadi uğurları daha da sürətləndirmək
üçün islahatların qaçılmaz olduğunu vurğulayıb.
Qlobal.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ölkədə
ciddi islahatların aparılacağı sahələrdən biri də gömrük sistemi olacaq. Artıq
gömrükdaxili qruplaşmalar dövlət başçısının bu məsələdə qətiyyətli qərarından
ciddi əndişə keçirməkdədirlər. Gömrük sistemində aparılacaq islahatların
miqyası geniş olmaqla yanaşı, həm də əsaslı olacaq. Burada struktur dəyişikliyi
ilə bərabər, ciddi ixtisarların da aparılaçağı gözlənilir. Məhz buna görə də,
gömrükdəki qruplaşmaların uzun illərdən bəri apardıqları amansız iqtisadi mübarizə
indi daha da genişlənməkdədir. Son zamanlar ölkəyə gətirilən kərə yağlarının
keyfiyyətsiz və qiymətinin baha olması, gömrük keçid məntəqələrində insanların
incidilməsi barədə informasiyaların artması və medianın gündəmindən düşməməsi də
gömrük "boss”larının bir-birilərinə qarşı apardıqları mübarizənin əlamətidir.
12 postu olan generala bir post?
Gömrükdə aparılacaq islahatların labüdlüyünü nə qədər çətin olsa da qəbul
edən gömrükdaxili qruplaşmalar yaranmış situasiyadan istifadə edərək rəqiblərini
bitirmək istəyirlər. Bu məqsədlə də bir qrup digər qrupu nəyin bahasına
olursa-olsun zəiflətmək istəyir. Bu gün gömrükdə gedən prosesləri izləyən
normal informasiyalı müşahidəçi strukturda əhəmiyyəli vəzifələr uğrunda gedən
amansız mübarizəni görməyə bilmir.
Qlobal.az-ın əldə etdiyi məlumata görə, Gömrük Komitəsində aparılacaq
islahat dalğasının ilk vuracağı şəxs Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal
Novruzov olacaq. Qeyd edək ki, 12 gömrük postu olan Bakı Baş Gömrük İdarəsi
Gömrük Komitəsinin ən nəhəng idarələrindən biridir. Vüsal Novruzov isə neçə
ildir ki, bu idarəyə rəhbərlik edir. Onun bu illər ərzində on milyonlarla
dollarlıq kapital topladığı deyilir. Əyləşdiyi idarəsinin əzəməti ilə hətta
Gömrük Komitəsini geridə qoyan Vüsal Novruzovun xeyli sayda ciddi rəqiblərinin
olması təbiidir.
Vüsal Novruzovun Bakı Baş Gömrük İdarəsinə uzun illər rəhbərlik etməsinin
bir səbəbi onun Fövqaladə Hallar naziri Kəmaləddin Heydərova yaxın olmağıdırsa,
digər səbəbi də çoxsaylı rəqiblərinin indiyədək ona qarşı pərakəndə və əlaqəsiz
mübarizə aparmaqları olub. Ancaq indi keçmişlə müqayisədə vəziyyət xeyli mürəkkəbdir.
Dünənədək Novruzova qarşı həm də bir-birilərinə rəqib olanlar, bu gün artıq
vahid məqsəd uğrunda vahid komandada birləşməyə üstünlük veriblər.
Rəqiblərin "konseyi” Novruzova hansı "sürprizi” hazırlayır?
Əzəmətliliyindən əlavə, həm də dənizə olan panoraması ilə iki ulduzlu
gömrük generallarının da həsəd apardığı Bakı Baş Gömrük İdarəsinin rəisi həsrətlə
intizarda olduğu fövqəlyüksəliş əvəzinə əyalətə "sürgün” oluna bilər. Artıq bu
barədə bir neçə gün əvvəl ölkənin bir sıra elektron media orqanlarında məlumatlar
da tirajlanıb. Həmin məlumatlarda Vüsal Novruzovun Tovuz Gömrük İdarəsinə rəis
göndəriləcəyi iddia olunub.
Qlobal.az bu məlumatın ciddi əsaslarının olduğu barədə informasiyalar
əldə edib. Əldə etdiyimiz məlumatları özlüyümüzdə təhlil edərkən, doğrudan da
Vüsal Novruzovun rəqiblərinin nə dərəcədə ciddi kombinasiyalar qurduğunun şahidi
oluruq. Belə ki, bildiyimiz kimi, ölkənin gömrük keçid məntəqələrinin içərisində
ən bərbadı Tovuz Gömrük İdarəsinin tabeçiliyində olan Sınıq Körpü gömrük məntəqəsidir.
Hətta bir müddət öncə torpaqlarımızın müdafiəsi uğrunda əzalarını itirmiş bir
qrup qazi bu məntəqədə baş verən dərəbəyliyə, haqsızlığa etiraz olaraq protezlərini
yandırmışdılar. O zaman bu hadisə mediada da işıqlandırıldı.
Vüsal Novruzovun paytaxtın ən guşənişin yerindən bu cür mənfi imicli
yerə təyin olunmağı əlbəttə ki, sözün əsl mənasında "sürgündür”.
Baş verə biləcək təyinatdan xəbərdar olan Vüsal Novruzova isə bu təyinatın
əsl səbəbini onun peşəkar olmağı, yalnız onun Tovuz Gömrük İdarəsində ciddi
nizam-intizam, qayda-qanun yarada biləcəyi ilə izah edirlər. Ancaq Vüsal
Novruzov da uzun illərdən bəri yığdığı təcrübəyə əsaslanaraq, baş verəcək təyinatın
əslində rəqiblərinin ona hazırladığı "torba” olacağını düşünür.
Bu təyinat onun gözlədiyi yüksəliş yox, əksinə tənəzzüldür. Çünki Bakı
Baş Gömrük İdarəsindən Tovuz Gömrük İdarəsinə rəis göndərilən Vüsal Novruzovla
Komitənin aparatı arasında tək fiziki məsafə yox, həm də siyasi məsafə
yaranacaq. Ki, bu da amansız rəqibləri qarşısında təklənmiş cənab generalın
çiynindəki ulduzun da əbədi olaraq yalqız qalacağına işarədir.
Saytımızın əldə etdiyi məlumatda Bakı Baş Gömrük İdarəsinin yeni rəisinin
kimliyi barədə də iddialar yer alır. Belə ki, məlumata görə, Bakı Baş Gömrük
İdarəsinə hazırda Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov təyin ediləcək.
Qeyd edək ki, Mehman Sadıqovun Gömrük Komitəsinin sədr müavini Əsgər
Abdullayevlə yaxın münasibətlərinin olduğu deyilir.
Səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə
hazırıq.
Qlobal.az