Yeni Klinikada sümük iliyi transplantasiyası əməliyyatının tətbiqi planlaşdırılır
Dekabr 20
12:32
2023
Növbəti illərdə Yeni Klinikada sümük iliyi transplantasiyası əməliyyatının tətbiqi planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İcbari tibbi sığortanın Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin 90% faizdən çoxu TƏBİB-in tabeli tibb müəssisələrində icra edilir: "İcbari tibbi sığortanın tətbiqinə başlayanda 1829 tibbi xidməti ödənişsiz əldə etmək olurdu: "Bu gün isə Xidmətlər Zərfindəki xidmət sayı 81% artırılaraq 3315-ə çatdırılıb. İcbari tibbi sığorta təminatına alınmış 3315 sayda tibbi xidmətin 90% faizdən çoxu isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilir”.
TƏBİB rəsmisi bildirib ki, 634 sayda olan ambulator tibbi xidmətlərin 98%-i, 931 sayda laborator xidmətlərin 100%-i, 77 sayda fizioterapiya və reabilitasiya xidmətlərinin – 100%-i, 266 sayda stasionar terapevtik xidmətlərin – 99%-i, 1334 sayda stasionar cərrahi xidmətlərin – 70%-i, həmçinin ilkin səhiyyə və təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin 100%-i icra edilir”.
V.Qurbanov yeni əlavə edilən xidmətlərin sırasında böyrək, qaraciyər, sümük iliyi transplantasiya əməliyyatlarının olduğunu da xatırladıb: "Hazırda bu əməliyyatlar, əsasən, icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində icra olunsa da, gələcəkdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində də belə əməliyyatların keçirilməsi nəzərdə tutulub. Növbəti illərdə sümük iliyi transplantasiyası əməliyyatının Yeni Klinikada tətbiqi planlaşdırılır.
Bunun üçün artıq həkim-cərrahlarımız Türkiyədə təlimə göndəriliblər”.