SON XƏBƏR

Müdrik elinin Sultanı

Mart 07
11:32 2018
Hər bir insanın ömürü Tanrının ona həyatda iz saxlaması, xeyirxah əmmələri ilə varlığını sonsuzluğa qədər uzatması üçün verdiyi imkan, müddətdir. Bir həqiqət var ki, hər kəs ona verilən bu möhləti əmmələri ilə əbədiləşdirə bilmir. Uzun və ya qısa ömür sürməyindən asılı olmayaraq həyatda iz saxlayan, əmmələri ilə yaddaşlarda qalan insanlar Tanrının sevib seçdikləri bəndələrdir… Bəlkə buna görədir ki, müdriklərimizin dediyi "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma” kimi kəlamı yaranıb… Məhz belə müdrik, sözün əsl mənasında ağsaqqal, xalqına gərəkli, mənalı ömrü xeyirxah əməllərlə dolu, əsl Azərbaycan kişisinə məxsus xüsusiyyətlərə malik insanlrdandır Sultan Məmmədov. Məxsus olduğu el-obada, sadə xalq arasında sözünün çəkisi olan, hörmət və nüfuzu olan kişidir Sultan müəllim… Ömrünün 80-ci baharını qeyd etməyə hazırlaşan, müdrik çağlarında qazandığı el məhəbbəti ilə əhatə olunan bu el ağsaqqalı insan həyatının mənasını onun cəmiyyətə gərəkliliyində görür. Sultan müəllim mənəvi kamillik zirvəsini öz saflığı, xeyirxahlığı və zəhməti ilə qazanıb. Nəsillərə nümunə olan, haqqında söhbət açdığımız bu nurlu şəxsiyyətin qısa tərcümeyi-halına nəzər yetirmək zəruri olduğu qədər də vacibdir:
 
Qısa tanıtma: Sultan İsrafil oğlu Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973-77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977-1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988-1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992-1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.
 
Üç çağırış Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Şurasının üzvü, Mənzil-komunnal daimi komisiyasının sədri olub. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dotluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib. Sultan Məmmədov ömrünün 50 ildən çox hissəsini SSRİ zamanında yaşayıb. Həmin vaxtlarda da o, xalqına göstərdiyi diqqət və qayğı ilə yaddaşlarda özünün ali insani keyfiyyətlərinin daşıyıcısı olduğunu təsdiq edib. O, elə o vaxtlardan el arasında özünün "yaxşı adam”, "ağsaqqal” kimi ali titullarını qazanıb. Yorulmaz fəaliyyəti, gərgin zəhməti dövlət tərəfindən də qiymətsiz qalmayıb. Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı”, "Xalqlar dostluğu” ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib. Bir həqiqət var ki, onun ən böyük mükafatı halal zəhməti ilə qazandığı el məhəbbətidir. Bu gün Sultan müəllim Astarada, Lənkəranda, Lerikdə , Bakıda, bir sözlə, Azərbaycanımızın hər yerində hörmətli bir ağsaqqal kimi qəbul edilir, hörmət və ehtiramla qarşılanır. O, həm də bir ictimai xadim olaraq ehtiram zirvəsinə yüksəlib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin etimad göstərdiyi kadrlardan olan Sultan müəllim, həmişə Ulu öndərin ona olan etibarını layaqətlə , sədaqətlə qoruya bilib.
 
Sultan Məmmədov həm də Azərbaycan ziyalılarına bəslədiyi məhəbbəti ilə seçilib. Onun dostlarının çoxu şair və yazıçılar, sənət adamları olub. Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Cabir Novruz, Əlabbas Qədirov, Oqtay Kazımi və başqaları. Bu siyahını istənilən qədər uzatmaq olar. Lakin bu adları sadalamaqda məqsəd Sultan müəllimin Azərbaycanın mənəvi dəyərlərinə necə möhkəm bağlı olduğunu göstərməkdir. Xalqının mənəviyyat xəzinəsindən su içə-içə özü də əlinə qələm götürüb düşüncələrini, araşdırmalarını kitab halına salaraq gələcək nəsillərə yadigar saxlayıb. Onun geniş oxucu kütləsinin marağında olan, lakin mövcudluğu və fəaliyyəti barədə az hallarda məlumat verilən massonluq haqqında qələmə aldığı, xalq şairi Sabir Rüstəmxanlının ön söz yazdığı əsərlər yaddaqalan publisistik nümunələrdir. Kitabın ön sözündə Sabir müəllim müəllifin məharətini qeyd edərək yazır ki:”…Tanınmış ictimai xadim, ziyalı, sabiq millət vəkili, Milli Məclisin komissiya sədri olmuş köhnə dostum Sultan Məmmədovun "Masonluq: Dünyanı idarə edən gizli qüvvə” kitabı da məhz bir marağın nəticəsi kimi meydana çıxmışdır. Artıq açıq fəaliyyətə keçmiş, müəllifin təbirincə desək, "bədəninin yarısı yerin altında, yarısı aşkarda olan Sfinksi xatırladan” bu beynəlxalq gizli təşkilat haqqında ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiyada… çoxsaylı araşdırmalar aparılmış, kitablar nəşr edilmişdir… Əlbəttə, kitabın ən diqqətçəkən bölümləri Rusiya, Türkiyə və Azərbaycanla bağlıdır. Çünki ikiillik Azərbaycan Demokratik Cümhuriyyəti dövrünü nəzərə almasaq, Azərbaycanın təxminən 200 illik tarixi Rusiya ilə bağlıdır və şübhəsiz ki, Rusiya imperiyasında, eləcə də Sovetlər Birliyində baş verən hadisələr məmləkətimizə təsir göstərməyə bilməzdi. Bu gün Rusiyada masonluq və mason təşkilatlarının fəaliyyəti haqqında açıq-aşkar söhbət açılır. Türkiyə tarixən Azərbaycanla sıx bağlı olduğundan, qardaş dövlət tərəfindən də eyni təsirə məruz qalmışıq. Hətta bu gün Türkiyədə masonluq haqqında bilgilər təkcə araşdırmalarda, qəzet və dərgilərdə çap olunmaqla qalmır, televiziya ekranlarına, filmlərə də ayaq açır…” Sultan müəllimin uzun müddət arayıb –araşdırdığı maraqlı faktlar, oxucunu çoxunun adını eşidib mahiyyətinə varmadığı massonluq haqqında həqiqətlərlə üz-üzə qoyur, onun dünyada baş verən hadisələrin, ikili standartların nədən baş verməsi sualına cavab tapmasına imkan verir… Təsadüfi deyil ki, Sultan müəllim həm də "Qızıl qələm” mükafatı laureatıdır.
 
Sultan müəllim harada işləməyindən və yaşamağından asılı olmayaraq həmişə hörmətli olub. Bir zamanlar Astara və Lerik rayon Partiya komitəsinin birinci katibi vəzifələrində çalışdığı zaman qazandığı hörmət, nüfuz sayəsində bu gün də onun qapısını dost qapısı kimi açaırlar. O yerlərə yolu düşəndə isə onu böyük hörmət və ehtriamla qarşılayırlar… Sultan Məmmədov həm də Azərbaycanımızın o ictimai xadimlərindəndir ki, onun fəaliyyət dairəsi ölkəmizin həm sovetlər dönəminin, həm də, müstəqillik illərinin bir hissəsini əhatə edib. Hər iki zamanda Sultan müəllim ləyaqətini, şəxsiyyətini uca tutub, xalqın mənafeyini qoruyub, el-obada, cəmiyyətdə nüfuz və söz sahibinə çevrilib, ağsaqqalıq məqamına yüksəlib. Özünün təbirincə desək "kişinin gərək bir üzü olsun!” kəlamı onun fəalyyət istiqamətini müəyyən edib. Hansı sistemdə, hansı vəzifə pilləsində olmasından asılı olmayaraq Sultan müəllim öz şəxsiyyətinə və nüfuzuna kölgə düşməsinə imkan verməyib, simasını dəyişməyib. O, sözünün ağası olub, əmməllərinin paklığı ilə ad çıxarıb.
 
Bir neçə gündən sonra Sultan müəllimin 80 illik yubileyi gəlir. Doğrudan da cəmiyyətdə belə nadir şəxsiyyətlərin gücünü və rolunu anlamaq üçün müəyyən yaşa çatmaq tələb olunur. Belə şəxsiyyətlərin həyat və fəaliyyətini dərk edəndə isə insan onların keçdiyi ləyaqətli ömür yoluna tam bələd olur və heyrət etməmək mümkün olmur… Zaman və məkanın daxilində var olan bəşər övladı üçün dünyada hər şey ötəridi… Lakin insan qurub yaratdıqları, təkrarsız xoş əməlləri, el içində qazandığı yaxşı ad-sanı, bir də imzası ilə əbədiyət qazanır. Sultan müəllim bu sadalanaların hamısını əldə edə bilib. Əslində el ağsaqqalının yubileyi onun məxsus olduğu elin bayramıdır. Sultan müəllimin el-obasına gözaydınlığı verib onu 80 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və yeni-yeni uğurlar arzu edirik.
 
Eldar Xeyrullaoğlu,
Şair-dramaturq, AJB-nin üzvü



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook