Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç “Azərbaycanım” beynəlxalq jurnalının redaksiyasında jurnalın kollektivi ilə görüş keçirib
Mart 25
11:33
2024
XI Qlobal Bakı Forumunda iştirak etməklə əlaqədar Bakıda səfərdə olan Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç "Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib.
Görüş "Azərbaycanım” beynəlxalq jurnalının baş ofisində baş tutub. Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçi salamlayan beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli onunla Bakıda keçirilən ötən forumlarda görüşünü məmnunluqla xatırladıb. Söhbət zamanı Emil Nəsirli beynəlxalq jurnalın fəaliyyət istiqamətləri, yerli və beynəlxalq təşkilatlarla informasiya mübadiləsinin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihələr barədə, eləcə də bu illər ərzində beynəlxalq jurnalın fəxri üzvü seçilən dünya ölkələrinin nüfuzlu şəxslərinin sayının artması, onlarla müsahibələr və ölkələrarası münasibətlərdə atılan uğurlu addımlar barədə fikir mübadilələrinin, verdikləri şərh və bəyanatlarının jurnal vasitəsilə geniş oxucu kütləsinə təqdim olunması barədə uğurlardan danışıb.
Görüşdə Emil Nəsirli "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərarı ilə Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçin jurnalın fəxri üzvü seçildiyini bildirib və fəxri üzvlük sertifikatını ona təqdim edib.
Baş redaktor Emil Nəsirli bildirib ki, İvo Yosipoviçin Xorvatiyanın Prezidenti olduğu dövrlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfərləri iki ölkə arasında münasibətlərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bu gün Xorvatiya və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələr var, bu əlaqələr genişlənir və güclənir. Emil Nəsirlinin sözlərinə görə, elə həmin dövrlərdə Zaqrebdə imzalanan müqavilə də onu göstərir ki, iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişafına təkan verilib. Görüşdə bu sahədə də əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Həmçinin əczaçılıq, gəmiqayırma, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. "Hesab edirəm ki, Azərbaycan və Xorvatiya arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi hər iki ölkə üçün çox mühüm əhəmiyyət kəsb edib, bu gün də siyasi dialoq çox fəaldır. Bu, onu göstərir ki, Xorvatiya və Azərbaycan doğrudan da strateji tərəfdaşlardır. Bu əməkdaşlıq ölkələrimiz üçün faydalı olub, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün bu gün də yaxşı imkanlar mövcuddur. Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıqda parlament əlaqələri mühüm rol oynayır”, - deyə Emil Nəsirli vurğulayıb.
Emil Nəsirli onu da qeyd edib ki, təkcə ikitərəfli sferada deyil, eyni zamanda Avropa İttifaqı, NATO çərçivəsində də əlaqələrimiz inkişaf edir. Bundan başqa, ölkələrimiz informasiya texnologiyaları sahəsində də əməkdaşlıq edə bilər. Emil Nəsirli həmçinin bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un bu günədək təşkil olunmuş konfranslardan daha uğurlu olacağını da vurğulayıb, həmin tədbirin Azərbaycanın beynəlxalq müstəvidə rolunun tanınması istiqamətində oynadığı rolun əvəzsiz olduğunu xüsusi qeyd edib.
Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç "Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində dərc olunan materialları, xüsusilə də dünyada gedən proseslərə beynəlxalq ekspertlərin münasibətini əks etdirən təhlilləri böyük maraqla izlədiklərini bildirib və fəxri üzv adına layiq görüldüyü üçün jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkür edib. Sonra Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç redaksiyanın baş ofisində "Azərbaycanım” beynəlxalq jurnalının ötən illər ərzində fəaliyyətini özündə əks etdirən fotostendlə tanış olub.
Görüşdə Qlobal Bakı Forumunun mühüm beynəlxalq platforma olduğunu diqqətə çatdıran İ.Yosipoviç qeyd edib: "Bu Forumda iştirak etmək mənim üçün böyük şərəfdir. Tədbirin yüksək səviyyədə keçirilməsinə dair Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
Görüşdə Xorvatiya Respublikasının aparıcı kütləvi informasiya vasitələri ilə "Azərbaycanım” beynəlxalq jurnalı arasında informasiya mübadiləsi istiqamətində əlaqələrin genişləndirilməsi, bu əlaqələrin Xorvatiyanın Azərbaycanda, ölkəmizin isə Xorvatiyada tanıdılması üçün zəruri vasitələrdən istifadə edilməsinə töhfə olacağının vacibliyi ətrafında geniş fikir mübadiləsi aparılıb, həmçinin iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Görüşdə həmçinin mədəni, humanitar, idman, gənclər siyasəti sahəsində də işbirliyinin hər iki ölkənin maraqlarına cavab verdiyi qeyd olunub.
Sonra ənənəvi olaraq Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç "Azərbaycanım” beynəlxalq jurnalının redaksiyasının 2024-cü ildə qonağı kimi jurnalın "Fəxri Xatirə kitabı”na ürək sözlərini yazıb.
Görüşdə Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç "Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə birgə foto çəkdirib.
Qlobal.az