Təbabətin Naxçıvan möcüzəsi- Duzdağ
İyun 20
00:19
2016
Azərbaycanın qədim diyarı Naxçıvanın rəmzlərindən biri də edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır.
Məlumat üçün bildirək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, planetimizin əhalisinin təqribən 10 faizi allergik xəstəliklərdən əziyyət çəkir ki, bunun da 1,5-2 faizi bronxial astmanın payına düşür. Məlumata görə, dünyada 15 milyon nəfərə yaxın insan bronxial astmalı xəstədir. Bir çox xəstəliklərin, həmçinin bronxial astmanın müalicəsində duz şaxtası şəraitində aparılan müalicə, yəni spleoterapiya daha səmərəlidir.
Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Burada istənilən adam müalicə ala bilər.
Fizioterapiya xəstəxanası öz müalicəvi əhəmiyyətinə görə digərlərindən bir neçə cəhətdən üstündür. Ən yaxşı müalicə ocağı kimi tanınan Ukraynadakı xəstəxana 206 metr yerin dərinliyində yerləşdiyindən xəstələr buraya liftlə enməli olurlar. Bu isə təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarır. Bu şaxtada rütubətin normadan artıq olması və partlayıcı gücə malik metan kimi zəhərləyici qazların normadan çox olması öz təsirini göstərir. Naxçıvandakı şaxtalar isə dağın altında yerləşdiyindən bu kimi hallara rast gəlmək mümkün deyildir. Burada temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Xəstəxana horizontal şəkildə olduğundan buraya gələn xəstələr təxminən 300 metr məsafəlik yolu özləri qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır. Digər tərəfdən Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Belə olan halda burada müalicə alan xəstələr qısa müddətdə sağala bilirlər.
NAXCİVANXEBERLERİ.COM saytının əməkdaşları Duzdağ Fizioterapiya Mərkəzində olduğları zaman burda insan sıxlığının şahidi olmuş və bir neçə xarici vətəndaşdan müsahibə almışdır. Müsahibələri sizlərə təqdim edirik.

Müsahibimiz Qazaxıstan Respublikasının Astana şəhərində yaşayan Tolentayeva Yerkeş xanımdır. - " Mən Qazaxıstanın Astana şəhərində yaşayıram. Övladımın müalicəsi üçün birinci dəfədir ki, Naxçıvana gəlirəm. 5 yaşlı övladım 3 yaşından etibarən bronxial astma xəstəliyindən əziyyət çəkir. Mən Duzdağ Fizioterapiya Mərkəzi haqqında burda müalicə olunan həmyerlilərimizdən eşitmişdim. Onlar da əvvəlki illərdə bu müalicə ocağında müalicə olunaraq şəfa tapıblar. Biz də keçən il bunu eşitdik və qərara gəldik ki, bura gələk. Hal-hazırda 13 günlük müalicənin 10-cu günüdür və artıq müsbət təsir hiss olunmaqdadır. Ümidvarıq ki, müalicə müsbət nəticələr verəcək və gələcək illərdə də biz bu müalcə mərkəzindən faydalanacayıq ". Qonaq Naxçıvanın gözılliklərinə heyran qaldığını ifadə edərək Batabatda olduğlarını, üzən adanı, ordakı sərin bulaqları, Əshabi-kəfv ziyarətgahını cox bəyəndiklərini xüsusi vurğulamışdır.
Naxçıvan əhalisi çox istiqanlı və qonaqpərvərdirlər. Burda olduğum 5 gün ərzində Naxçıvanın gəzməli-görməli yerlərində, tarixi abidələrində və ziyarətgahlarında oldum. Məndə ən çox xoş təəsurat oyadan Əshabi-Kəhf mağarası oldu. Düzdü Türkiyədə də eyni adlı ziyarətgah var. Amma burdakı ziyarətgah daha möhtəşəmdi. Hesab edirəm ki, Qurani Kərimdə bəhs olunan həmin mağara məhz Naxçıvanda yerləşən mağaradır. ”
Ümidvarıq ki, Duzdağ Fizioterapiya Mərkəzi bundan sonrada minlərlə insana şəfa verəcəkdir.
Mehman Şabanov (Naxcivanxeberleri.com)







