SON XƏBƏR

Tahir Kərimov Xocalıya "dəvət" olunub- yeni absurd- video

Dekabr 10
08:21 2015
Salyanın icra başçısı Tahir Kərimov "adamın özünün özünə elədiyi pisliyi el yığılsa, eləyə bilməz” zərb-məsəlinin doğruluğunu sübuta yetirməyi qarşısına sanki məqsəd qoyub.
 
Yuxarı sinif şagirdlərini iki cərgəyə düzüb onların arasından Roma imperatoru Neronun ədası ilə keçən və məktəblilərə onun yoluna qızılgül ləçəkləri səpdirən T.Kərimovun bu hərəkəti ictimai rəydə ironiya ilə qarşılandı, hətta aşkar ikrah hissləri doğurdu.
 
Lakin sən demə, bu da son deyilmiş. T.Kərimovun iddiaları daha böyük imiş və bu böyük iddialar onu fantaziyasını işə salmağa, özünü daha əzəmətli göstərməyə, fərqli rol və statuslarda təqdim etməyə sövq edirmiş.
 
Məsələn, Salyanın icra başçısı özünü erməni işğalı altında olan Xocalının azad olunmasında əsas simalardan biri kimi təqdim etmək xülyasına da qapılıb. Absurddur, amma reallıqdır.
 
Bunu virtualaz.org saytının təqdim etdiyi videosüjet də təsdiqləyir.
 
Həmin süjet ötən il çəkilib. O zaman Salyan rayonunda fəaliyyət göstərən Kukla Teatrında uşaqlar üçün nəzərdə tutulan "Xocalının azad olunması” adlı tamaşa səhnələşdirilib. Təbii ki, mövzu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından çox vacibdir. Amma...
 
Məsələ də elə bu "əmma”dadır. Tamaşa normal oynanılır. Ssenariyə görə, tamaşanın sonunda səhnəyə prezident İlham Əliyevin obrazını canlandıran gənc artist çıxır. O, Xocalının azad olunması münasibətilə təntənəli nitq söyləyir.
 
Bu məqama qədər də hər şey ilk baxışda çox normaldır. Amma necə deyərlər, yağsız plovun nə ləzzəti... Əgər Salyanın icra başçısının adı o tamaşada, daha doğrusu, təntənəli nitqdə çəkilmədisə, daha bunun harası tarixi hadisə oldu?! Hər necə olmasa da tamaşa Kərimovun votçinasında oynanılır.
 
"Mən fərqlənən icra başçılarını, o cümlədən Salyanın icra başçısı Tahir Kərimovu bura dəvət etmişəm” - deyə İlham Əliyev rolunu oynayan gənc aktyor səhnədən bəyan edir.
 
Necə deyərlər, nə yoğurdum, nə yapdım, hazırca reytinq tapdım. İcra başçısı rahat, isti kabinetindən çıxmadan da öz adını Xocalının gələcək azadlığında xüsusi xidmətləri olacaq qəhrəmanların siyahısında lap başa yazdıra bilib. Nə bilmək olar, bəlkə də icra başçısının imkanı olsaydı, ona Milli Qəhrəman adının da vaxtından əvvəl, daha doğrusu, bəri başdan verilməsi barədə elə bu tamaşadan dərhal sonra məsələ qaldırardı. Yeri gəlmişkən, burada maraqlı sual yaranır: Xocalı faciəsi baş verəndə 31 yaşında gənc və sağlam bir kişi, potensial döyüşçü olmuş həmin bu T.Kərimov harada idi, nə iş görürdü? Suala cavab tapmaq elə də çətin deyil. Məlum olur ki, əslən Naxçıvanın Sədərək rayonundan olan və daha çox "Fırtına Həsən” ləqəbli kriminal avtoritetin qohumu kimi tanınan T.Kərimov həmin vaxtlar çox böyük uğurla balıq alveri edirdi. Bir çox yaşıdları kimi onun könlü könüllü olaraq Qarabağ cəbhəsinə getmək yox, sadəcə balıq istəmişdi yəni, vəssalam... İndi də könlü kukla teatrı səhnəsində absurd teatrı şedevri yaratmaq istəyib.
 
Videoya baxaq. Kərimovun fantaziyasının məhsulu olan əsas hadisələr 46-cı dəqiqədə cərəyan edir. Prezident obrazını canlandıran aktyor özünü qəhrəman xilaskar rolunda görmək istəyən Tahir Kərimovu Xocalıya belə dəvət edir...
 
Virtualaz.org
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook