SON XƏBƏR

Ulu Öndər Heydər Əliyevdən Cümhuriyyətçilər haqqında ilginc etiraflar - VİDEO

May 25
01:25 2016
Bir neçə gündən sonra Azərbaycan xalqı 28 May Respublika Gününü böyük çoşqu və iftixarla qeyd edəcək, bir daha Cümhuriyyətimizin qurucularının ruhları qarşısında baş əyiləcək, xatirələri minnətdarlıqla yad ediləcək.

Moderator.az mərhum Heydər Əliyevin cümhuriyyətimizin qurucuları haqında səsləndirdiyi bir fikri oxuculara və bütövlükdə Azərbaycan xalqına təqdim edir. 

Etiraf edilməlidir ki, bu günədək Heydər Əliyevin, indiki hakimiyyətin cümhuriyyət qurucularına qısqanclıqla yanaşdğı vaxtaşırı bu və ya digər formada mediada, cəmiyyətdə səsləndirilir və hər kəs bu məsələni öz arşını ilə ölçür. 

Amma indi sizlərə təqdim edəcəyimiz bu unikal videomaterialda əslində Heydər Əliyevin cümhuriyyətimizə, onun qurucularına hansı münasibət sərgilədiyi təkzibedilməz sübutlarla bir daha təsdiqini tapır.



Beləliklə, biz Şəmkir rayonunun keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun Heydər Əliyev haqqında xatirələrinə həsr olunmuş kitabından cümhuriyyət qurucularımızla bağlı hissəni də tarixi saxtalaşdırmaq istəyənlərə cavab olaraq təqdim etməyi lazım bildik. Məqsədimiz kimisə qınamaq və ya kiməsə xoş görünmək üçün tarixi eşələmək deyil, sadəcə millətimizin bilməli və unutmamalı olduğu tarixi həqiqətləri cəmiyyətimizə olduğu kimi, sübutlarla çatdırmaqdır:

"On doqquzuncu əsrin sonlarında və iyiriminci yüzilliyin əvvəllərində Tiflis şəhəri Zaqafqaziyanın mədəni mərkəzlərindən bir sayılırdı. Azərbaycanın da çoxlu ziyalısı burada yaşamış, yazıb yaratmışdı. Tiflis şəhəri həm də Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndə azadlıq fədailərinin sığınacaq məkanlarından birinə çevrilmişdi. Ulu öndər tapşırıq verdi ki, bu qədim şəhərdə dünyasını dəyişən ziyalıların taleyini araşdırım. 

İlk öncə Mirzə Fətəli Axundovun geniş və yaraşıqlı evi müəyyən təmir-bərpa işləri aparılaraq azərbaycanlıların mədəniyyət mərkəzinə çevrildi. 

Sonra Nəriman Nərimanovun doğma ocağı erməni əslli nankorlardan təmizləndi. 
 
Mirzə Cəlilin mənzilində, "Molla Nəsrəddin” jurnalının redaksiyasında, "Qeyrət” mətbəəsində təmir-bərpa işləri aparılaraq xatirə muzeyləri yaradıldı. 

Ən əsası isə Tiflisdəki səfalı Nəbatat bağında iki yüz kvadrat metrdən çox ərazi abadlaşdırıldı. Azərbaycanlı şəxsiyyətlərin əbədiyyətə qovuşduğu bu müqəddəs yer əsl ziyarətgaha çevrildi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun büstü bərpa edildi. Unudulmaz şairimiz Mirzə Şəfi Vazehin qəbirüstü abidəsi ucaldıldı. Görkəmli ziyalı Həsənbəy Ağayevin məzarı əsaslı surətdə abadlaşdırıldı. 
 


Qədim müsəlman qəbiristanlığında Tiflis əbədi mühitindən çıxmış, müstəqil Azərbaycan dövlətçiliyi uğrunda mübarizə aparmış insanların, tanınmış elm və mədəniyyət nümayəndələrinin, ictimai-siyasi xadimlərin adları yazılmış fəxri guşə yaradıldı. Zərli boya ilə "Azərbaycan övladları” sözləri yazılmış məxmər lövhədə öz dövrünün adlı-sanlı ziyalılarının, böyük şəxsiyyət kimi tanınan soydaşlarımızın: Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Əliqulu Qəmküsar, Hüseyn Əfəndi Qayıbov, Eynalı bəy Sultanov, Behbudağa Şahtaxtınski, Nazlı xanım Məmmədquluzadə, Müzəffər Nərimanov və onlarca başqalarının adları həkk olundu. Bütün bunlar bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və tövsiyyəsi ilə həyata keçirilirdi.   

Dövrün gərgin axtarışları ilə çox önəmli bir epizod da yada düşür. 1996-cı ilin soyuq qış günlərindən biri idi. Həmişə olduğu kimi soydaşlarımızla görüş üçün Tiflisə getmişdik. İşimizi görüb evə qayıtmağa hazırlaşırdıq. Axşam saat 9 olardı. Məlumat verdilər ki, ağbirçək bir qadın mənimlə təklikdə görüşmək və nəsə bir söz demək istəyir. Görüşdük, söhbətdən məlum oldu ki, qocaman müəllimə xalqımız üçün çöx böyük əhəmiyyətə malik bir sirrin üstünü açmaq istəyir. İllər boyu heç kimə bildirmədiyi bir həqiqəti-Fətəli Xan Xoyskinin dəfn edildiyi yeri mənə açıqladı və bildirdi: "O zaman Fətəli Xan Xoyskini allahsız adam kimi Şeyx Sənan dağının ətəyindəki qəbiristanlıqda, mənim qardaşımın yanında basdırdılar”.
 
Sonra qadın həmin yeri göstərərək bildirdi: "Buradakı ermənilər xəbər tutsalar, Xoyskinin qəbrini dağıdarlar, bu məsələni cənab Heydər Əliyevə çatdırmağınızı xahiş edirəm”.

Həmin gün axşam Şəmkirə qayıtdım və ulu öndər Heydər Əliyevlə əlaqə saxlayıb Gürcüstanla bağlı ümumi məlumat verdikdən sonra ağbirçək ananın dediklərini də çatdırdım. Heydər Əliyev dərhal soruşdu ki, bu məsələdən daha kimin xəbəri var? Bildirdim ki, məndən başqa sürücüm və daha iki nəfər bilir. Ani pauzadan sonra soruşdu ki, yorulmamısan ki? Cavab verdim ki, xeyr. Qayıtdı ki, o zaman geri qayıdıb orada keşik çəkin. Səhər isə Tiflis cümə məscidinin axundunu götürüb müsəlman adət-ənənəsi ilə deputatlarımızın və digər ziyalılarımızın iştirakı ilə Xoyskinin qəbrinin M. F. Axundovun büstünün yanına köçürülməsini təmin edin. F. X. Xoyskiyə xüsusi məhəbbətim olduğu üçün qəbirüstü abidəsinin açılışında isə özüm iştirak edəcəm. 
 
Ulu öndərin dediyi kimi də elədik. 1996-cı ilin mart ayının 9-da Heydər Əliyev Fətəli Xan Xoyskinin büstünün açılışında şəxsən iştirak etdi".
 
Xatırladaq ki, indiki prezident İlham Əliyev də Gürcüstanda olarkən cümhuriyyət qurucularımızın məzarını ziyarət edib. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook