SON XƏBƏR

Gürcüstandan Azərbaycana qarşı hörmətsizlik... - Tədqiqatçı ailimin gördükləri

Aprel 02
13:19 2019
Hər bir vətəndaşa hörmət öz ölkəsindən başlayır. Öz ölkəsində haqqı tapdalanan, insan yerinə qoyulmayan xalqların nümayəndələri başqa yerlərdə də layiq olduqları qiyməti ala bilmirlər. Bunun ən bariz nümunəsi ABŞ vətəndaşlarıdır. Dövlət öz vətəndaşının arxasında qayandığından amerikalılar hər yerdə üstün tutulurlar. Azərbaycanda isə vətəndaşın zərrə qədər hörməti yoxdur. Haqqı, hüququ əlindən alınan insanlarımız xarici səfərlərdə də eyni münasibətlərlə qarşılaşırlar. Hətta qat-qat bizdən zəif dövlətlər belə, vətəndaşlarımıza xor baxır, onların müraciətlərinə məhəl qoymurlar.

Bu yaxınlarda elmi araşdırma məqsədilə Gürcüstana səfər etmiş tədqiqatçı alim Nazir Əhmədli də qonşu ölkədə eyni sayqısızlıqla üzləşib. Hər halda bunu alimin özü etiraf edir.

Nazir Əhmədlinin Gürcüstan səfərilə bağlı qələmə aldığı qeydlərini DİA.AZ "Hürriyyət”ə istinadən oxucuların nəzərinə çatdırır:

"Mən XIX əsrin əvvəllərində Rusiya İmperiyasının Cənubi Qafqazı işğal etməsindən sonra imperiya məmurlarının həmin ərazilərdə tərtib etdiyi Kameral təsvirlərin tədqiqi və nəşri ilə məşğul oluram. Dərələyəz və Göyçə mahallarının, İrəvan şəhərinin, Qazax nahiyəsinin kameral təsvirlərini artıq nəşr etdirmişəm. Vedibasar və Şərur mahallarının kameral təsviri isə çap mərhələsindədir. Həmin kameral təsvirlərdə etnoqrafiya, sosial-siyasi, iqtisadi-maliyyə, bir çox tarixi və ədəbi şəxsiyyətlərimiz haqqında olduqca qiymətli məlumatlar vardır.

Bir neçə gün bundan əvvəl Gürcüstanda yaşayan soydaşlarımızın yaşadığı tarixi ərazilərdə XIX əsrdə tərtib edilmiş kameral təsvirlərlə tanış olmaq, tədqiq etmək və surətlərini əldə edib nəşr etdirmək üçün Tbilisi şəhərinə getdim. Martın 25-də beynəlxalq əlaqələr şöbəsinin müdiri olduğum Atatürk Mərkəzinin müşayiət məktubu və şəxsi ərizə ilə Gürcüstan Milli Arxivinə müraciət etdim. Mənə bildirdilər ki, onların mövcud iş qaydasına uyğun olaraq ərizəmə 5 gün ərzində cavab veriləcəkdir. Cavab üçün hər gün arxivə müraciət etsəm də, onlar "ərzində” ifadəsini "5 gündən sonra” kimi tətbiq edib yalnız 5 gündən sonra cavab verəcəklərini bildirdilər. Ərizəni verdiyim tarixdən başlayaraq 5 günlük müddətin tamam olduğu gün, mart ayının 29-da, saat 12 radələrində arxivə müraciət etdikdə bildirdilər ki, ərizəmə e-poçt vasitəsilə cavab verilib. Yoxladıqda məlum oldu ki, belə bir cavab yoxdur. Yəni mənə yalan demişdilər. Cavab üçün təkid etdikdə bildirdilər ki, iş gününün sonunda cavab verəcəklər. İş gününün sonunda-saat 16 radələrində yenidən arxivə getdim, onların Natali adında qadın əməkdaşı şifahi şəkildə mənə bildirdi ki, arxivdəki kameral təsvir sənədlərinin hamısı bərpa edilmək üçün başqa yerə göndərilib və ona görə də arxivdə işləmək üçün mənə buraxılış vərəqi verilməyəcək.

Bu, ağ yalan idi. Məlumat üçün deyim ki, Arxivdəki kameral təsvirlər yüzlərlə, bəlkə də minlərlə cilddən ibarətdir və onların hamısını bərpa üçün eyni zamanda göndərmək mümkün deyil. Həm də əgər bu sənədlər arxivdə yox idisə, məni 5 gün gözlətmədən, ərizəmi və müşayiət məktubunu təqdim etdiyim gün, martın 25-də bunu bildirməli idilər. Onların dediyi e-poçt vasitəsilə veriləcək rəsmi cavab isə indiyə qədər yoxdur. Mən martın 30-da, şənbə günü Bakıya qayıtdım. Beləliklə, Gürcüstan Milli Arxivinin rəhbərliyi mənə güclü maddi və mənəvi ziyan vurdu.

Martın 25-dən 29-dək dəfələrlə müraciət etməyimə baxmayaraq, arxiv rəhbərliyindən heç kim məni qəbul etmədi.

Gürcüstan Milli Arxivi rəhbərliyinin bu hərəkətini təkcə özümə yox, Azərbaycan dövlətinə, rəsmi məktubu ilə getdiyim Atatürk Mərkəzinə qarşı hörmətsizlik kimi qiymətləndirirəm. Bu hadisə həm də Azərbaycan Milli Arxiv İdarəsi ilə Gürcüstan Milli Arxivi arasında 2009-cu ilin 8 iyulunda Bakı şəhərində imzalanmış "Əməkdaşlıq haqqında Memoranduma” və "Milli Arxiv fondu və Milli Arxiv haqqında” Gürcüstan Respublikasının 26 dekabr 2006-cı il tarixli Qanununa ziddir. Həmin qanunun "Beynəlxalq əməkdaşlıq” adlanan X fəslinin 36-cı maddəsinin 1-ci bəndində deyilir: "Gürcüstanda arxiv işini inkişaf etdirmək məqsədi ilə Milli Arxivin müvafiq xarici idarələr və beynəlxalq təşkilatlarla əməkdaşlığı Milli arxiv fondundakı sənədlərin surətlərinin mübadiləsini və bu qanunla müəyyən edilmiş qaydada əcnəbi vətəndaşların, hüquqi şəxslərin və beynəlxalq təşkilatların Milli arxiv fondlarındakı sənədlərlə tanış olmağa icazə verilməsini nəzərdə tutur”.

Yuxarıdakıları nəzərə alaraq, Azərbaycan hökumətinin rəsmi strukturlarını və ölkə ictimaiyyətini, mətbuatı bu hadisəyə biganə qalmamağa, Gürcüstan Milli Arxivi rəhbərliyinin ölkəmizə, onun vətəndaşlarına, təşkilatlarına qarşı nümayiş etdirdiyi bu hörmətsizliyi pisləməyə çağırıram.

Onu da deyim ki, mən Gürcüstana getməmişdən qabaq Azərbaycanın Mərkəzi Dövlət Arxivində Gürcüstandan gələn Teymuraz adlı bir gürcü ilə qarşılaşmışdım. Azərbaycan Milli Arxiv İdarəsinin rəhbərliyi ona hər bir şəraiti yaratmış və özünün dediyinə görə, 1 aydan artıq idi ki, burada arxiv işçilərinin hərtərəfli qayğısı ilə əhatə edilmişdi.

Azərbaycan Respublikasının Gürcüstan dövlətini bütün irimiqyaslı layihələrə daxil etməsi, transmilli neft və qaz kəmərlərini Gürcüstandan keçirməklə həmin dövlətə yüz milyon dollarla ölçülən mənfəət verməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstanda keçən hissəsini kreditləşdirməsi, Gürcüstandakı kilsələrin Azərbaycan qazı ilə pulsuz təmin edilməsi və s. kimi alicənablıq və dostluq hərəkətlərinin müqabilində digər tərəfin bu cür qeyri-adekvat hərəkəti, Azərbaycan Respublikasına və onun qurumlarına, vətəndaşlarına qarşı bu cür sayğısız və kobud münasibəti təəssüf və hiddət doğurur və vətəndaşlarımızın haqlı narazılığına layiq olan hərəkətdir.

Mən 20-yə yaxın kitabın müəllifi və aliməm, prezident İ.Əliyevin fəxri prezidenti olduğu Atatürk Mərkəzində beynəlxalq əlaqələr şöbəsinin müdiriyəm. Əgər Gürcüstanın dölət orqanları mənə qarşı bu cür münasibət göstərdilərsə, sadə Azərbaycan vətəndaşlarına necə münasibət göstərə biləcəklərini təsəvvür etmək çətin deyil.

Fikrimcə, Gürcüstanın Azərbaycandakı səfirliyi bu məsələ ilə bağlı izahat verməli, təmsil etdiyi dövlətin arxiv idarəsinin bu cür kobud hərəkətinə görə Azərbaycan hökumətindən rəsmi üzr istəməlidir.

Nazir Əhmədli,
Azərbaycan Atatürk Mərkəzində şöbə müdiri,
tədqiqatçı alim” 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook