SON XƏBƏR

Azərbaycan milli teatrının baş məbədində RƏZALƏTİN SON ZİRVƏSİ

Mart 16
13:24 2018
İki il öncə Azərbaycan milli teatrının baş məbədinə Azərpaşa Nemətov adlı şəxs direktor və bədii rəhbər vəzifəsinə təyin olundu. Elə bundan sonra teatrın acılı dönəmi başladı.

Özündən savayı kimsəni qəbul etməyən, ölkədəki başqa rejissorların bu qos-qocaman teatrda tamaşalar qoymasına qısqanclıqla yanaşamaqla və köhnə repertuara "əl gəzdirmək” bəhanəsi ilə uğurlu tamaşaları arxivə gömmək taktikasını işə salındı. Fridrix Dürremantın "Yaxşı xanımın gəlişi” (rejissoru Rövşən Almuradlı), Elçinin "Teleskop” (rejissoru Kamran Şahmərdan), Toyqun Orbayın "21:15 qatarı” (rejissoru Bəhram Osmanov), Vaqif Səmədoğlunun "Generalın son əmri” (rejissoru Ramiz Həsənoğlu) və başqa tamaşaları örnək göstərmək olar. İndi teatrın repertuarında, sadəcə, onun hazırladığı tamaşalar üstünlük təşkil edir. O da bəllidir ki, həmin tamaşalar "rejissor işi” baxımından çox uğursuzdur. Həmin tamaşaların baxımlı olmasında aktyorların daxili enerjisi və sənət təcrübəsi əsas faktorlardan biri sayılır. Bütün bunlarla barışmayan A.Nemətov dolayı yolla olsa da, aktyorlarla intriqalar aparır. Əməkdar artist İlham Hüseynova qarşı etdiyi haqsızlıqlar buna örnəkdir.

Azərpaşa Nemətov prezidentin sərəncamını saymır 

İlham Hüseynova 2011-ci ildə ölkə prezidenti İlham Əliyevin sənərcamı ilə respublikanın əməkdar artisti fəxri adı verilib. Prezidentin etibar etdiyi mütəxəssislərin və Mədəniyyət və Turizm Nazirliyinin rəyləri əsasında İlham Hüseynovun istedadına və oynadığı rolların bədii meyarlarına qiymət verilib. Onun sənət və yaradıcılıq baxımından istedadını dəyərləndirərək Akademik Milli Dram Teatrında işləməyə dəvət alıb. Bu dəvətlər teatrın keçmiş rəhbərləri Maqbet Bünyadov və İsrafil İsrafilovun təşəbbüsləri sayəsində baş tutub. O, "Gəncə Dövlət Teatrı”nda bir sıra uğurlu rollarına görə təkcə orada deyil, başkənd Bakıda da tanınır və sevilirdi. "Müsyö Jordan və Dərviş Məstəli Şah”da (M.F.Axundzadə) Müsyö Jordan, "Dəli yığıncağı”nda (C.Məmmədquluzadə) Doktor Lalbyuz, "Oqtay Eloğlu”da (C. Cabbarlı) Aslan bəy, "Afət”də (H. Cavid) Xandəmir, "Vanya Dayı”da (A. Çexov) Ostrov, "Evlənmə”də (N.Qoqol) Podkolyosin (qeyd edək ki, bu roluna görə Ukraynanın Dneprodjrezinski şəhərində 50 ölkə teatrlarının iştirak etdiyi uluslararası teatr festivalında ən maraqlı kişi rolunun ifaçısı kimi birinci yeri tutub), "Duel”də (M.Bayciyev) Əziz, "Şeyx Nizami”də Şeyx Nizami (O.Altunbay), "Qəribə oğlan”da (İ.Əfəndiyev) Valeh, "Qatil”də (Elçin) Gənc Kişi, "Molla Nəsrəddin və Əzrayıl”da (Y.Əzimzadə) Əzrayıl, "Varlı qadın”da (Ə.Əmirli) Alman, "Kişi və qadın”da (Ə.Əmirli) Pərviz kimi bənzərsiz rolların ifaçısı olaraq çağımızın sevilən aktyorlarından birinə çevrildi. Onun istedadının üzə çıxmasında Vaqif Şərifov, Bəhram Osmanov, İradə Gözəlova və Gümrah Ömər kimi rejissorların əməyini özəlliklə qeyd etmək gərəkdir. Akademik Milli Dram Teatrına dəvət aldıqdan sonra "Nazirin xanımı”nda (B.Nuşiç) Ninkoviç, "Qoca Kloun tələb olunur”da (M.Vişnek) Oyun aparıcısı, "Kölgə”də (Y.Şvart) Həkim, "Nadir Şah”da (Y.Oğuz) Əbdül Əfəndi, Hakim Atalıq, Baş münəccim, Qolitsin, "Sənətkarın Taleyi”ndə (E.Əfəndiyev) Qraf, "Generalın son əmri”ndə (V.Səmədoğlu) Şeypurçu əsgər və digər tamaşalarda maraqlı obrazlar yaratdı. Demək olar ki, o, Gəncə və Bakı teatrlarında oynadığı rolların böyük və ya kiçik olmasına görə deyil, yaratdığı obrazların xarakterik özəlliklərinə önəm verdiyi üçün sevilən sənətkar kimi tanınmışdır.

Uğursuzluq və meşşanlıq sindromu

Azərpaşa Nemətov Akademik Milli Dram Teatrına qədər uzun bir yol keçib. O, illər boyu Gənc Tamaşaçılar Teatrında (GTT) rejissor köməkçisi və rejissor kimi çalışıb. Daha sonra Rusiyanın Sankt-Peterburq Teatrında işləyib. 1977-ci ildə oradan uğursuz rejissor kimi Bakıya dönmüş və yenidən GTT-da çalışmağa başlamışdır. Faktiki olaraq 1990-cı illərə kimi GTT-da bir rejissor kimi teatr adına hansısa uğur qazana bilməmişdir. Bunun əsas səbəbi GTT-nin yarandığı gündən bu teatrın "Aktyor Teatrı” olmasına bağlı idi. Elə ona görə də GGT-də rejissorlar istedadlı aktyorların arxasında "gizlənməli” olublar. Ara-sıra A.Nemətov Akademik Milli Dram Teatrında tamaşalar qoysa da, onların heç biri ciddi sənət uğuru sayılmayıb. Bunun səbəbi GTT-dakı genetik ənənələrə bağlıdır. Çünki Akademik Milli Dram Teatrı "Rejissor Teatrı” ənənələrinə malikdir. İstənilən rejissor üçün bu teatrda uğura imza atmaq həm də adını altun hərflərlə teatr tarixinə yazmaq deməkdir. Onun son illərdə hazırladığı tamaşaların təkcə bir "uğur”u var. Tamaşa bitdikdən sonra, "təzim” səhnələridir. Dünyanın heç bir teatrında olmayan bu anlam əndrabadi şəkildə Bakıda, özü də ana teatrda baş verir. 15-20 dəqiqə sürən "poklon” (təzim) mərasimi aktyorların tamaşa boyu çəkdiyi əzabların zirvəsi, yəni finalı sayılır. Əslində həmin tamaşaların rejissor işi baxımından zəif olmasına baxmayaraq, aktyorların istedadı və peşəkar səhnə təcrübəsi sayəsində əldə edilən uğurlara "təzim” məqamında "şərik çıxmaq” ironik də olsa, acı bir gerçəklikdır. Beləliklə, tamaşaçıların gözündə aktyorun enerjisi hesabına baxımlı tamaşaya "şərik”lik yaranır. Buna səhnəqrafiyanın bayağı "hipnozu” deyilir.

Teatr Xadimləri İttifaqının zülmətli erası

Bu qocaman təşkilatın özülü 1897-ci ildə qoyulub və öncələr "Artistlər İttifaqı” adı ilə tanınıb. O dönəmdə 300-dək teatr xadimini öz sıralarında birləşdirib. 1920-ci ildən "Türk Aktyorlar İttifaqı”, 1948-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti” kimi fəaliyyət göstərib. 1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqı adlanır. Belə bir möhtəşəm quruma Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib Mahmudbəyov, Üzeyir və Zülfüqar Hacıbəyli qardaşları, Abbas Mirzə Şərifzadə kimi ünlü sənət xadimləri başçılıq ediblər. Sonralar Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Şəmsi Bədəlbəyli, Mehdi Məmmədov, Lütfiyar İmanov, Həsənağa Turabov kimi müqtədir sənətkarlar rəhbərlik ediblər. 1991-ci ildən bu quruma Azərpaşa Nemətov başçılıq edir. Öncələr "Teatr Xadimləri İttifaqı” və onun nəzdindəki "Aktyorlar Evi” teatr və mədəniyyətimiz üçün ən qaynar mərkəz sayılırdı. A.Nemətovun kəraməti sayəsində sanki bu mədəniyyət ocağını qaramat bürüyüb. 28 il öncə "Teatr Xadimləri İttifaqı” və "Aktyorlar Evi” hər gün hansısa tamaşanın, tədbirin və şölənin sayəsində coşub-daşardı. Aktyorlar və sənət adamları buranı doğma evləri sayardılar. Kimin nə dərdi və problemi var idisə, rəhbərliyin sayəsində onların həllinə nail olardı. Teatrların istənilən cəfakeşinin bu qurumdan tələblərinə dərhal əməl olunması vacib şərtlərdən biriydi. Çünki, "Aktyorlar Evi” məhz onların üzvlük haqları sayəsində inşa edilib. Min dəfələrlə təəssüflər olsun ki, A. Nemətovun 27 illik sədrliyi çağında kimsə bunun şahidi olmayıb.

Akademik Milli Dram Teatrını "Aktyorlar Evi”nin aqibəti gözləyir

71 yaşlı və fəxri təqaüdə çoxdan çıxmalı olan Azərpaşa Nemətov yaşının bu çağında ölkənin ana teatrında direktor və baş rejissor statusu ilə ötən müddət ərzində başqa rejissorların burada tamaşa qoymasına qətiyyən imkan vermir. Bunu elə teatrın repertuarına nəzər salmaqla görmək olar. Onun quruluş verdiyi "Boy çiçəyi”, "Şah Qacar”, "Almaz”, "Cəhənnəm sakinləri” və "Ölülər” tamaşalarından savayı digər rejissorların quruluş verdikləri əsərlər nadir hallarda səhnədə oynanılır. Son iki ildə isə başqa rejissorların bu sənət ocağında tamaşa qoyması sanki tabuya çevrilib. Halbuki ölkəmizdə kifayət qədər istedadlı və teatr üçün əsl mədəniyyət hadisəsi yarada biləcək rejissorlarımız var. Həmin rejissorlara imkan yaradılmır ki, yeni düşüncə və fəlsəfi-estetik baxışları sayəsində əsl sənət mühitini yarada bilsinlər. Teatrın nəzdində Abbas Mirzə Şərifzadə, Ədil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımovun adlarını daşıyan yaradıcılıq səhnələri mövcuddur. Qanunla yaradıcılıq emalatxanası sayılan bu studiyalarda gənc rejissorlar, aktyorlar, dramaturqlar, rəssamlar və bəstəçilər üçün imkanlar yaradılmalıdır. Axı bu studiyalar teatr sənətinin sirlərini praktik baxımdan böyük səhnəyə gedən yolun başlanğıcı kimi qəbul edilir. A.Nemətovun kəraməti sayəsində bu yaradıcılıq studiyalarının qapıları toz içindədir. Belə getsə, Akademik Milli Dram Teatrı "Aktyorlar Evi”nin aqibətini yaşamalı olacaq.

İlham Hüseynova qarşı rəzalətin səbəbləri

Əməkdar artist İlham Hüseynov Gəncə Teatrından Bakıya dəvət aldıqdan sonra, qısa zamanda teatrda və kinoda bir sıra uğurlar əldə etdi. Belə ki, səhnədə və efirdə yeni enerji və intellektual səviyyədə silsilə obrazlar yaratması onun sənət uğurlarına səbəb oldu. "Aktrisa” filmində (rejissoru Rövşən İsax) Rüfət Hüseynzadə, "Sonuncu fəsil” teleserialında (rejissoru Rövşən İsax) İlyas Zamanlı, "Qırmızı bağ” filmində (rejissoru Mirbala Səlimli) Həkim və "Vicdan haqqı” teleserialında (rejissoru Rövşən İsax) yaratdığı İmran obrazları sənət uğurları ilə yanaşı, onu sənətsevərlərin sevimlisinə çevirdi. Azərpaşa Nemətovun Akademik Milli Dram Teatrına direktor və baş rejissor təyin olunanda İlham Hüseynovla belə bir dialoqu olub:

A. Nemətov: "Alə kimsən?”
İ. Hüseynov özünü təqdim edərək "Bu teatrın aktyoruyam”.
A. Nemətov: "Haralısan alə?”
İ. Hüseynov: "Gəncəli”
A. Nemətov: "Bir aktyor kimi səni tanımıram. Bura sənin yerin deyil. Get Gəncəyə”. 

Ölkə prezidenti İlham Əliyevin də tanıdığı və ona əməkdar artist fəxri titulunu verdiyi, teatrda və eləcə də ekranlardan sevilən bir sənətkara belə bir münasibət nə qədər ürəkağrıdıcı olsa da, İlham Hüseynov heç bir zaman intriqalara getmədi. Sadəcə, lal sükutla bütün bunları qarşılayıb yola saldı. Ömrünün əllinci baharını adlasa da və kirayələrdə tək-tənha yaşaması belə onu incitməyib. Tək istəyi teatrda və kinoda oynadığı rollarıdır. Ötən il amansız xəstəliyi ucbatından uzun müddət müalicə almalı oldu. Onun səhətinin qeydinə qalan ATV kanalı bütün müalicə məsrəflərini ödədi. Belə bir humanist aksiyanı telekanal vasitəsilə hər kəs duydu. O, artroz xəstəliyindən əziyyət çəkir. ATV kanalının dəstəyi ilə çanağının biri dəyişdirilib. Yazda yenidən əməliyyat olunmalıdır. Xəstəliyi ilə bağlı xəstəxanadan və poliklinikadan arayışı olsa da və teatra həmin sənədi bir neçə gün gec təqdim etməsi A.Nemətovun elə bil ki, əlinə bəhanə verdi. Ona görə də mətbuata açıqlama verib: "Əməkdar artist İlham Hüseynov teatrda ardıcıl olaraq iş davamiyyətini pozub. Teatrın yaradıcı və ictimai həyatında, kollektiv tədbirlərdə iştirak etmir. Bütün bu səbəblərə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib”.
 
Bəh.... bəh... "Teatr Xadimləri İttifaqı”nın sədri kimi ictimai mövqeyindən asılı olmayaraq, hər bir aktyorun xidmətində durmaq A.Nemətovun birbaşa vəzifə borcudur. Daşıdığı vəzifənin şərtləri də bunu tələb edir. O, tanınmış bir aktyorun qeydinə qalmaq əvəzinə, "nizam-intizam” bəhanəsini ortaya atmaqla özünü məsuliyyətdən kənarda saxlayır. Adama deyərlər ki, "bu qocaman sənət mədəbi sənin şəxsi mülkiyyətin və orada çalışanlar da nökər-naibin deyil”. Teatrın yaradıcı heyəti şahiddir ki, İlham Hüseynov ağır xəstəliyinə baxmayaraq, tamaşa günü canını dişinə sıxaraq səhnəyə çıxıb rollarını oynayıb. Tamaşaçıların alqışlarından sonra kirayədə yaşadığı evində əzabları ilə baş-başa qalıb. Kimsədən təmənna ummadan sabahkı rolları haqqında düşünüb. Unutmayaq ki, bürokratiyanın sonuncu zirvəsi olmuş Leonid Brejnevin durğunluq illərinin mürgülü düzənlə idarəetmə siyasəti XX yüzilin 90-cı illərində tarixin zibilliyində çoxdan dəfn olunub. Sənət və sənətkar enerjisinin dinamizmi zamanın ritmidir. Kimsə bunun qarşısını əyləc kimi saxlaya bilməz.

(Mənbə: Hurriyyet.org Ənvər Börüsoy,
sənətşünas)
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook