SON XƏBƏR

“Ermənistana əmr verilir ki, Qarabağı qaytarma…”

Mart 14
02:08 2017
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır. Biz öz fəaliyyətimizi yüksək səviyyəli görüşün reallaşdırılmasına cəmləşdirmişik. Belə bir görüşün tezliklə baş verəcəyi təəssüratı yaratmaq istəməzdim, ancaq ümidvaram ki, görüş ən yaxın gələcəkdə baş tutacaq”.

Bu sözləri ATƏT-in Minsk qrupunun Bakıda səfərdə olan amerikalı həmsədri Richard E. Hoagland martın 11-də keçirdiyi mətbuat konfransında deyib.

O, prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərindən, uzun müzakirələr aparmalarından bəhs edib.

Bu görüş münaqişənin həlli istiqamətində hansısa irəliləyişlərə nail olacaq?

"Ermənistan danışıqları uzadır”

Deputat Aydın Mirzəzadə Toplum Tv-yə açıqlamasında deyib ki, Ermənistan danışıqları uzadır.

Onun sözlərinə görə, Azərbaycan problemin həllində maraqlıdır, bu problemin necə həll olunacağında  deyil və danışıqlar da problemin həlli variantlarından biridir:  "Həmsədrlər bir qayda olaraq tərəflərin görüşünü təşkil etməklə məşğuldurlar. Onların mandatı problemi həll etməkdir. Həm Amerikanın, həm də Rusiyanın problemin həllinə ciddi təsir etmək imkanları var. Ortada Ermənistanın Azərbaycan torpaqlarının işğalı məsələsi var ki, bu dövlətlər Ermənistanı yenə də işğalçı adlandırmayıblar. Ən əsası isə problemin həllində hər iki tərəfi güzəştə dəvət edirlər. Torpağı işğal olunan dövlət hansı güzəştlərə gedə bilər? Bu suala isə onların konkret cavabları yoxdur. Azərbaycan problemin həllində maraqlıdır, bu problemin necə həll olunacağında deyil. Danışıqlar da problemin həlli variantlarından biridir. Amma məsələ orasındadır ki, Ermənistan danışıqları uzadır. Erməninstan işğal etdiyi torpaqları öz nəzarəti altında saxlamağa çalışır. Buna görə də, Azərbaycanla danışıqlara getməkdən həmişə imtina edib”.

"Bu diplomatik fəaliyyətlər, səfərlər və görüşlərin heç bir əhəmiyyəti yoxdur”

Politoloq Zərdüşt Əlizadə açıqlamasında qeyd edib ki, əgər beynəlxalq hüquq normalarına uyğun olaraq işğalçı və təcavüzkar olan Ermənistanı dəstəkləyən Minsk qrupunun həmsədrləri öz mövqelərindən geri çəkilməsələr, Azərbaycanı öz hüquqlarından imtina etməyə məcbur etməsələr, irəliyə doğru heç bir addım atıla bilməz:
 
"Bu görüşün təşkilinə çalışan Minsk qrupunun həmsədrləri sadəcə aldıqları yüksək maaşın haqqını verməyə çalışırlar. Ümumiyyətlə, bu diplomatik fəaliyyətlər, səfərlər və görüşlərin heç bir əhəmiyyəti yoxdur. Əgər beynəlxalq hüquq normalarına uyğun olaraq işğalçı və təcavüzkar olan Ermənistanı dəstəkləyən Minsk qrupunun həmsədrləri öz mövqelərindən geri çəkilməsələr, Azərbaycanı öz hüquqlarından imtina etməyə məcbur etməsələr, irəliyə doğru heç bir addım atıla bilməz. Aydındır ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, bu işdə Ermənistana həm Fransa, həm Amerika, həm də Rusiya dəstək verib. Azərbaycan və Ermənistan rəhbərləri bu münaqişə sayəsində hakimiyyətə gəldikdən sonra onlar da çox gözəl anlayırlar ki, münaqişənin həlli onların istəyinə uyğun deyil. Hər bir ölkə öz imkanlarını qoruyub saxlamağa çalışır. Ermənistan və Azərbaycan xalqı cahildir. Məsələnin mahiyyətini anlamırlar, öz xeyirlərini anlamırlar. Ona görə də, siyasi oyunlara aldanmaq lazım deyil. Sadəcə olaraq, Ermənistana əmr verilir ki, Qarabağı qaytarma”.

"Bu görüşdən hər hansı bir ciddi razılaşma gözləmirəm”

Politoloq Azər Qasımlı açıqlamasında bu görüşdə Azərbaycana danışıqları davam etdirməklə bağlı təklifin veriləcəyini qeyd edib:
 
"Düşünmürəm ki, bu görüş alınsa, tərəflər arasında ciddi bir razılaşma olacaq. Yeganə razılaşma bundan sonrakı görüşlərlə bağlı razılaşma ola bilər. Bu görüşlərin davam etdirilməsini təklif edə bilərlər, yəni bu problem sülh və danışıq yolu ilə həll oluna bilər. Artıq neçə vaxtdır ki, yüksək səviyyəli görüşlər keçirilmir. Azərbaycan da bəyan edib ki, o, artıq görüşlərdə iştirak etməyin zəruriliyini görmür. Çünki artıq neçə ildir ki,  Minsk qrupunun çərçivəsində görüşlər və danışıqlar aparılır, amma heç bir konkret nəticəsi olmur. Ona görə də, düşünürəm ki, bu görüşdə Azərbaycana danışıqları davam etdirməklə bağlı təkliflər veriləcək. Azərbaycanı inandırmağa çalışacaqlar ki, bu problem yalnız Minsk qrupu çərçivəsində həll oluna bilər. Bu görüşdən hər hansı bir ciddi razılaşma gözləmirəm”.

Richard E. Hoagland vurğulayıb ki, həmsədr ölkələr münaqişənin hərbi yolla həllini mümkün hesab etmirlər.

Alya A.
Toplum.Tv 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook