SON XƏBƏR

Zaqatala tərəqqi yolunda: Uğurlar və hədəflər

Yanvar 22
08:20 2024
Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz formada göstərir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarının uğurla həyata keçirildiyi rayonlardan biri də Zaqatala rayonudur.
 
Zaqatala rayonu son illər bütün parametrlərinə görə respublikamızın ən inkişaf etmiş rayonlarındandır. Aqrar sektor və turizm kimi potesiala malik bu əsrarəngiz rayon əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də xeyli uğurlar əldə edə bildi. Əlbəttə ki, əldə edilən uğurlar, nailiyyətlər ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğının və eləcə də yerli rəhbərliyin əhali ilə müntəzəm işbirliyi çərçivəsində əldə edilib. 
 
Ümumilli Liderin 100 illik yubileyi Zaqatalada geniş formada qeyd edildi
 

 
Məlum olduğu kimi, ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi respublikamızda geniş formada qeyd edildi. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə aprelin 18-də Zaqatala şəhərində keçirilən "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda ilk toplantı keçirildi. Dövlət himni səsləndirildikdən və Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə Ulu Öndərin xatirəsinə həsr edilmiş film nümayiş olundu. Tədbirdə Ümummilli Lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxardığı, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirdiyi, ölkənin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edərək böyük uğurlar əldə etməyi bacardığı, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etdiyi, cəbhədə qazanılan bu qalibiyyətin siyasət masasında qazanılan qələbə ilə möhürləndiyi vurğulandı.
 

 
May ayının 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Zaqatlada geniş qeyd edildi. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində dahi rəhbərə həsr olunmuş sərgi keçirildi. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin və rayonun digər müəssisə və təşkilatlarının rəhbərlərinin də iştirak etdiyi sərgidə ulu öndərin həyat və fəaliyyətini əks etdirən şəkillər, kitab və jurnallar, foto stendlər nümayiş etdirildi.
 
Ümummilli liderin 100 illik yubiley tədbirləri çərçivəsində rayonda, eləcə də şəhərin mərkəzində ağacəkmə və güləkmə aksiyası davam etdirildi.
 
Ulu öndərin 100 illiyi şərəfinə Zaqatala rayonunun Heydər Parkında respublika və rayon incəsənət ustalarının konsert proqramı keçirildi. 
 

 
Zaqatalada 2023-cü ildə keçirlən mühüm tədbirlərdən biri də akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi oldu. Aprelin 28-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun ziyalı qadınları, şəhid anaları, təhsil, mədəniyyət və tibb işçiləri iştirak etdilər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə görkəmli oftalmoloq alim Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Zərifə Əliyevaya həsr olunan film nümayiş etdirildikdən sonra tədbir iştirakçılarının görkəmli alim barədə çıxışları yer alıb.

Aqrar inkişaf yeni mərhələdə
 
Zaqatala rayonu əlverişli coğrafiyası, məhsuldar torpağı, zəhmətkeş, qonaqpərvər insanları ilə həmişə fərqlənib. Məhz bu xüsusiyyət rayona olan marağı daim artırıb. Son illər rayonda aqrar sahənin inkişafı sürətlənib. Rayonda əsasən bağçılıq, gülçülük və tütünçülük aqrar sahənin ən çox inkişaf edən sahələrindəndir. Zaqatalada tütünçülüklə məğul olan şirkətlərdən biri də "Zaqatala AGRO İndustry” MMC-dir. Müasir texnoloji üsullarla tütünçülüklə məşğul olan "Zaqatala AGRO İndustry” MMC 2023-cü ildə Zaqatalada 183.6 hektar əkin işi aparıb. 
 

 
Zaqatala baramaçılığın da inkişaf etdiyi rayonlardan öncülüdür. Rayonda 2023-cü ildə Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən hibrid ipəkqurdu sənaye toxumunun (qrena) 760 qutusu 200-dən artıq kümçüyə paylanılıb. Ötən il istehsalın 31 tona çatdırılacağı hədəflənən baramaçılıq təsərrüfatının inkişafı üçün rayonda yaradılan təsərrüfat imkanları növbəti illərdə məhsuldarlığın daha da artırılacağına böyük ümidlər yaradır.
 

 
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı 28 apreldə Zaqatala rayonunda keçirildi. "Agrarco Fındıq Emalı zavodu”nun ərazisində keçirilən festivalda Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz rayonunun fermerləri iştirak etdilər. Fındıqçılığın inkişaf etdiyi rayonların iştirak etdiyi festivalın Zaqatala rayonunda keçirlməsi təbii ki, təsadüfi deyil. Bu Zaqatala rayon rəhbərliyinin fındıqçılıqla məşğul olan fermerlərə diqqətlə yanaşması, onların problem və qayğılarının həlli istiqamətində gördüyü işlərin nəticəsi idi.
 

 
Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. 2018-ci ildə rayonda qızılgül yağı istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Rayonda qızılgülün əkini və emalı istiqamətində aparılan işlər "Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir. Ötən mövsüm rayonda 379 ton qızılgül toplanıb. Zaqatalada istehsal olunan qızılgül yağları Almaniya, Bolqarıstan, Yaponiya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İtaliya və Fransa şəhərlərində, ümumilikdə, 10 beynəlxalq parfüm sənayesi sərgisində nümayiş etdirilib. Məhsullar, əsasən Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, Polşa, İngiltərə, Almaniya, Fransa, ABŞ və digər ölkələrə ixrac olunur.
 

 
Rayon rəhbərliyi daim sakinlərlə təmasdadır
 
Zaqatala rayon icra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə daim rayon sakinləri ilə təmasdadır. Sakinlərlə keçirilən səyyar görüşlər, qəbullar əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də davam etdirildi. Rayon İcra Hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat nümayəndələri ilə may ayının 17-də Muğanlı kəndində sakinlərlə görüş keçirdi. Görüşdə sakinlərin qayğı və istəkləri dinlənildi. Səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verildi. 
 

 
Mayın 19-da Zaqatala rayonu Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin 115 illiyi münasibətilə "Elmin təməli” adlı yubiley tədbiri keçirildi. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, rayon Təhsil sektorunun rəhbər şəxsləri, məktəbin məzunları, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

 
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, məktəb kollektivini 115 illik yubiley münasibətilə təbrik edib, kollektivə gələcək fəaliyyətində daha böyük uğurlar arzuladı. Tədbirin sonunda qabaqcıl müəllimlərə fəxri fərmanlar təqdim edildi.
 

 
Zaqatalada rayon rəhbərliyi idmanın inkişafına da böyük diqqət yetirir. Zaqatalada 2023-cü ildə də idman sahəsində bir sıra nailiyyətlər əldə edildi. Belə ki, iyun ayının 11-də Zaqatalada "Sağlam məhəllə” idman zonası istifadəyə verildi. Gənclər və idman naziri Fərid Qayıbovun, "Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun, idman səfirləri Aynur İmanova və Aliyə Paşayevanın da iştirak etdiyi tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək Gənclər və İdman Nazirliyinə təşəkkür etdi.
 


Zaqatalada inkişaf etdirilən sahələrdən biri də aqroturizmdir. İyun ayının 17-də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən dəstək çərçivəsində Zaqatala rayonunun Qazangül qəsəbəsində yerləşən, fermer Elman Yüzbaşova məxsus "Hope Lake” təsərrüfatına baxış oldu. Layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev təsərrüfatı ziyarət etdilər. Qeyd edək ki, 9 hektar ərazisi olan "Hope Lake” təsərrüfatı iri və xırdabuynuzlu heyvanların saxlanılması üzrə ixtisaslaşıb. Eyni zamanda bu təsərrüfatda arıçılıq və quşçuluqla da məşğul olunur.
 


Zaqatalada ötən il reallaşan mühüm tədbirlərdən biri də 22 iyun 2023-cü il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının, Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Milli dövlətçiliyimizin xilaskarı" mövzusunda elmi-praktik konfrans oldu. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər. Konfransın əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olundu. Konfransda çıxış edən iştirakçılar Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini, Azərbaycan dövlətçiliyinin ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdığını, Ümummilli Liderin qətiyyətinin xalqa ruh yüksəkliyi gətirdiyini, inamımızı özümüzə qaytardığını, zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməllərinin isə hünər rəmzinə çevrildiyini vurğuladılar.
 

 
Zaqatalada ötən il qeyd edilən tədbirlərdən biri də Dövlət Qulluqçularının Peşə Bayramı oldu. Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə müəssisə və təşklatlarında çalışan dövlət qulluqçuları iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər. İcra Hakimiyyətində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolu barədə danışdı. Tədbirdə ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri önə çəkilərək, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyasının hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıq və müasir yanaşma tərzi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıldı. Tədbirin sonunda dövlət orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim olundu.
 

 
Zaqatala rayon İcra başçısının növbəti səyyar qəbulu Bazar kəndində keçirildi. Avqust ayının 9-da keçirlən görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat nümayəndələri və kənd sakinləri iştirak etdilər. Görüşdə rayon sakinlərinin istək və qayğıları dinlənilərək həlli istiqamətində tapşırıqlar verildi.
 


Zaqatala rayonu həmişə mədəniyyətə, ədəbiyyata böyük dəyər verilən rayonlardan olub. Ötən il də Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb Regional bölməsinə yeni sədr təyin etməsi rayon rəhbərliyinin diqqətindən kənarda qalmadı. Avqust ayının 19-da Heydər Əliyev Mərkəzində Zaqatala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb Regional bölməsinin sədrinin təqdimat mərasimi keçirildi. 
 

 
Zaqatalada Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər sentyabr ayında da davam etdirildi. Zaqatala rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi-tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı tədbir keçirildi. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Sonra Ulu Öndər Heydər Əliyevin neft strategiyasına həsr olunmuş video-çarx nümayiş olundu. Daha sonra çıxış edənlər Heydər Əliyevin neft strategiyasının tarixi əhəmiyyətindən, onun ölkədə hərtərəfli inkişafa verdiyi töhfələrdən bəhs etdilər.
 


Zaqatala rayonu Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlar yetişdirən diyarlardandır. Bu diyarda böyüyən çoxsaylı igid vətən övladları həmişə olduğu kimi ikinci Qarabağ müharibəsində də xüsusi rəşadət göstərdilər.
 

 
Zaqatalada qazi və şəhid ailələri rayon rəhbərliyinin xüsusi diqqətindədirlər. Qazi və şəhid ailələrinin qayğı və problemləri nəinki əlamətdar günlərdə, həmişə rayon rəhbərliyinin diqqətində olub. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qazi və şəhid ailələrini unutmayan, onları daim ziyarət edən icra başçılarındandır.
 

 
27 Sentyabr - Anım Günü ərəfəsində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə şəhid ailələrini ziyarət etmiş, onların sosial durumları, problemləri ilə maraqlanmış, görüş zamanı şəhid ailə üzvlərinin şikayət və təkliflərini dinləmişdir. Gözüş zamanı şəhid ailələrinə icra hakimiyyətinin yardımları paylanılmışdır.
 


27 Sentyabr – Anım Günü ilə əlaqədar Zaqatalada ümumrayon anım tədbiri keçirildi. Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını və Şəhidlər xiyabanını ziyarət etdilər. Zaqatala şəhərindəki Zəfər kompleksinin önündə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, Vətən müharibəsi iştirakçısı Naqim Ağayev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə Sektorunun müdiri Araz Əliyev çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi xalqımızın qələbəsi və Zəfəri kimi nəsillər ötdükcə ürəklərdə yaşayacaq. Vətən müharibəsində Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, bütün dünyada haqqın, ədalətin, beynəlxalq hüququn bərpasını da təmin etmiş oldu. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər.
 
28 sentyabr 2023-cü il tarixində Zaqatala rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi-tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı daha bir  tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin neft strategiyasına həsr olunmuş video-çarx nümayiş olundu.
 


Zaqatala mühüm siyasi tədbirlərdən biri də oktyabr ayında qeyd edildi. Oktyabrın 13-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycanı Zəfərə aparan Lider – İlham Əliyev” adlı tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildirdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Prezident İlham Əliyevə həsr edilən film nümayiş olundu. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxışında bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Ümummilli Liderin yaratdığı möhkəm təməllər üzərində uğurla inkişaf etdiyini, dünya ölkələri arasında öz layiqli yerini tutduğunu vurğuladı. Sonra YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olundu.
 


Qeyd etdiyimiz kimi Zaqatala rayonu dövlətimizin azadlığı uğrunda qəhrəmanlar yetişdirən diyarlardandır. Əlbəttə ki, bu cür qəhrəman övladların xatirəsi daim xatınlanmalı, əbədiləşdirilməlidir. Zaqatala şəhərində olan şəhidlərin xatirə abidəsinin ötən il əsaslı təmirinə başlanıldı. Şəhərin mərkəzində yerləşən bu abidə vətəndaşların ən çox ziyarət etdiyi məkanlardan biridir. Yenidən qurulan abidədə ərazi bütövlüyümüz uğrunda canlarından keçən 235 zaqatalalı şəhidin adı və fotosu həkk ediləcək, abidənin ətrafı abadlaşdırılacaq. 
 
 

Zaqatalada ötən il keçirilən növbəti tədbirlərdən biri də "Ata vəsiyyəti və inamlı Zəfər” elmi-praktik konfrans oldu. "Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda elmi-praktik konfransının iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər. Konfransın əvvəlində Dövlət Himni səsləndirilərək, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransda çıxış edənlər Ulu Öndərin daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini vurğuladılar.
 


Zaqatalada 2023-cü ildə keçirilən mühüm tədbirlərdən biri də Qafqaz Müsəllmanları İdarəsinin təşkilatçılığı baş tutub. Zaqatala İslam Kollecində "HEYDƏR ƏLİYEV-100 Ulu Öndər və Milli-Mənəvi Dəyərlərimiz” mövzusunda keçirilən konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, rayonun idarə və müəssisə rəhbərləri, Zaqatala İslam Kollecinin tələbələri iştirak etdilər. Konfransda çıxış edənlər Ulu Öndərin İslam dininə verdiyi dəyərdən, bu sahədə görduyu işlərdən, din xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışmış, hal-hazırda ölkə rəhbəri tərəfindən İslam dininin dəyərlərinin qorunduğunu, din xadimlərinə göstərdiyi hörmət və qayğını tədbir iştirakçılarının nəzərinə çatdırdılar.
 


Həmişə olduğu kimi ilin son günləri də qazi və şəhid ailələri Zaqatala rayon İcra Hakimiyyətinin diqqətindən kənar qalmadı. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edərək, onlara mənəvi dəstək nümayiş etdirdi.
 
 
 
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində rayon icra hakimiyyətinin məsul şəxsləri şəhid ailələrini, həmçinin müharibə əlillərini, son döyüşlərdə yaralananları evlərində ziyarət edib, onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıb, yardım etdilər. Şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Yuxarıda yazılanlar Zaqatala rayonunun 2023-cü ildə əldə etdiyi uğurların kiçik bir qismi idi. Bu uğur Prezident İlham Əliyev cənablarının siyasətini Zaqatala rayonunda uğurla davam etdirən Mübariz Əhmədzadənin və rayonun digər idarə və təşkilatlarının dinamik fəaliyyəti, eyni zamanda əhali ilə rayon rəhbərliyi arasında olan sıx işbirliyinin və qarşılıqlı etimadın bariz nümunəsidir. Ötən il olduğu kimi, 2024-cü ildə də Zaqatala rayonunun daha da inkişaf edəcəyinə, sakinlərin maddi rifah hallarının yüksələcəyinə böyük inam bəsləyirik. 
 
Müəllif: Mübariz Məmmədov
 
Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook