SON XƏBƏR

REAL və AXCP arasında “satqın” axtarışları - YAP-dan REAKSİYA

Aprel 11
09:28 2019
Son zamanlar müxalifət qurumları olan Respublikaçı Alternativ Partiyası (REAL) və Milli Şura üzvləri (konkret AXCP-çilər) arasında gərginlik müşahidə olunur.

AXCP REAL-ı hakimiyyətə işləməkdə, satqınlıqda suçlayır. Sosial şəbəkələr və mətbuat üzərindən özünü göstərən kəskin münasibətlər, söz atışması artıq təhqirlərə keçib. REAL üzvləri ilə AXCP-çilər arasında gərginliyin, onların söz davasına çıxmağının, qarşılıqlı təhqirlərə əl atmağının səbəbi nədir?

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a bu barədə danışıb. Onun fikrincə, həm REAL, həm də Milli Şura üzvləri öz şəxsi mənafeləri üçün fəaliyyət göstərirlər:

"Əvvəlki açıqlamalarımda İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı canfəşanlıq edənlərə bir ay müddət vermişdim. Çünki bilirdim, onlar üçün İlqar Məmmədov lazım deyil, sadəcə şou düzəltmək lazım idi. Onun adından istifadə edirdilər.

İstənilən şəxs, blogerlər, digərləri törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunublar. Sadəcə kim hansısa partiyanın üzvüdürsə, peşəsi nədən ibarətdirsə, bundan sui-istifadə edib, Azərbaycana qarşı təzyiq yaratmağa cəhd edirdilər. Onlar üçün bu şəxslər maraqlı deyil. Azadlığa çıxandan 1 ay-15 gün sonra tamamilə onlar üçün əhəmiyyətsiz insanlardır, bir dəfə onun adından istifadə etdilər, artıq istifadə etməyəcəklər”. 

S. Novruzov xatırladıb ki, vaxtilə Milli Şurada bəzi insanlar vəsait toplayırdılar:

"Bir neçə il əvvəl bəzi səfirliklərdən xəbər çıxdı ki, xaricdə sığınacaq almaq üçün saxta möhür vururlar, guya bu adam filan partiyanın üzvüdür. Saxta siyasi ad alıb, ölkədən çıxmağa cəhd edirdilər. Hətta xaricdə yaşayan biznesmenlərlə əlaqə qururdular ki, özləri üçün maliyyə dəstəyi alsınlar, xaricdə yaşayıb, biznes şəbəkəsini açsınlar. Bunların hamısının şahidi olmuşuq.

REAL yaxud Milli Şura onsuz da eyni şeylərdir. Burada şəxsi maraqlar uğrunda mübarizə gedir. Belə mübarizə 1990-cı ildən bu tərəfə olub və bundan sonra da davam edəcək. O ki, qaldı üzvlər arasında bir –birinə qarşı münasibətlərə, hansı təşkilatın ki, böyüyü-kiçiyi, normativ proqramı, istiqaməti yoxdur, ondan nə gözləmək olar? Onlar xalq üçün, millət üçün neynəyə bilərlər? Yalnız şəxsi maraqlar üçün çalışan insanlardırlar. Bu qurumlar siyasi təşkilat, hər hansı hərəkat deyil. Onlar sadəcə dərnəkdirlər. Dərnək üzvündən də nə desən gözləmək olar”.

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə qeyd edib ki, üzvü olduğu partiyanın nə Milli Şura, nə də Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bölünəcək bir şeyi var:

"REAL tərəfindən səsləndirilən açıqlamalar bizə qarşı hücumlara əks reaksiya idi. Hücumların səbəbi müxtəlif ola bilər. Fikrimcə, əsas səbəb siyasi paxıllıqdan, qısqanclıqdan irəli gəlir. Çünki REAL nümayəndələrinin beynəlxalq görüşlərə, əhəmiyyətli tədbirlərə dəvət alması görünür, Milli Şuradakı dostlarımızın qıcığına səbəb olub.

Onların bu kampaniyasının arxasında REAL-ın beynəlxalq, daxili nüfuzuna zərər vurmaq dayanır. Təəssüfləndirici və ürəkağrıdıcı faktdır. REAL rəhbərliyinə daxil olan şəxslərin – mənim və Erkin Qədirlinin Avropa Birliyinə daxil olan şəxslərlə görüşləri, dünən İlqar Məmmədovun Avropa Şurası Parlament Assambleyasındakı yaxşı çıxışı onu göstərir ki, REAL-ın nüfuzu getdikcə artır. Bunu həzm etməyənlər var”. 

AXCP sədrinin müavini Gözəl Bayramlı isə təhqiredici ifadələrin səsləndirilməsinə qədər gedib çıxan hal müşahidə etmədiyini vurğulayıb:

"Mən AXCP funsioneri olaraq deyə bilərəm ki, heç bir AXCP üzvü REAL-ın hər hansı funsionerini tənqid edən yazı yazmayıb. Tənqid, polemikalara normal yanaşıram. Hər kəsin mövqeyi var, fikir ayrılığı ola bilər.

Buna da normal yanaşmaq lazımdır. Təhqirə qədər gedib çıxan hadisə yaşanmayıb. Kimsə polemikalarda təhqiredici ifadələrə yol veribsə, buna ancaq təəssüf etmək olar”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook