SON XƏBƏR

Laçınlı ziyalılar `Kürdüstan`a dəstək verən məmura etiraz etdilər

Oktyabr 02
18:29 2017
Ərazisi işğal olunmuş Laçın rayonunun İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən status və fotolar paylaşması ictimiayyət tərəfindən böyük narazılıqla qarşılanıb. 

Laçın rayon əhalisinin mütləq əksəriyyətinin, 95%-nin türk kökənli olmasını nəzərə alsaq, son günlər Facebook sosial şəbəkəsində laçınlıların tamamilə kürd olması ilə bağlı yazılan statuslar heç də ürəkaçan deyil. Azərbaycanlılarla (türklər) bərabər ölkəmizdə yaşayan bütün azsaylı etnik xalqlar bu ölkənin sakinləridir, bərabər hüquqlu vətəndaşlardır. 

Azərbaycanın milli və dövlət maraqlarına zidd olan separatizmi dəstəkləyən bir məmurun mövqeyi, 73 min nəfər əhalisi olan rayonun və onun kürd qisminin mövqeyi ola bilməz. Laçın rayonunda yaşamış türklərlə etnik kürd əhalinin arasında heç vaxt ayrıseçkilik olmamış, həmişə dostluq- qohumluq əlaqələri olmuş, qarşılıqlı hörmət şəraitində vahid və mehriban bir ailə kimi yaşmışdılar. Bu baxımdan, milliyyətindən, dinindən aslı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs müstəqilliyimizin qədrini bilməli, vətənin suverenliyi, bütövlüyü uğrunda vətəndaş həmrəyliyi göstərməlidir. 

Karabakhmedia.az olaraq sözügedən məsələnin əhəmiyyətini nəzərə alaraq Laçın rayonundan olan ziyalıların münasibətini öyrəndik.

 
 
Uzun müddət Laçın rayonunda bir sıra məsul vəzifələrdə çalışmış Qəzənfər Hüseynov: "Mən, düşünmürəm ki, bizim həmyerlilərimizdən kiminsə İraq Kürdüstanı muxtariyyatının bayrağını profilində paylaşması, İraqda kürd muxtariyyatının özünü müstəqil elan etməsinə sevinməsi onların da vətəni olan Azərbaycana xəyanətdir. Məncə, sadəcə olaraq onlar bunu milli təəsübkeşlikdən ediblər, təsəvvür edin ki, Kərkükdə çoxluq təşkil edən azərbaycanlılar müstəqillik elan ediblər. Lakin bir məsələ var ki, biz bunu o zaman anlayışla qarşılayardıq ki, bu sevinmələr türk düşmənçiliyinə çevrilməsin. Lakin onu da bilməliyik ki, Şimali İraq Kürd Muxtariyyatı bu referendumla yaxın Şərqdə gələcəkdə daha böyük müharibə ocaqlarının yaranmasına səbəb olan bir addım atdı. Belə ki, Şimali İraqda keçirilən referendumda səsə qoyulan "Siz kürd regionunun və bu region adminstrasiyasından kənar kürd torpaqlarının müstəqil dövlət olmasını istəyirsinizmi?" ("Do you want the Kurdistan Region and the Kurdistani areas outside the administration of the Region to become an independent state?”) sualı gələcək təhlükədən xəbər verir. Referendumda müzakirə edilən məsələdə ən təhlükəli "KƏNAR KÜRD TORPAQLARININ” sözləridir, bu düşüncə gələcəkdə təkcə ətrafda yaşayan xalqların üçün yox, kürdlər üçün də böyük problemlər yaradacağı şəksizdir. 

Əslində məni kürdlərin İraqda dövlət qurmaları bir o qədər də maraqlandırmır, məni narahat edən bəzi şovinistlərin erməni mənbələrinə əsaslanan məlumatlara görə bizim milliyətimizi bizim əvəzimizdən inkar etmələri, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanı, işğal altında qalan Laçını, Kəlbəcəri, Qubadlını, Zəngilanı, Cəbrayılın bir hissəsini Kürdüstan adlı xəyali bir dövlətin xəritəsinə daxil etmələridir. Düşünürəm ki, ağlı səlim kürd qardaşlarımız da bizim kimi düşünürlər və belələrinin də cavabını verməlidirlər. Dini və milli duyğular nə qədər saf olsa da, düzgün istiqamətləndirilməyəndə bir o qədər də təhlükəli nəticələr verə bilər.

Bilinən kimi Azərbaycanda əhalinin böyük əksəriyyəti türk əsillidirlər, xüsusilə də bizim Laçın rayonunda əhalinin 90%-dən çoxunu türk etniklilərdir. Bəli kürdlərin və digər millətlərin də milli kimlikdən başqa vətəndaşlığı Azərbaycana bağlı olduğundan bizim kimi onlar da azərbaycanlıdırlar. Bu azərbaycanlılğı qəbul etməyənlərin isə düşünürəm ki, ya savad problemləri var, ya da şovinizm gözlərini örtübdür. Belə bir sualın ortalığa çıxması təbiidir: Bəs niyə əvvəllər (1970 ci illərin axırınadək) bizim regionun əhalisinə az qala ucdan tutma kürd deyirdilər? Əsas səbəblər bizim ermənilərdən gec oturaq həyat tərzinə gec keçdiyimizdən bizim xalqın, xüsusən də regionun tarixinin və statistikasının ermənilər tərəfindən yazıldığı, bizdə kürdlərlə birgə islamda olmağımız, yəni müsəlmançılığımız az rol oynamayıb. Çar Rusiyası dövründə aparılan əhalinin statistikası subyektiv və başqa siyasi amaclarla aparılmışdır. Bütün siyahıya alınma kampaniyalarının təşkilatçılarından tutmuş, siyahı tutanlara qədər hamısı erməni millətindən olmuşlar. Bunlarla yanaşı kürdlük bizim üçün də bir mərd, qonaqpərvər dağ adamı kimliyi daşımışdır. 1970 ci illərin sonuna yaxın bizim rayonda yaşayan kürdlərin pasportlarında milliyyətlərini qeyd etdirmələri bizim də milli ruhumuzu oyatmış oldu. 

PKK-ya görə kürdlərə qiymət vermək, ucdantutma hamını terrorist hesab etmək məncə hamımıza qarşı təhqirdir. Onda gərək almanları yer üzündən silib atalar ki, 30 milyondan çox insanın məhvinə səbəb olaraq qətllər törədən Hitlerlə eyni xalqdırlar. Sözsüz ki, PKK kürdlərin əvvəlki şanına xələl gətirməmiş deyildir, ancaq dəyər vermə yanaşması düzgün deyildir. Laçın rayon icra hakimiyyətinin məsul işçisinin ətrafında yaranan qalmaqalı da bəzi saytlar yaratdılar, məsələni olduğundan qat-qat şişirtdilər. Səlahiyyətli orqanlar araşdırıb, qanuni tədbir görməlidilər, əgər bu adamın hərəkətlərində Azərbaycana qarşı zərər vuracaq hallar varsa cəzasını da almalıdır. Azərbaycandakı kürdlərlə bizə eyni adamlar, eyni lülədən atəş açıbdır. Bu müharibədə bizimlə yanaşı nə qədər kürd həlak oldu, nə qədəri ağır yaralandı, əlil oldular. Mənim ən yaxın dostlarımdan Laçının Şeylanlı kəndindən olan, kürd əsilli Fərəc müəllim Ədilovdur. Erməni hərbi dəstəsi onların kəndini işğal etmək üçün kəndə girəndə Fərəc kənddə çayın o birisi üzündən gəlir ki, anasını kənddən çıxara, bu zaman ermənilər onların evlərinə yaxınlaşır. Fərəc müəllimin gözü qarşısında anası özünü may ayında daşmış çaya ataraq həlak edir ki, düşmən əlinə düşməsin. Bu bütün xalqımızın faciəsidir. Mən, onu tez-tez görməsəm də qardaş qədər onu sevirəm, o da məni. Onun kimi də digər kürd dostlarla eyni münasibəti saxlamışıq. Laçında bizim aramızda heç zaman ayrılıq olmayıb, qohumlaşan ailələr, əmioğluluq münasibəti və s. bizi vahid bir toplum kimi birləşdirmişdi. 

Mən, son günlərdə oxucu qazanmaq üçün böhtan yazmaqdan belə çəkinməyən müxtəlif saytlarda Laçının, orada yaşayan kürdlərin adının müxtəlif məqsədlərlə hallanmasını hiddətlə qınayıram.”

 
 
Laçın Alayının keçmiş komandiri Arif Paşayev: "Vətənimin və millətimin taleyinə aid istənilən məsələdə susa bilmərəm. Mən milliyyətcə türkəm. Azərbaycanı sevən hər bir kəsi – türkü, talışı, kürdü, ləzgini, tatı, ingiloyu can və qan qardaşım saydım. Laçınlılar separatizmə qarşı (təkcə erməni separatizminə qarşı yox) ilk savaşan və separatizmin yaratdığı faciəni ilk olaraq öz talelərində hiss edən bölgələrdən birinin əhalisidir. Bu gün Laçın rayonundan olan və mənim bir çox laçınlıların mübarizə apardığı təmayülün nümayəndəsinin Azərbaycana xəyanətini bütün laçınlılara şamil etmək yolunu tutanlar, elə həmin xəyanətin müəlliflərinin öz yaxın adamları, öz həmfikirləri ola bilər. Laçınlılar belələri ilə mübarizə aparanda, çoxlarının bu mübarizədən xəbəri yox idi. Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Cəbrayıl əzəli və əbədi türk yurdlarıdı. Milli münasibətlərin düyün nöqtəsində milli təfəkkür həmişə daha çox inkişaf edir. Və zaman bizə türk milli kimliyimizi bəlkə də başqalarından daha tez diqtə edib. Laçında yaşayıb, bu vətənin suyunu içmiş, havasını udmuş, çörəyini yemiş birisinin bu vətənin, bu millətin haqq-sayına dönük çıxması Laçın rayonunun 73 minlik əhalisinin 3 minini təşkil edən kürd toplumunun bütövlükdə suçu ola bilməz və bu gün bunu belə qələmə vermək istəyənlər məhz adını çəkməyə layiq bilmədiyim həmin birisinin "tərəfdarlarının çox olması” sindromunu yaratmaqla, elə o təmayülün özünə xidmət edənlərdi. 

Tanrı türkü qorusun. Tanrı türkü sevən hər bir kəsi qorusun. Tanrı Azərbaycanı, müqəddəs üçrəngli bayrağımızı sevən hər bir Azərbaycan vətəndaşını qorusun. Vətənə və millətə canımız fəda..

 
 
Tanınmış hüquqşünas Ərşad Hüseynov: "Şübhəsiz ki, dövlət qulluğunda olan bir şəxsin belə məsuliyyətsiz fikirləri yolverilməzdir. Əgər nəzərə alsaq ki, beynəlxalq aləmdə həmin referenduma sevinən yeganə dövlət Ermənistandır, onda bu tipli yanaşmanın kimlərin dəyirmanına su tökdüyü aydın olur.

Hesab edirəm ki, heç bir Azərbaycan vətəndaşı belə mövqe tuta bilməz. Buna yol verənlər isə həm qanunla öz əməllərinin qarşılığını almalı, həm də cəmiyyət onlara öz yerini göstərməlidir.

Ən pisi odur ki, bəzi nadanlar bunu bütün Laçın camaatının adına çıxmaq istəyirlər, sanki bu tipli mövqe sahibi olan laçınlı axtarırlar. Bu da çox təhlükəli bir naşılıqdır. Məncə, kimlərsə bunu cəmiyyətgə gərginlik yaratmaq üçün qəsdən edirlər, bunun da qarşısı alınmalıdır. Çünki bir nadanın belə yazısını görən minlərlə məlumatsız adam hər eşitdiyini həqiqət kimi qəbul edir. Həqiqət isə odur ki, belə referendum nəinki bütün Laçın camaatı tərəfindən, hətta bizim rayonun əhalisinin təxminən 5%-ni təşkil edən kürdlər tərəfindən də dəstəklənə bilməz. Laçınlı kürdlər də yaxşı bilirlər ki, bu təhlükəli siyasi oyundur və yeni fəlakətlər, qan-qırğın vəd edir.”

 
 
"Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli: "Mәnim münasibәtim birmәnalıdır. Yәni sübuta ehtiyacı olmayan bir aksiomadır ki, Laçın rayonunun әhalisinin çox cüzi hissәsi kürdlәrdәn ibarәtdir. Әsgәrlikdә olarkәn çox nadir hallarda bәzi gәnclәrimizin rus xanımlarla ailә qurmasını nәzәrә almasaq, Laçın rayonunda demәk olar ki, başqa millәtin nümayәndәlәri yaşamayıb. Milli tәrkibinә görә Laçın bütövlükdә türk rayonudur. Bilәrәkdәn vә ya bilmәyәrәkdәn bir-iki nәfәrin şәxsi mövqeyini bütün laçınlıların adına yazmaq tәәssüf doğurur. Hәlә sovet dönәmindә aran rayonlarından olan bәzi insanlar Laçın әhalisini ucdantutma "kürd" adlandırırdı. Görünür, türklüyünә tamamilә әmin olan insanların bu yanlış müraciәtә cavab vermәmәsi, bundan qıcıqlanmaması müәyyәn qrupların işinә yarayıb. Necә deyәrlәr, susmağı deyilәnlәrin tәsdiqi kimi qәbul ediblәr. Әslindә heç bir polemika açmağa lüzum yoxdur. Laçının 125 kәndi vә 1 qәsәbәsi olub. Rayonun mәrkәzi Laçın şәhәridir. Bu kәndlәrin 8-dә kürdlәr yaşayıb. Heç bir zaman da bu iki millәt arasında ayrı-seçkilik olmayıb, biri-birinә qaynayıb-qarışıblar. Hәtta rayonun rәhbәr vәzifәlәrindә, mәsul işlәrdә kürdlәr daha çox tәmsil olunublar. Elә indinin özündә kiçik bir araşdırma aparılsa, әhalinin sayı ilә müqayisәdә hәr kәs deyilәnlәrin şahidi olar. Bütün bunlar hamının bildiyi hәqiqәtlәrdir. Sadәcә olaraq "qaşınmayan yerdәn qan çıxarmaq" istәyәnlәr üçün xatırladıram. 

Onu da bildirim ki, hәr kәs öz milli kimliyi ilә qürur duyduğu kimi, kürdlәrin dә buna haqqı var vә bu haqqın onlardan alınması müzakirә mövzusu deyil. Danılmayan bir hәqiqәtdir ki, öz millәtinә sevgi ilә separatizmi dәstәklәmәk tamam fәrqli anlayışlardır. Son olaraq bütün Laçınlıları tәmkinli olmağa, maraqlı qüvvәlәrin provakasiyasına uymamağa çağırıram. Sosial şәbәkәlәrdә insanların şәxsi emosiyalarından istifadә edәrәk qızışdırıcı mövqe tutanlara türklәrin dә, kürdlәrin dә tәpkisi sәrt olmalıdır. Bunu bizdәn Qarabağ döyüşlәrindә ermәni vandallarına qarşı vuruşan zaman şәhid olmuş türklәrin vә kürdlәrin müqәddәs ruhları tәlәb edir.”
 

 
Tanınmış jurnalist Sultan Laçın: "Öncə onu xatırladım ki, biz laçınlı, kəlbəcərli, qubadlılı, cəbrayıllı, kürd, türk, talış, ləzgi və s. olmazdan öncə azərbaycanlı, ondan da öncə insan və ən başlıcası, müsəlmanıq, Allah bəndəsiyik. Hamımız eyni baba və nənənin törəmələriyik – Adəm və Həvvanın. Əgər biz insanlar dünya həyatındakı bütün məsələlərə bu düşüncə ilə yanaşsaq, bir çox problemlərimiz asanlıqla həllini tapar... 

Allah, Quranda buyurduğu kimi, insanları sınaq üçün irqlərə, millətlərə böldü. Və hər millət, hər xalq arasında Allah yolu tutanlar da, İblis yolu gedənlər də meydana çıxdı. Müsəlman heç bir halda haqqı, gerçəyi danmamalıdır, dinindən, milliyyətindən asılı olmayaqraq heç kəsin torpağına, malına, mülkünə göz dikməməlidir. Azərbaycan tarix boyu müxtəlif din və millət nümayəndələrinin mehriban, dinc yaşadığı yurd olub. Bu sabitliyi, bu sülhü imperialist, sümürgəçi dünya güclərinin fətvasıyla yalnız ermənilər pozub. Onlar da torpaqlarımızı işğal etsələr də, bütövlükdə insan kimi yaşamaqdan məhrumdurlar və artıq günahlarını anlamaqdadırlar... Ölkəmizdə digər din, millət nümayəndələri arasında heç bir problem yaşanmayıb. O cümlədən kürdlərlə. Özü də bildiyimə görə, Azərbaycandakı kürdlər hamısı müsəlmandır. Hətta başqa dində olsa belə, yenə də heç kəslə problemimiz yoxdur. Necə ki, yüz minlərlə xristian, rus, hətta 10 minlərlə erməni aramızda sərbəst yaşayırlar. Amma müəyyən gerçəkliklər var ki, onları danmaq olmaz... 

Biz bir yazar olaraq 1990-cı illərdən bəri dəfələrlə xatırlatmışıq ki, Azərbaycanın Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan bölgələrində cəmi heç 8 minə yaxın kürd yaşamır. Laçının isə cəmi 8 böyük kəndində 2-3 min kürd yaşayıb. Əgər dünyanın var-dövlətinn 80 faizini əlində cəmləmiş super transmilli oliqarxların "parçala-hökm sür”, "xaosdan düzənə” və s. xətləri ilə bizləri üz-üzə qoymaq üçün bu faktları şişirdərək SSRİ dövründə qondarılmış "Qırmızı Kürdüstan” söhbətinin yenidən qızışdırılmasına kimlərsə uyursa, yazıq onun halına. Azərbaycanda, işğal altındakı bölgələrdə, o cümlədən Laçında kürdlərlə çiyin-çiyinə əsrlərlə yaşamışıq, qaynayıb-qarışmışıq, qohumlaşmışıq, dostlaşmışıq, bir yerdə işğalçılara qarşı döyüşmüşük. 1988-1994-cü illərdəki Qarabağ savaşında neçə-neçə kürd oğlu şəhid olub. Elə son aprel döyüşlərində də Laçından şəhid olan əsgərlərimizdən biri kürddür. Bütün bunları kənara qoyub hansısa Conun, Ariyelin, yaxud İvanın yalançı vədləriylə İraqda müsəlman türkman qardaşlarımızın qanı üzərində qondarılan "dövlət”ə dəstək verərək öz qohumlarımız dostlarımızla üz-üzə gəlməliyikmi? Bir neçə savadlı, vəzifəli cahilin xəyanəti ucbatından emosiyalara qapılıb düşmən güclərin ssenarisinə uyğun parçalanmalara, qarşıdurmalara getmək olmaz... 

Birincisi, əgər hansısa kürd oğlu Laçın rayon İcra Hakimiyyətində hüquq şöbəsi kimi vacib bir şöbənin müdiridirsə, bu, bur daha ölkədə, bölgədə bu millətə qarşı heç bir ayrı-seçkiliyin olmamasına bariz nümunədir. Deməli, sabah kürdlərdən deputat, icra başçısı da ola bilər... Həm də belə dövləti vəzifələrdə olan kürdlər, o cümlədən respublika rəhbərliyi səviyyəsində yüzlərlədir... 

İkincisi də bu gün hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, hazırkı mürəkkəb geosiyasi durumda "İraq Kürdüstanı”nın "müstəqilliyi”nə dəstək vermək – dolayısıyla qondarma "Dağlıq Qarabağ Respublikasının müstəqiliiyinə” dəstək vermək, yəni işğalçı ermənilərə arxa durmaqdır... 

Üçüncüsü, öncə dediyim kimi, beynəlxalq super güclər bəzi xalqları aldatmaq, onların potensialından yararlanmaq yoluyla dünya xəritəsini öz bildikləri kimi dəyişməklə sonda "xaosdan düzənə” prinsipi ilə Vahid Dünya Dövləti qurmaq iddiasındadırlar. Necə ki, XX əsrin əvvəlində, 40-cı illərində Britaniya, Rusiya, Amerika Güney Azərbaycanda türkləri müstəqillik uğrunda mübarizəyə qaldırıb sonradan İran şahının ordusunun tapdağı altında qoymaqla güdaza verdisə, bu gün də İraqda, Suriyada, Türkiyədə, İrandakı kürdlərdən yararlanıb sonda onları da güdaza verəcəklər. İnanın ki, heç bir iri dövlətin, beynəlxalq qurumun bizlərə canı yanmır, heç biri bizə demokratiya, əsl azadlıq gətirməyəcək. Necə ki, İraqa, Əfqanıstana, Liviyaya, Suriyaya və s. faciə və zülmdən başqa yaxşı heç nə gətirmədi. Yəni hər kəs düşünsün; Kataloniyadan üzü bəri başlanan proses nə ilə nəticələnə bilər, sonda Avropada Şotlandiya da, İrlandiya da, Rusiyada Tatarıstan, Çeçenistan, İnquşetiya, Başqırdıstan, Kalmıkiya, Yakitiya və s. də, Çində uyğur türkləri, ABŞ-da Texas, Kaloforniya və s. də ayrılmaq, müstəqil dövlət tələb etməyəcəkmi? Bunun sonunun nə ilə nəticələnəcəyini təsəvvür edin. Övladlarımızın indikindən də daha qarışıq, daha gərgin bir dünyada yaşamasını istəməyənlər belə təxribatçı oyunlara getməməlidir...
 
Dördüncüsü, əgər hansısa bölgədə, hansısa icra hakimiyyətində və ya digər qurumda kimlərdəsə separatçılıq meyilləri oyanıbsa, onlara qarşı aqressiv davranıb daha da uçuruma yuvarlanmalarına şərait yaratmaq doğru deyil. Biz belələrinin üzərinə getdikcə onlar daha da çox düşmənlərə tərəf sığınacaq. Sabah işdən çıxarılmaq, o biri gün həbs olunaraq liderə çevrilmək, daha sonra isə hansısa separatçı "dövlət” uğrunda şəhid olmaq arzusuna qapılacaqlar. Bu da belələrinin sayını artıraraq Azərbaycanda düşmən şəbəkəsinin genişlənib güclənməsinə şərait yaradacaq. Odur ki, aldanmış vətəndaşlarımızı, dindaşlarımızı, həmyerlilərimizi səbir və təmkinlə, mədəni şəkildə tək-tək anlatmaq lazımdır. Bunu ilk növbədə onların rəhbərləri, icra başçıları, müdirləri, direktorları, rəisləri və s. eləcə də kolektivlər, müvafiq qurumlar etməli, rəsmi dövlət siyasətinə zidd hərəkətlər yapmalarına imkan veməməlidirlər. Əgər kimsə, heç kəsi dinləməyib öz bildiyi kimi, düşmənlərin ssenarisinə uyğun əməllərə davam edəcəksə, qanunlara uyğun olaraq sərt şəkildə cəzalandırılmalıdır...
Allah bizi zalımlardan olmaqdan qorusun!”

 
 
Laçının tanınmış müəllimlərindən Nizami İsmayılov: "Mən qatı türk milliyyətçisi, turançıyam. Azərbaycanın müstəqilliyinə xəfifcə belə toxunan seperatizmə qarşıyam. İstənilən seperatizm beşiyində boğulmalıdır. Çünki şaxələnən kimi bəlaya çevrilir. Mən o, iki nəfərin heç birini şəxsən tanımıram. Onların hər ikisi bilərəkdənmi, ya bilməyərəkdənmi öz doğulub böyüdükləri torpağa, dövlətə, birinci növbədə öz qohum əqrəbalarına dönük çıxıblar. Bəlkə də savadsızlıqdan, dünya hadisələrini yönəldən super silah alverçilərinin Yaxın Şərqdə Fələstindən sonra ikinci silah bazarı yaratmaq niyyətlərini bilməməzlikdən bu xətanı törədiblər. Ancaq bunu bütün Laçın kürdlərinə qarşı yönəldib əhali arasında bölücülük, ayrıseçkilik yaradılmasına gətirib çıxarmaq olmaz. İndi söz dövlət orqanlarınındır. Araşdırıb lazımi tədbir görməlidirlər. Birınci növbədə onlara başa salmaq lazımdır ki, Bərzani azadlıq mücahidi deyil. O, öz millətinin axan qanları üzərində özünə iqtisadi imperiya qurmuş bir mafiozdur. Qərb də ondan müsəlman dünyasına qarşı istifadə edir. Qərb Mustafa Bərzanidən də istifadə etdi. Axırı nə oldu? Sürgündə öldü. Axırıncı dəfə Balkanlarda və Pribaltikadan sonra dünya super gücləri istənilən sərhəd dəyişiklərinə imkan vermirlər. Çünki bu, bütün dünyada xaosa gətirib çıxara bilər. Qarabağ , Dnestryanı, Abxaziya, Osetiya, Kataloniya hadisələri buna sübutdur.”

 
 
Xəzər Universitetində tarix müəllimi Arif İbrahimli: "Son günlərin təəssüf ki, bir separatçının mövqeyi cəmiyyətimizdə haqlı səs-küyə səbəb oldu. Bu insan sadə bir vətəndaş, vəzifə sahibi olmasaydı bəlkə də onun sayaqlamasının nəticələri belə olmazdı. Fizuli Tanirverdiyev Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiridir. Təəssüf ki, hələ də o, vəzifədə qalıb. Ona görə də onun sözləri narahatlıq doğurdu, insanları haqlı olaraq narazı saldı. Füzuli Tanrıverdiyevin öz millətini, öz xalqını sevmək haqqı var. Ancaq bundan sui istifadə etməklə yaşadığı dövlətin milli dəyərlərinə, dövlət atributlarına qarşı yaramazlıq etmək, "pasportumu yandıraram”, -deyib hədələmək kimsənin haqqı deyil. Hər kim olursa olsun, belə bir adam istər ictimai, istərsə də dövlətin lazımi strukturları tərəfindən cəzalandırılmalıdır. Əks halda füzululərin sayı artacaq, separatizmin sərhədləri də genişlənəcək. Bir məsələni də qeyd edim ki, belələri tək deyil, hətta az da deyil. Məni narahat edən digər səbəb isə Laçından olan bir separatçının Bərzanini dəstəklədiyinə görə 73 minlik Laçın əhalisinin günahlandırılmasıdır. Hətta bəzi insanlar biraz da irəli gedərək Laçının əhalisinin hamısının kürd olduğunu iddia edir. Hansı ki, bu tamamilə yanlış fikirdir. Laçın xəyanətin qurbanı olub! Laçınlılar öz torpaqları uğrunda sona qədər mübarizə aparıblar. Bu gün də hamı bir nəfər kimi HÜCUM əmrini gözləyir. Laçın rayonun əhalisinin tərkibi 2009-cu il əhalinin siyahıyaalınması məlumatına əsasən rayon əhalisinin 66671 nəfərini azərbaycanlılar, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir. Digər bir tərəfdən ölkənin 60-a yaxın şəhər və rayonunda yaşayan Laçın sakinləri arasında heç bir vaxt türk-kürd problem olmayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canından keçən, göstərdiyi igidliklərə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş 6 nəfər Laçın sakini arasında milliyyətcə kürd olan Kamil Nəsibovun da olması bütün suallara aydınlıq gətirir. Füzuli Tanrıverdiyev kimilərinin bu kimi hərəkətlərilə laçınlılıq, Laçın adı ləkələnə bilməz!”

Ramil CƏBRAYIL



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook