SON XƏBƏR

Azərbaycan neftçilərinin rəmzi - Akademik Xoşbəxt Yusifzadə 90...

Yanvar 13
10:36 2020
Xoşbəxt  Bağı oğlu Yusifzadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, AMEA-nın akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Rusiya Beynəlxalq Mühəndislik  Akademiyasının fəxri akademiki, geologiya-mineralogiya elmləri doktoru, professor. Azərbaycanın əməkdar mühəndisi, Dövlət mükafatları laureatı, Azərbaycan neft-qaz sənayesinin patriarxlarından biridir. 2020-ci ilin yanvar ayının 14-də alimin anadan olmasının 90 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev akademikin əlamətdar yubileyinin Dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb. 
 


Xoşbəxt  Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Xəzərin sahillərində  qərar tutan  Pirşağı kəndində dünyaya göz açıb... Atası otuzuncu illər represiyasının qurbanı olub. Günahı məhkəmədə sübut edilməsə də həbs edilib və Sibirdə dünyasını dəyişib. Xoşbəxt müəllimin elmə gedən yolu Pirşağıdakı 112 №li orta məktəbdən başlanıb... Orta təhsilini Kürdəxanı kəndindəki 113 №li orta məktəbdə başa vurub. Amansız müharibə o dövrün uşaqları kimi onun da uşaqlıq illərini əlindən alıb...  O, məktəbin say-seçmə şagirdlərindən olub. 13 yaşında ikən komsomol sıralarına qəbul olunub, məktəb komsomol təşkilatının katibi seçilib. 
       
1947-ci ildə qəbul imtahanlarını uğurla verərək Azərbaycan Sənaye İnstitutunun "Geoloji-Kəşfiyyat fakültəsinin Neft və Qaz yataqlarının geologiyası və kəşfiyyatı” bölməsinə daxil olub... 1952-ci ildə institutu "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” fakültəsini dağ mühəndisi ixtisası üzrə bitirib... Alimlər onun  "diplom layihə”sinin namizədlik dissertasiyasına bərabər olduğunu, aspiranturaya girəcəyi tədqirdə bir ilin içində müdafiə edə biləcəyini söyləmişdilər...". 
 

       
Bu gün Xoşbəxt Yusifzadənin dünyaya göz açdığı Bakının Pirşağı kəndində, alimin təhsil aldığı 112 saylı ümumtəhsil məktəbində fədakar neftçinin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. Kənd ictimaiyyətinin, ziyalıların və məktəb kollektivinin iştirakı ilə  baş tutan tədbir  olduca maraqlı keçib. Yubiley mərasimi məktəb şagirdlərinin ifasında Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin musiqi kollektivinin ifasında "Neftçi” mahnısı təqdim olunub. Sonra isə akademikin 90 illik yubileyinə həsr olunan "Azərbaycan neftçisinin rəmzi... Akademik Xoşbəxt Yusifzadə” adlı sənədli filmin nümayişi olub. Ekran əsəri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Tədbir çıxışlarla davam etdirilib. 
 

     
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov akademik barədə geniş məlumat verərək onun Azərbaycan neft sənayesinə, Azərbaycan elminə gətirdiyi nailiyyətlər barədə danışıb.Kənd sakinləri, ağsaqqallar, ziyalılar və müəllimlər həmyerliləri olan bu görkəmli neftçi barədə xoş arzularını bölüşüblər. Tədbirin təşkilatçıları adından çıxış edən Akif Quliyev Xoşbəxt müəllimi Pirşağı kəndindən çıxıb Pirşağının fəxrinə, qürur mənbəyinə çevrilən bir ali şəxsiyyət kimi təqdim edib. Ayrı-ayrı kənd ziyalılarının akademikə həsr etdiyi şeirlər tədbiri daha da rövnəqləndirib. Kənd sakinlərindən ibarət xalq çalğı alətləri ansamblının təqdim etdiyi musiqi nömrələri, məktəblilərin ifasında səslənən mahnı və muğamlar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirin sonunda çıxış edən fədakar neftçi, el ağsaqqalı, akademik Xoşbəxt Yusifzadə maraqlı xatirələrini bölüşüb və tədbir iştirakçılarına minnətdarlığını bildirib. 
 
Eldar İskəndərzadə
 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, telejurnalist.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook