SON XƏBƏR

“Zakir Fərəcovun sifarişi ilə həbs edilmişəm...“ deyən iş adamı yenidən icra başçısının yanında peyda olub - FOTO/VİDEO

May 03
14:51 2021
2016-cı ildə ikinci dəfə dələduzluğa görə həbs edilən iş adamı Müqayis Verdiyevdən xəbər var. 

Qlobal.az xəbər verir ki, xalqxeber.az-a daxil olan məlumata görə 24 aprel tarixində Sumqayıt şəhər bulvarında icra başçısı Zakir Fərəcovun rəhbərliyi ilə ağacəkmə aksiyası keçirilib. Həmin aksiyada isə iş adamı Müqayis Verdiyevin Sumqayıt icra başçısı Zakir Fərəcovun yanında yer alması bir çoxlarında şok effekti yaradıb. Bildirək ki, Müqayis Verdiyev 2016-cı ildə ikinci dəfə təkrar dələduzluq maddəsi ilə həbs olunub. İş adamı Sumqayıt icra başçısı Zakir Fərəcovun sifarişi ilə həbs olunduğunu bildirmişdi. 

Belə ki, 2018-ci ildə Müqayis Verdiyev həbsxanadan mətbuat vasitəsi ilə dövlət başçısı İlham Əliyevə ünvanladığı məktubunda həbs olunmasının səbəblərini belə izah edirdi: "2016-cı ilin martında Sumqayıt şəhər İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin müdiri Fəzail Hüseynovun dəvəti ilə icra hakimiyyətinə gəlib icra başçısı Zakir Fərəcovla görüşdüm. Görüşdə Zakir Fərəcov mənə bildirdi ki, Sumqayıt şəhərində aparılacaq abadlıq və quruculuq işlərində onlara kömək edim. Şəhərin işıqlandırma sisteminin yenilənməsi üçün yeni dirəklərin gətirilməsi və quraşdırılması, bulvar kompleksinin tikintisi, giriş qapısının və girişdən şəhərə qədər olan yolun sağ və sol tərəflərinin abadlaşdırılması işlərinin mənim etməyimi istədi və bildirdi ki, bu işləri yeddi iş adamına təklif etmişəm, boyun qaçırıblar. Mənim və rəhbərlik etdiyim müəssisənin ölkənin müxtəlif bölgələrində apardığımız işləri yüksək səviyyədə etdiyimizi bildiyindən xahiş etdi ki, Sumqayıtdakı abadlıq işlərini də yüksək səviyyədə edək və prezidentə söz verdiyə vaxtda- senytabr ayında tamamlayaq. O bildirdi ki, bu işləri vaxtında və yüksək səviyyədə yerinə yetirsək, prezident onu Bakı şəhərinə "mer” təyin edəcək. O da mənə vəzifə, torpaq, mülk, maşın hədiyyə edəcəyini bildirdi. Mən "heç nə lazım deyil, yalnız görülən işlərlə bağlı vəsaitlər vaxtlı- vaxtında ödənsin”, - dedim.

İşin başlanğıcında mənə ilkin olaraq 400 min manat verildi. Tanıdığım, mənə inanan iş adamı olan dostlarımı dəvət edib Sumqayıtın abadalaşması üçün mal-material və işçi qüvvəsi cəlb etdim. Təxminən müxtəlif sahələrdə çalışan 20-yə yaxın işadamı, 672 nəfər işçi qüvvəsi bu prosesə cəlb olundu. İşlər surətlə və yüksək keyfiyyətlə həyata keçirilirdi. İşin gedişində əlavə olaraq Zakir Fərəcovun təklifi ilə şəhərin 3 yerində bayraq meydanı saldıq, ora bahalı dirəklər və bayraqlar alıb quraşdırdıq”.

M.Verdiyev daha sonra yazır:

"Zakir Fərəcov bizimlə işləri sənəd əsasında, müqavilə ilə görmək istəmirdi. Dəfələrlə ona gördüyümüz və görəcəyimiz işlərlə bağlı müqavilə bağlamağı təklif etsəm də, o, həmişə bu təklifdən boyun qaçırır və mənə "Şəhərin sahibi mənəm, müqavilə-zad nədir? Biz qardaşıq, mənə inamırsan? Məndən ehtiyat edirsən? İşini gör, pulunu al. Səni pis vəziyyətdə qoymaram, narahat olma” - deyirdi.

Son zamanlar mən işçilərın haqqını və aldığım mal- materialın borcünü ödəmək üçün onlardan çox çətinliklə pul alırdım. Bu pulları mənə müxtəlif yerlərdən - Corat bələdiyyəsinin sədri, "Bakı Stell” zavodunun Çingiz adlı əməkdaşı, "AVRO MED”, eləcə də memar Adil, Zakir Fərəcovun bacısı oğulu Kənan, İcra Hakimiyyətinin işçisi Rəhim və s. tərəfindən verilirdi. Ümumilikdə mənim rəhbərliyim altında Sumqayıt şəhərində aparılan abadlıq və quruculuq işləri üçün 12.800.000 (on iki milyon səkkiz yüz min) manat pul xərclənib. Bu vəsaitin qarşılığında Zakir Fərəcov tərəfindən bizə 3 milyon 640 min manat pul ödənilib. Qalan borc isə 8 milyon manatdan çoxdur. O, bizə borclu olsa da, deyilən vaxtda işləri yüksək səviyyədə yekunlaşdırdıq. Siz dövlət başçısı olaraq açılışda iştirak edib görülən işləri yüksək qiymətləndirdiniz. Əslində, bu, bizim əməyimizə və gördüyümüz işlərə verilən ən böyük qiymət idi. Amma Zakir Fərəcov bizim və iş adamlarının əməyini qiymətləndirmək, borcumuzu qaytarmaq əvəzinə haqqımıza girib bizi boş vədlər verməklə, şəhərdən qovmaqla, məni isə şərləyib həbs etməklə işini bitmiş hesab etməyə çalışdı. Açılışdan dərhal sonra 7 oktyabr 2016-cı ildə sifarişlə şərlənib həbs olundum. Mən həbs olunduqdan sonra o, işçilərin artan təzyiqi qarşılığında onlara 1 milyon 300 min manat pul ödəyib. Əgər bu pulları mən mənimsəmişdimsə, niyə o bu pulları öz cibindən həmin işçilərə ödəyib? Nəticədə ikinci ildir ki, qanunsuz həbs həyatı yaşayıram”.
 
Gördüyünüz kimi Müqayis Verdiyev mətbuat vasitəsi ilə prezident İlham Əliyevə ünvanladığı məktubunda açıq şəkildə onun və digər iş adamlarının Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov tərəfindən aldadıldığını və onun sifarişi ilə həbs edildiyini yazır. 

Ancaq Müqayis Verdiyevin ikinci dəfə həbsdən çıxdıqdan sonra yenidən Sumqayıt icra başçısı Zakir Fərəcovun yanında peyda olması isə çox müəmmalıdır. 

Bildirək ki, ölkə mətbuatında Müqayis Verdiyevin Zakir Fərəcovla danışılmış şəkildə həbsə girdiyi və iş adamlarına çatacaq 8 milyon manat pulu bu yolla "fırlatması” barədə məlumatlar dərc olunub. 

Xalqxeber.az-a daxil olan məlumata görə icra başçısı Zakir Fərəcovun göstərişi ilə Sumqayıt şəhərində 20 nömrəli orta məktəbin tikintisində Müqayis Verdiyevə məxsus şirkətdə iştirak edir. Bundan başqa Sumqayıt bulvarında yarımçıq qalan bəzi tikinti işləridə Müqayis Verdiyevə həvalə edilib. 

Həbsaxanadan ölkə prezidentinə və baş prokurora  etdiyi müraciətlərində Zakir Fərəcovun sifarişi ilə həbs edildiyini bildirən Müqayis Verdiyevin yenidan Sumqayıt şəhərində tikinti işləri ilə məşğul olmağa başlaması isə o anlama gəlir ki, iş adamı həbsxanaya danışılmış şəkildə "yolanıb”mış. 

Bütün bunlardan sonra hər şeyin əvvəlcədən planlandığı və Müqayis Verdiyevin həbs edilməsinin bir oyun olduğunu deyə bilərik. Yəni Müqayis Verdiyev Sumqayıt bulvarının tikintisi üçün kənar şirkətləri nisyə işə cəlb edir, müəyyən vəsait xərcləyir, tikinti işləri bitəndən sonra isə o həbs edilir. Nəticədə işə cəlb olunmuş müəssisələr Müqayis Verdiyevdən pullarını ala bilmirlər. Bununla da tikintiyə ayrılmış pulların böyük hissəsi Zakir Fərəcov və Müqayis Verdiyevə qalır. İş adamı M.Verdiyev isə 3 illik həbsdən çıxır və yenidən köhnə "ampulası”na dönür. Maraqlıdır...
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook