SON XƏBƏR

Elman Məmmədov: “Ayaz Mütəllibovun Xocalını xilas üçün zəruri tədbirlər görə bilməməsi xəyanətdir”

İyun 17
11:30 2017
"Mən Ayaz Mütəllibov haqda hər şey demişəm, amma ”xəyanətkar" deməmişəm"
 
"1965-ci ildə Xankəndidə orta məktəbdə oxuyurduq. Ermənilər qoymurdular ətraf yaşayış məntəqələrində orta məktəblər açılsın. Biz 8-ci sinfi bitirib 9-10-u Xankəndində oxuyurduq. Ermənilər Xankəndidə 3 azərbaycanlını məhkəmədən çıxarıb maşına mindirilən anda hücum etdilər, maşını və Xocavənddən olan azərbaycanlıları yandırdılar. Hadisənin baş verdiyi yerin 30-40 metrliyində alay, vilayət prokurorluğu və milis şöbəsi yerləşdirdi”.
 
Xocalı rayonunun sabiq icra başçısı, deputat Elman Məmmədov bu fikirləri iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, "Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində mətbuat nümayəndələri üçün keçirilən kurslarda söylədi.
 
Dediyinə görə, Azərbaycana qarşı iddialarından heç vaxt əl çəkməyən ermənilər həmin hadisədən sonra yerlərində oturmağa vadar edildilər: "O vaxt DTK-da işləyən mərhum ümummilli liderimiz Heydər Əliyev Xankəndinə gəldi, 100 nəfərdən çox erməni həbs olundu və ermənilərin üsyanı yatırıldı. 12 fevral 1988-ci ildə bizim hamımızı Əsgəran Partiya Komitəsinə çağırdılar ki, fəallar yığıncağıdır. Cəmi 6 azərbaycanlı idik, ancaq 500-ə qədər erməni idi. Gevorkov, Konavalov, Qriqoryanın iştirakı ilə toplantı başladı. Gevorkov çıxışa başlayanda zaldakılar ayaqlarını yerə döyüb ”Miatsum" qışqırmağa başladılar. Bunlar çıxıb qaçdılar. Biz qaldıq 500 erməninin içərisində. Durub bayıra baxanda gördük ki, əllərdə bayraqlar tutmuş insanlar binanın qarşısına toplaşıb. Təbii ki, təşkil olunmuş aksiya idi, onları kənardan gətirmişdilər. Səhər Xankəndidə mitinqlərə start verildi".
 
E.Məmmədov azərbaycanlılar etiraz olaraq Ağdamdan Əsgərana dinc yürüşə başladığı zaman Əli ilə Bəxtiyar adlı həmvətənimizin öldürüldüyünü xatırlatdı. Bildirdi ki, hadisələri qızışdırmağa hazır olan ermənilər 28 fevralda Sumqayıt hadisələrini törətdilər.

Xocalı soyqırımına aparan hadisələrdən bəhs edən E.Məmmədov dedi ki, şəhərə ilk erməni hücumu 1988-ci il 18 sentyabrda-bazar günü baş verdi: "Xocalıda toy idi. Ermənilər Xankəndidə mitinq keçirib qərar veriblər ki, "gedirik Xocalını boşaltmağa". Qarşıda "Kraz” maşınları gəlir və yük yerində də ucu şiş dəmir linglər yüklənib. Bizə xəbər verildi ki, ermənilər gəlir. Onda bizdə 20-30 ov tüfəngi və "tir” tüfəngi var idi. Qalan camaat da balta, dəryaz götürüb çıxdıq ermənilərin qarşısına. Ermənilər artıq Xocalıya girdilər. 6 evimizi yandırdılar. Bizdən yaralanan olduqda biz də erməniləri vurmağa başladıq. Ermənilər o qədər hazırlıqlı idilər ki, özləri ilə "təcili yardım” maşını da gətirmişlər, yaralıları maşına atıb geri göndərirdilər. Biz onları geri qaytara bildik. Bizdən ölüm olmadı, yaralanan oldu".

E.Məmmədov ermənilərin bu vəhşiliyinə o zamankı hakimiyyətin laqeyd münasibətindən də bəhs etdi: "5 km-likdəki Əsgəranda SSRİ Daxili Qoşunlarının komendaturası yerləşir. Mən iki dəfə danışdım ki, ermənilər hücuma gəlir. Dedilər yaxşı, müdaxilə edəcəyik. Amma erməni milislər komendaturanın hərbçilərinin qarşısına düşüb onları kəsə 5 km-lik yolla yox, Xankəndidən keçməklə 40 km-lik məsafə qət edərək gətirmişdilər ki, onlar çatanadək ermənilər bizi qırıb qurtarsın. Ancaq biz düşmənin qarşısını ala bildik. Sonrakı gün ermənilər xəbər yaydılar ki, 19 itki veriblər. Səhər tezdən Zori Balayan təyyarə ilə ermənilərin köməyinə gəldi. Azərbaycan hökuməti isə 3 gündən sonra bizim köməyimizə gəldi. Bu 3 gündə biz yolu bağlamışdıq, maşınları buraxmırdıq, ermənilər yalvarırdılar. Ancaq kənddə çörək də tükənmişdi. O zaman Həsən Həsənovun müdaxiləsi ilə şəhərə ərzaq gətirmək mümkün oldu”.

E.Məmmədov dedi ki, həmin gün xocalılar ermənilərin yaxşı payını verdilər. Amma hücum edən ermənilər olsa da, 9 nəfər Xocalı sakini həbs edilir: "Ölən ermənilərin isə adı açıqlanmadı. Sonra məlum oldu ki, ölən və yaralanan ermənilər Ermənistandan gətirilən təhlükəli cinayətkarlar olub. Onda da Azərbaycan hökuməti bizə sahib çıxmadı. Hətta deyirdilər bu məsələni SSRİ rəhbərliyi araşdırır, biz qarışa bilmərik. İlyas İsmayılov sağdır. Vəzirov heç salamat olmasın, gəldim onun yanında, dedi biz Moskvanın işinə qarışa bilmərik. 7 nəfəri buraxdılar, amma iki nəfər 1 il 9 ay həbsdə yatdı. O vaxtkı Azərbaycan rəhbərliyinin Qarabağa biganəliyi bu cür idi”.

Xocalının sabiq rəhbəri çəkilən filmlərdə, yazılan kitablardakı yanlışlıqlar barədə də danışdı: "Bu məsələlər bizim tariximizdir, burada hansısa təhrifə, düzgün olmayan məlumata yol vermək fəlakətdir. Eyni hadisə 3-4 müəllif tərəfindən fərqli-fərqli yazılır. Erməni bunları xarici dillərə tərcümə edib deyir ki, baxın, bunlar yalan danışırlar. Xocalı soyqırımı, Qarabağ hadisələri ilə bağlı belə yanlışlıqlar var. Tatyana Çaladzenin kitabında rəsmi sənədlər var. Müdafiə Nazirliyinin rəsmi məlumatında yazılır ki, 11-dən 12-nə keçən gecə ermənilər Malıbəyliyə hücum etdilər, 12-də ermənilər Xocalı aeroportuna hücum etdilər, döyüşlər gedir. Tamamilə yalandır. Ona görə də biz belə məsələlərdə diqqətli olmalıyıq. Mən Xocalıya rəhbərlik etmişəm, Xocalı ilə bağlı məndən dəqiq məlumat verən ikinci şəxs ola bilməz, çünki məsul şəxs idim, orda idim. Xocalıda Milli Ordu, ya OMON-un etdiklərindən bəhs olunur. 1988-ci ildən biz özümüzü qoruyurduq. Azərbaycanda Milli Ordu yaranandan sonra ərazi özünümüdafiə batalyonu yaradılmışdı, amma bir nəfər də olsun hərbçilər yox idi, hamı yerli sakinlər idi. Rəhmətlik Məhəmməd Əsədovun dövründə OMON yaradılandan sonra 20 nəfərlik qruplar Xocalı aeroportunda növbəli qaydada xidmət aparırdı. Bu da 1991-ci ilin sentyabrına qədər davam etdi. Bundan sonra rəhmətlik Əlif Hacıyevin rəhbərliyi ilə 25 nəfərdən ibarət milis dəstəsi yaradıldı və onlar keşik çəkməyə başladılar”. Deputat dedi ki, Ə.Hacıyevin ölümündən sonra Aqil Quliyevin rəhbərliyi ilə Xocalıya 21 döyüşçü gəldi: "Amma onlar da silahsız gəlmişdi. 5 nəfər də ərzaq üçün Ağdam tərəfə keçdi, geri qayıda bilmədi. Yalnız 16 nəfər qaldı, onların da 12-si şəhid oldu, 4-ü bu gün sağdır. Xocalının müdafiəçiləri Xocalı ərazimüdafiə batalyonunun üzvləri idi. Döyüşçülərin sayı 200 nəfərdən bir az artıq idi, amma hamısı silahlı deyildi. Şəxsi heyətdə avtomatlar, 4 əl pulemyotu, 2 qumbaraatan, komandir heyətində isə tapançalar var idi”.

E.Məmmədovun dediyinə görə, Xocalı aeroportunu qoruyan 25 nəfər tapança, avtomat, 1 snayper silahı ilə təchiz olunmuşdu. Onlarda bir dənə də sovet ordusundan qənimət olaraq əldə edilən BRDM olub: "Həmçinin Aqil Quliyevin rəhbərliyi ilə 16 nəfəri də bura əlavə etsək, qüvvələrin sayı bəlli olur. Bizdə əlavə 2 "Alazan", 1 dənə "Kristal” qurğusu var idi. Həsən Həsənov sağ olsun, onun köməyi ilə almışdım və ətrafdakı erməni kəndlərini viran qoyurduq. 366-cı alay olmasaydı, ermənilər heç vaxt bizə yaxın gələ bilməzdilər". Deputat Xocalıya hücum edən qüvvələrin qat-qat güclü olduğunu dedi.

Ermənilərin heç vaxt Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi fikrindən daşınmadığını vurğulayan E.Məmmədov ilginc bir faktı da açıqladı: "Xocalıda tikinti aparılanda bir erməni qayıdıb demişdi ki, ”ara, tikin, tikin, onsuz da bizə qalacaq". Mən gəlib Bakıda dedim Xocalı hamının yaşamağa evi var, gəlin Xocalının müdafiəsini möhkəmləndirək. Ancaq baxan olmadı. Əlimizdəki silahı gizlədirdik ki, Bakıdan gəlib tapacaqlar, özümüzü həbs edəcəklər. Qəriblərdə çayxanada qəbz vermişəm ki, mən filankəslərdən aldığım ov tüfəngini bu hadisələr başa çatandan sonra sahiblərinə qaytaracağam. Biz ordan-burdan silah yığırdıq. Hökumət qoşunlarından bizə tərəf heç kim gəlmədi. Yox idi hökumət. Heç yaralıları, meyitləri götürməyə də gələn olmadı. E.Məmmədov sabiq prezident Ayaz Mütəllibovu "qətiyyətsiz və qorxaq” adlandırdı. "Mən Ayaz Mütəllibov haqda hər şey demişəm, amma ”xəyanətkar" deməmişəm. Ancaq Xocalını xilas üçün zəruri tədbirlər görə bilməməsi də elə xəyanətdir. Azərbaycanın Müdafiə Nazirliyi yaradıldı, amma nazirlik, silah, sursat yox idi. Mən o dövrdəki rəhbərliyi günahlandırıram ki, xalqı səfərbər edə bilmədilər. Mən 10 nəfərlə iki sutka meşədə qalmışdım. Gəldim ki, mənim ölüm xəbərimi yazıblar. Onu da oxudum ki, Xocalıda iki nəfər ölüb, şəhər uğrunda döyülər gedir".
 
Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook