SON XƏBƏR

Putin Paşinyana legitimlik verdi: Gərginliyə son, yoxsa? - TƏHLİL

Yanvar 16
09:18 2019
Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı Ermənistanın baş naziri seçilməsi münasibəti ilə təbrik edib.

Məktubunda V.Putin iki ölkə arasındakı münasibətlərin yaxşı dostluq ənənələrinə və qarşılıqlı hörmətə əsaslandığını qeyd edib. Rusiyanın dövlət başçısı Ermənistanla müxtəlif sahələrdə səmərəli əməkdaşlıq təcrübəsi əldə edildiyini vurğulayıb. 

Putinin Paşinyanı təbrik etməsi siyasi müşahidəçilərin diqqətini cəlb edib. İkitərəfli münasibətlərin soyuq olduğu bir dönəmdə, Putinin Paşinyanı ilk təbrik edənlər sırasında yer alması mövcud gərginliyin aradan qalxmasından xəbər verirmi? 

V.Putin ötən il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərindəki qələbə münasibəti ilə Paşinyanı protokol qaydasında təbrik etməmişdi. Halbuki, V.Putin N.Paşinyan hökuməti tərəfindən həbs edilmiş sabiq prezident R.Koçaryanı həm ad günü, həm də yeni il bayramı münasibəti ilə təbrik edib. Eləcə də Rusiya prezidenti "məxməri inqilab” yolu ilə devrilmiş eks-prezident Serj Sarkisyanın da yeni il bayramını təbrik edib. Bu isə inqilabdan sonra baş nazir Nikol Paşinyanla Kreml arasında mövcud olan gərginliyin daha artmasına təkan verdi. 

Ancaq indi V.Putinin N.Paşinyanı baş nazir seçilməsi ilə əlaqədar təbrik etməsi münasibətlərin yumşaldılması üçün yeni pəncərə aça bilər. Çünki V.Putinin məktubu indiyə qədər Paşinyan hakimiyyətini qəbul etməyən Moskvanın mövqeyində dəyişiklik kimi də qiymətləndirilə bilər. Yəni Rusiya artıq N.Paşinyan hakimiyyətinin legitimliyini tanıdığını rəsmən elan etdi. Bundan sonra yəqin ki, Rusiya Ermənistanda əsas diqqəti hakimiyyətdə kimin olmasına deyil, strateji maraqlarının müdafiəsinə və ikitərəfli münasibətlərdə yaranmış problemlərin çözülməsinə yönəldəcək. 

"Artıq Ermənistanda yeni status-kvo mövcuddur və Rusiya ilə əlaqələrin inkişafı bundan asılı olacaq. Erməni analitik Akop Badalyanın fikrincə, Putin "bizim dialoqumuz” dedikdə birgə işləməyi nəzərdə tutur. Dialoq isə bundan sonra hər iki subyekt arasında aparılacaq. Keçmişdə isə Rusiya-Ermənistan dialoqu daha çox monoloq kimi idi. 

Ermənistan və Rusiya üçün dialoq rejiminə öyrəşmək vaxtıdır və bu, artıq qazın qiymətinə dair danışıqlarda özünü göstərir. Çoxları bunu Rusiya prezidentinin öz dostu Robert Koçaryana görə qisas almaq cəhdi kimi qiymətləndirməyə meyl edir. Ancaq bu, erməni-rus münasibətlərinin açıq şəkildə primitivləşdirilməsidir. Transformasiyalar hazırda yalnız erməni-rus münasibətlərinə deyil, mövcud status-kvoya, əsrlər boyu formalaşmış stereotiplərə, miflərə də aiddir. Onları aradan qaldırmaq böyük səylər tələb edir və vəziyyətləri həzm etmək çətindir. Dialoq bu mənada transformasiyanı və iki tərəfin səylərini nəzərdə tutur. Yeri gəlmişkən, "məxməri inqilab”dan sonra Ermənistan tərəfi bu mənada irəliyə gedib”-deyə Badalyan yazır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook