Əli Əhmədov: “Azərbaycan tərəfinin münaqişənin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb"
İyun 18
11:30
2019
"Bu gün vacib məsələlərdən biri sülhün təmin edilməsidir. Etibarlı sülh olmadan dayanıqlı inkişaf ola bilməz. Azərbaycan xalqı selhsevər olsa da, təssüflər olsun ki, xalqımız 30 ildən çoxdur sülhə ehtiyacı olan xalqlardan birinə çevrilib. 1 milyon qaçqın və məcburi köçkün əhalinin 10 faizini təşkil edir. Bu insanların hüquqları 30 ildir ki, pozulur. Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb”.
Bunu Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Baş Nazirin müavinin sözlərinə görə, insan hüquqları müasir cəmiyyətin ən ali dəyərlərindən biridir: "Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasında Ombudsman təsisatının böyük rolu var. Bu gün çox vacib məsələlərdən biri sülhün təmin edilməsidir. Azərbaycan xalqı sülhsevər olmasına baxmayaraq artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Azərbaycan hökuməti məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir, onların mənzillə təmin olunması üçün müvafiq işlər görülür”.