SON XƏBƏR

“Sea Breeze”dəki davanın iştirakçısı məhkəməyə gəlmir - Oliqarx oğlu məsuliyyətdən yayındırılır? (VİDEO)

Noyabr 29
21:03 2023
Bu ilin yayında "Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı Sabunçu Rayon Məhkəməsində araşdırmalar davam edir. Bu qalmaqallı olayla bağlı 3 cinayət işi başlanıb.

"Qafqazinfo” xəbər verir ki, cinayət işlərindən ikisi tamamlanaraq Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hər iki iş hakim Mirheydər Zeynalovun icraatındadır.

İlkin olaraq araşdırılan cinayət işi üzrə Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və məktəbli M.Ə təqsirləndirilən şəxsdirlər. Məktəbli xaric, digər 3 şəxs həbsdədir.

İttihama görə, müttəhimlər bu ilin yayında "Sea Breeze”də kütləvi davada tərəf olublar. Mübahisənin yaranmasının səbəbkarı isə həmin gün dostları ilə "Sea Breeze”dəki konsertə qatılan, iş üzrə iki zərərçəkəndən biri olan Elnur Məmmədovdur. Belə ki, Elnur qohumu Vüqar Tağıyev, uşaqlıq dostu Cavad Muradov və 3 xanımla birgə restoranda olub. Həmin zaman bu gün həbsdə olan, təqsirləndirilən statusuna gətirilən Elmir İsmayılov dostları ilə birgə yaxınlıqdakı masada əyləşiblər. Vüqar Tağıyev Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov əlində qədəh masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Bu zaman spirtli içkinin təsiri altında olan Elnur Məmmədov onun ünvanına nalayiq söyüşlər işlədib. Bu hal bir neçə dəfə təkrarlanıb.

Bu zəmində Elmirlə Elnurun arasında mübahisə yaranıb. Vüqar Tağıyev araya girərək Elnurun əvəzindən Elmirdən üzr istəməklə tərəfləri sakitləşdirib. Lakin Elnur Məmmədov sakitləşməyib, səbəbsiz olaraq təhqir etdiyi Elmirin restorandan çıxmasını görüncə onun arxasında çıxıb. Elnur Məmmədov Elmir İsmayılovla mübahisəni davam etdirib, digərlərinin də qoşulması ilə mübahisə kütləvi hal alıb. Az müddət davam edən davanın videosunda Elmir İsmayılov yoxdur. Şahid ifadələrinə görə Elnur Məmmədov "Sea Breeze”in çölündə Elmir İsmayılovla mübahisəni davam etdirəndən sonra sonuncu aralaşaraq maşınına əyləşib. Elnur Məmmədov isə gözdən itirdiyi Elmir İsmayılovu axtararkən qarşısına çıxanlarla mübahisə etməyə, onlara da əl-qol atmağa başlayıb.

Elnur Məmmədov məhkəmədə də "Sea Breeze”dəki qalmaqallı hərəkətlərini inkar etməyib. Hakimin "o videoda sizi görmürük” sualına Elnur Məmmədov "Necə mən yoxam?! Hamını vuran o köynəksiz mənəm” cavabını verib.
 
 

Köynəyini niyə çıxarması ilə bağlı sualı cavablandırarkən Elnur Məmmədov bildirib ki, mübahisə zamanı köynəyi cırıldığından və sərbəst hərəkət etsin deyə köynəyini çıxarıb.

Sonradan Elnur Məmmədov Elmir İsmayılovun maşınına tərəf gedib, ərazidən uzaqlaşmağa çalışan İsmayılovu maşından düşürərək ona zərbələr vurub. Nəticədə Elmir İsmayılovun sifətinə vurulan yumruqla qaşı partlayıb, ona məxsus maşına küt alətlə vurulan zərbələrlə bəzi hissələri zədələnib, yarasız hala düşüb, sındırılıb.

 

Fotoda: Elnur Məmmədov

Hadisənin növbəti günü Elnur Məmmədovun dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər görüşüb, barışıblar. Buna baxmayaraq, baş vermiş hadisəyə görə cinayət işi başlanıb, döyülən Elmir İsmayılov və dostları həbsə alınıblar. Elnur Məmmədov barəsində cinayət işi başlansa da, o istintaq tərəfindən zərərçəkən kimi tanınıb. Onun dostu Cavad Muradov hazırda məhkəmədə araşdırma predmeti olan ilk iş üzrə zərərçəkən, araşdırılması gözlənilən iş üzrə isə təqsirləndirilən şəxsdir. Bu səbəbdən də o da həbsdədir.
 


Fotoda: Cavad Muradov

Elnur Məmmədov hazırda azadlıqdadır, onun təqsirləndirilən şəxs olduğu iş isə 6 aya yaxındır ki, araşdırılır. O, zərərçəkən kimi tanındığı iş üzrə məhkəmə prosesinə cəmi 1 dəfə, qardaşına məxsus "TT Fight Club”da məşq edən 15 nəfərə yaxın idmançının əhatəsində gəlib. Sonrakı proseslərə isə qatılmayıb.

Təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməsini istəyiblər. Deyiblər ki, Elnur Məmmədova çoxsaylı sualları var. Hakim Elnur Məmmədovun prosesdə iştirakını təmin ediləcəyini elan etsə də, hələ ki, onun məhkəmədə iştirakı təmin edilməyib.

Elnur Məmmədovun məhkəməyə bunca saymazyana münasibətinin atasının əlaqələrindən qaynaqlandığı iddia olunur. Elnur Məmmədov oliqarx Leysan Məmmədovun oğludur.
 


Fotoda: Leysan Məmmədov

Onun atası ötən ilin aprelinə qədər Binəqədi İcra Hakimiyyəti başçısının müavini olub. Mətbuatda Leysan Məmmədovun müxtəlif vəzifələrdə çalışdığı dövrlə bağlı məlumatlar var. O, mətbuatda həm də dövlət büdcəsi hesabına tikilən idman komplekslərinin tikintisinə nəzarət edən "kölgə” adam kimi təqdim olunur. Oliqarxa çevrilməsinin də məhz bu dövrə - dövlət hesabına inşa edilən obyektlərin tikintisi dövrünə təsadüf etdiyi vurğulanır.

Leysan Məmmədovun "Sea Breeze”dəki davanın əsas fiqurantı olan oğlu Elnur Məmmədova gəldikdə isə, o, hazırda Vergilər Xidmətinin inspektoru vəzifəsini daşıyır. Soyadı fərqli olan digər oğlu isə prokurorluq orqanında çalışır.

Hazırda bu qalmaqallı iş üzrə 1 məhkəmə araşdırması davam edir. Elnur Məmmədovun dostu Cavad Muradovun təqsirləndirilən olduğu cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə baş tutacaq.

Elnur Məmmədovun barəsindəki cinayət dosyesi isə hələ ki, məhkəməyə göndərilməyib.

Hadisə anını əks etdirən görüntüləri təqdim edirik:
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook