SON XƏBƏR

Yaz bayramı ənənəvi olaraq bütün türk millətlərinin nümayəndələrini birləşdirir

Mart 18
11:30 2024
Qədim zamanlardan Novruz bayramı türk və fars mənşəli xalqlar tərəfindən geniş şəkildə qeyd edilir. Bu bayram tarixi sərhədləri inamla aşıb və mehriban qonşuluqda yaşayan bir çox millətlərin birlik gününə çevirilib. Novruz bayramının tarixi qədim dövrlərə (e.ə. 7-4-cü əsrlər) gedib çıxır. Novruz bayramı yeniləşmənin, o cümlədən mənəvi təmizliyin rəmzidir. Rusların Maslenitsa bayramı kimi, o da dini hesab edilmir. Lakin, bütün müsəlman ölkələrində qeyd olunur və ən sevilən bir bayramdır.

Novruz bayramı Hicri-şəmsi təqvimi ilə yeni ilin başladığı martın 21-də, yaz bərabərliyi günündə qeyd olunur. Bayram əsl yazın gəlişindən və təbiətin oyanışından xəbər verir. Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir. "Papaq atmaq”, "qulaq falı”, "tonqaldan tullanmaq”, "üzük falı”, "səməni əkmək”, "yumurta döyüşdürmək” və novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
     
Novruzda bayram masasının üzərində mərkəzdə səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar düzülür. Paxlava yer kürəsinin 4 istiqamətini, qoğal günəşi, şəkərbura ayı, rənglənmiş yumurta isə həyatı simvolizə edir. Adətə görə süfrədə "S” hərfi ilə başlayan 7 məhsulun: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbülün süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir. Novruz bayramı günü əcdadlarımız adətən dünyasını dəyişənlərin ruhuna dualar oxuyar, Uca Yaradandan bol məhsul diləyərlər. Lakin bu bayramın dinlə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq, tarixi Şərqin qədim dövrlərinə gedib çıxır. Həm də adətə görə bu bayramda küsülülər barışır. Bayramda insanlar bir-birinin incikliyini bağışlayaraq barışıq əlaməti olaraq hədiyyələr verirlər. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir:

"Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun...”

Ölkəmizdə və xaricdə soydaşlarımız bir-birlərini Novruzun gəlişi münasibəti ilə təbrik edir, əmin-amanlıq, bolluq və bərəkət arzulayırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il dünya azərbaycanlılarını Novruz bayramı günü münasibətilə təbrik edir, hər kəsə mehribanlıq, xoşbəxtlik, yaxşı əhval-ruhiyyə və sülh arzulayır. Artıq torpaqlarımız işğaldan azad edildikdən sonra ənənəvi olaraq dövlətimizin başçısı Novruz bayramını bu ərazilərdə qeyd edir, Qarabağdan dünya azərbaycanlılarını böyük qürur hissi ilə təbrik edir.

Dövlətimiz tərəfindən beynəlxalq müstəvidə də Novruz bayramının tanıdılması istiqamətində əhəmiyyətli işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Nəbi İbrahimov Nəbi İbrahimov, 
Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook