SON XƏBƏR

Azərbaycan və Avropa Birliyi tarixi sənəd imzalamaq ərəfəsində

Aprel 05
09:37 2019
Tərəfdaşlıq sazişi 95 faiz hazırdır; Bakı və Brüsseldən "Gələn ay sənədi tam razılaşdıracağıq” bəyanatı gəldi

Aprelin 4-də Brüsseldə Avropa Birliyi (AB)-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilib. İclasda Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan-AB əməkdaşlığının vəziyyəti nəzərdən keçirilib.

Şuraya Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və AB tərəfdən AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini sədrlik edib. İclasda 2018-ci il sentyabrın 28-də qəbul edilmiş 2018-2020-ci illər üzrə tərəfdaşlıq prioritetlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin şurada Azərbaycanda aparılan islahatlar, iqtisadi və ticari əməkdaşlıq, enerji sahəsində əməkdaşlıq, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi, nəqliyyat, təhsil, ətraf mühit kimi məsələlər, mobillik, həmçinin vizanın sadələşdirilməsi və readmissiya sazişinin icrası müzakirə olunub. Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsi və digər regional məsələlərə dair müzakirə aparıblar.

Elmar Məmmədyarov və Federika Mogerini görüşün yekunlarına dair mətbuat konfransı keçiriblər. ONA-nın məlumatına görə, E.Məmmədyarov Federika Mogerini ilə böyük geosiyasi layihə olan Cənubi Qaz Dəhlizi layihəsini müzakirə etdiklərini deyib: "Biz inanırıq ki, 2020-ci ildə bu layihə icra ediləndə və Azərbaycan sektorundan qaz Avropaya çatdıqda, bu, əməkdaşlıq üçün tamamilə yeni imkanlar açacaq. Bu layihə regionda başqa ölkələrə kimi genişlənə bilər. Xüsusilə Balkan ölkələrini nəzərdə tuturam”.

Nazir bildirib ki, Avropa İttifaqı hazırda mövcud olan nəqliyyat dəhlizlərindən istifadədə maraqlıdır: "Xüsusilə Bakı-Tiflis-Qars layihəsinin açılışı yeni imkanlar açır. Bu layihə regionda oyunun gedişatını dəyişir. Bu layihə Avropadan nəinki Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya və daha uzağa yol açır. Nəqliyyat ikitərəfli əlaqələrimizin vacib tərəfidir”.

Nazir həmçinin vurğulayıb ki, bu il Şərq tərəfdaşlığı layihəsinin 10 illiyi qeyd olunur: "Bu layihə 100 faiz icra olunmayıb. Hələ bu çərçivədə çox imkanlar var. Bu həm Aİ, həm üzv ölkələr, həm də 6 Şərq Tərəfdaşlığı ölkəsi üçün imkanlar açır”.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan AB ilə yeni tərəfdaşlıq sazişini əlaqələrimiz üçün vacib sənəd hesab edir. Bu sənəd müxtəlif istiqamətdə əlaqələr üçün yeni imkanlar açacaq: "Sənədin 95 faizi razılaşdırılıb. 5 faizi isə qismən razılaşdırılıb. Biz hesab edirik ki, gələn ay sənədi tamamilə razılaşdıracağıq”.

Federika Mogerini də bildirib ki, AB və Azərbaycan yeni saziş üzrə danışıqları başa çatdırır: "Danışıqlar yekun mərhələdədir və tezliklə başa çatacaq”. O, habelə deyib ki, Avropa İttifaqı mediasiya səylərini və ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkliflərini tam dəstəkləməyə davam edəcək: "Müzakirə edilən prioritet məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Ötən həftə Ermənistan və Azərbaycan liderləri arasında görüşün şahidi olduq. Parisdə əldə olunan razılıq və atəşkəs pozuntusu hallarının azaldılması prosesin irəlilədilməsinə və tərəflərin şərtsiz danışıqları davam etdirməsinə dair bizdə ümid yaradır”.
AB komissarı bildirib ki, tək Azərbaycan və Ermənistan vətəndaşları deyil, hər kəs davamlı sülhdən faydalanacaq. Çünki davamlı sülh bütün regionun öz potensialından istifadə etməsinə şərait yaradacaq.

Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Hann isə bildirib ki, Azərbaycanla Avropa Birliyi arasında sazişin əldə olunması çox əhəmiyyətlidir: "Bu, region üçün də vacib siqnaldır, çünki Azərbaycan və Avropa İttifaqı bir çox sahələrdə yaxın tərəfdaşdır”.

Onun sözlərinə görə, Azərbaycan və AB arasında əməkdaşlığın prioritet məsələlərindən biri iqtisadi əlaqələri gücləndirmək, Azərbaycan iqtisadiyyatının diversifikasiyasını və ölkənin Dünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləməkdir. Y.Hann vurğulayıb ki, AB Azərbaycanın ən böyük ticarət və sərmayə tərəfdaşıdır: "Azərbaycan və Aİ arasında enerji sahəsində strateji əməkdaşlıq mövcuddur. Cənub Qaz Dəhlizini buna nümunə göstərə bilərəm”.

Komissar əlavə edib ki, son illərdə Azərbaycan və AB arasında ətraf mühit, iqlim, nəqliyyat sahələrində də əməkdaşlıq gücləndirilib: "Azərbaycan şimalı cənubla, şərqi qərblə birləşdirən kəsişmədə yerləşir. Ölkə Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Qars kimi layihələr həyata keçirir. Avropa İttifaqı bu layihələrə, xüsusən də Bakı limanına dəstək göstərməkdə maraqlıdır”.

Qeyd edək ki, AB ilə tərəfdaşlıq sazişinin imzalanması üçün yekun sənədin razılaşdırılmasının may ayında baş tutacağı barədə bir müddət öncə AB üzrə ekspert Yeganə Hacıyeva "Yeni Müsavat”a açıqlamasında proqnoz vermişdi. Nazir E.Məmmədyarovun və F.Mogerininin Brüsseldə dünən verdiyi açıqlamalar proqnozun reallaşması deməkdir.

Yeganə Hacıyeva "Yeni Müsavat”a şərhində bildirdi ki, AB-Azərbaycan münasibətləri tərəflərin razılaşdırdıqları proqram üzrə davam edir: "Lakin bir müddət sizin qəzetinizə dediyim kimi, AB ilə strateji tərəfdaşlıq sazişinin imzalanması ilin ikinci yarısı imzalanacaq. Amma sazişin imzalanması üçün yekun sənədin razılaşdırılması haqqında bir sənədin imzalanması mümkündür. Yəni sənədin əksər bəndləri razılaşdırıldığı üçün, lakin bir neçə strateji bəndlər isə hələ qaldığından qarşılıqlı təkliflərin üzərində işlər gedir. Böyük ehtimalla, bu tərəfdaşlıq sazişi bu ilin payızında imzalanacaq. May ayı üçün isə ümumi razılaşdırılmış məqamların bir daha gözdən keçirilməsi, komitələrin işinin yekunlaşdırılması, razılaşdırılmış məqamlar üzrə protokolların tərtibi prosedurları yekunlaşacaq”.

Ekspert onu da dedi ki, Azərbaycana qarşı Avropa Şurasında, Avropa Parlamentində və digər təşkilatlarda aparılan kampaniyaların heç birinin bu proqrama təsiri olmayıb: "Bütün səylərə, maneələrə baxmayaraq bu proses uğurla davam edir. Avropa İttifaqı-Azərbaycan münasibətləri tərəflərin razılaşdırdıqları proqram üzrə daha bir mühüm mərhələni arxada qoydu. Keçirilən iclas və müzakirələrin nəticələri birmənalı olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasına hazırlığın daha bir mərhələsi idi”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook