Şərur rayonunun Oğlanqala kəndində müasir infrastruktur yaradılıb
Fevral 16
08:36
2016
Muxtar respublikanın qədim yaşayış məntəqələrindən biri də Şərur rayonunun Oğlanqala kəndidir. Əcdadlarımızın yaratdığı qədim mədəniyyətin izlərini və zəngin tarixi özündə yaşadan Oğlanqala kəndi bu gün həm də müasir görkəmi ilə diqqəti cəlb edir. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar bu kəndi də əhatə edib, aparılan geniş quruculuq işləri və tikilən müasir sosial obyektlər kəndin minillik tarixində yeni inkişaf dövrünün əsasını qoyub, Oğlanqala muxtar respublikanın şəhərləşən kəndlərinin sırasına daxil olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 15-də Oğlanqala kəndində Kənd mərkəzi, kənd həkim ambulatoriyası, xidmət mərkəzinin yeni binaları istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Ali Məclisin Sədri tədbirdə çıxış edərək deyib: Oğlanqala kəndi müasir yaşayış məntəqəsinə çevrilib. Kənddə geniş quruculuq işləri aparılıb. Bütün bunlar insanların rahat yaşamasına imkan verəcəkdir. Eyni zamanda həyata keçirilən tədbirlər kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət edir.
Ali Məclisin Sədri deyib: Oğlanqala kəndi qədim yaşayış məntəqəsidir. Aparılan kompleks quruculuq işlərindən sonra Oğlanqala kəndi həm də müasir yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə istifadəyə verilən yol, müasir məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası ölkəmizin inkişafının, eyni zamanda bir kəndin timsalında dövlətimizin vətəndaşlara göstərdiyi qayğının nümunəsidir. Bütün bunlar Azərbaycan dövlətinin bugünkü simasıdır. Hər bir kənd, hər bir rayon öz inkişafı ilə ölkəmizin inkişafına pay verir. Kəndlərin, rayonların, şəhərlərin abadlaşması, müasirliyə qovuşması ümumilikdə Azərbaycanın inkişafına və daha da möhkəmlənməsinə xidmət edir.
Qeyd olunub ki, Oğlanqala kəndinin məhsuldar torpaqları və zəhmətkeş insanları vardır. Bu da imkan verir ki, qurulanlardan və yaradılan şəraitdən səmərəli istifadə olunsun, kənd daha da inkişaf etsin, nailiyyətləri artsın. Nailiyyətlərin artması isə ümumilikdə ölkəmizin nailiyyətlərinin artması deməkdir. İnsanlar qurulanlara, yaradılan şəraitə ölkəmizin inkişafı yolunda göstərdikləri xidmətləri ilə cavab verməlidirlər. Hər kəs çalışdığı sahədə öz üzərinə düşən vəzifəni məsuliyyətlə və keyfiyyətlə yerinə yetirməlidir.
Ali Məclisin Sədri deyib: Bu gün Oğlanqala kəndi qədimliyi və müasirliyi təcəssüm etdirir. Kəndin qürurverici tarixi vardır. Qədim yaşayış məntəqəsi olan Oğlanqala və Qız qalası haqqında Fransa və Amerika mətbuatında yazılar dərc olunur. Kəndə gələn və bu ərazidə tədqiqat işləri aparan xarici mütəxəssislər qədimliklə müasirliyinin vəhdət təşkil etdiyini görməlidirlər. Ona görə də tikilənlər, qurulanlar, yaradılan abadlıq işləri qorunub saxlanılmalı, kənd bundan sonra daha da inkişaf etdirilməlidir.
Sakin Hüseyn Orucov minnətdarlıq edərək deyib: Oğlanqala kəndində şəhər rahatlığı yaradılıb. Kənddə bütün növ kommunal xidmətlərlə təmin olunmuşuq. Bu günlərdə kənddə istifadəyə verilən artezian quyusu sakinlərin içməli suya olan tələbatını ödəyir. Bu gün istifadəyə verilən məktəb, kənd və xidmət mərkəzləri, müasir xəstəxanadan fərqlənməyən həkim ambulatoriyası kənd sakinlərinə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Bir sözlə, kənd sakinlərinin bütün qayğıları öz həllini tapıb. Dövlətimizin diqqətini daim öz üzərində hiss edən sakinlər vaxtını təsərrüfatla məşğul olmağa sərf edir. Fərdi təsərrüfatları inkişaf etdirmək üçün götürülən kreditlərin manatın köhnə məzənnəsi ilə qaytarılması sakinlər tərəfindən razılıqla qarşılanır. Bütün bunlar isə təsərrüfat sahələrinin daha da genişləndirilməsinə, bol məhsul istehsalına rəvac verir. Bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edəcək, məhsul istehsalını artırmaqla ölkəmizin inkişafına öz töhfəmizi verəcəyik.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılan şəraitlə tanış olub.
Binanın birinci mərtəbəsində rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri vardır. Baytarlıq məntəqəsində lazımi şərait yaradılıb, soyuducu qoyulub. Məlumat verilib ki, hazırda Oğlanqala kəndində 3 min başdan artıq iribuynuzlu və xırdabuynuzlu heyvan, 500-dən artıq arı ailəsi saxlanılır. Fərdi təsərrüfatlar vaxtlı-vaxtında dezinfeksiya olunur, süni mayalanma tədbirlərinə geniş yer verilir.
Kitabxana fondunda oxucuların istifadəsinə 12 mindən artıq ədəbiyyat verilib. Rabitə evində 384 nömrəlik ATS quraşdırılıb, genişzolaqlı və sürətli internetdən istifadə imkanları yaradılıb. Hazırda kənddə 320 telefon və 64 internet istifadəçisi vardır. Rabitə evində yeni poçt bölməsi yaradılıb, burada kompüter və POS-terminal qoyulub, kommunal ödənişlərin poçt vasitəsilə qəbuluna başlanılıb.
Binanın ikinci mərtəbəsində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası Oğlanqala kənd ərazi ilk təşkilatı və 74 yerlik iclas zalı vardır. Yeni Azərbaycan Partiyası Oğlanqala kənd ərazi ilk təşkilatının 285 üzvü vardır ki, onlardan da 122-si gənclər, 59-u isə qadınlardır.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Arzuman Mehdiyev məlumat verib ki, kəndin əlverişli yerdə yerləşməsi burada heyvandarlığın və əkinçiliyin inkişafına geniş imkanlar açır. Suvarma suyu ilə təminat, torpaq mülkiyyətçilərinə və fermerlərə dövlət dəstəyinin artırılması, subsidiyaların verilməsi və texniki təminat imkan verir ki, sahələrdən bol məhsul götürülsün.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması, kənddə heyvandarlığın və əkinçiliyin inkişaf etdirilməsi, tikilənlərin, qurulanların qorunub saxlanılması və nizam-intizama əməl edilməsi barədə tapşırıqlar verib.
Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib
Muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarından Oğlanqala kəndinə də pay düşüb.
Fevralın 15-də Oğlanqala kənd həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb.
Məlumat verilib ki, ikimərtəbəli həkim ambulatoriyası xəstəxana tiplidir. Binada baş həkim, qeydiyyat, tibb bacısı, doğuş, peyvənd, mama, manipulyasiya, sanitar otaqları, palata, stomatoloji kabinə, laboratoriya və aptek olmaqla 12 otaq vardır. Otaqların hər biri təyinatına uyğun müasir tibbi avadanlıqlarla təchiz olunub. Həkim və tibb işçiləri yaradılan şəraitdən və öhdəliklərində olan müasir tibb avadanlıqlarından səmərəli istifadə edərək əhalinin sağlamlığı qayğısına qalırlar. Kənddə profilaktik tədbirlərin təşkilinə, xüsusilə hamilə qadınların və uşaqların vaxtlı-vaxtında müayinəsinə ciddi diqqət yetirilir.
Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin günün tələblərinə uyğun təşkilinin vacibliyini qeyd edib.
Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcəkdir
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Oğlanqala kəndində xidmət mərkəzinin də açılışını edib. Məlumat verilib ki, mərkəzdə 2 yerlik bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Xidmət mərkəzində 6 nəfər işlə təmin olunub. Kənd sakinləri gündəlik ərzaq və təsərrüfat mallarını bir ünvandan əldə etməklə yanaşı, həm də istehsal etdikləri kənd təsərrüfatı məhsullarını burada satışa çıxaracaqlar.
* * *
Kompleks quruculuq işləri zamanı kənddaxili avtomobil yollarına 1300 metr məsafədə asfalt örtük, 4200 metr məsafədə çınqıl qatı verilib, yolboyu 11 su keçidi və 745 metr beton kanal tikilib. Müasir rabitə xidmətinin təşkili məqsədilə 2400 metr məsafədə fiber-optik xətt, həmçinin 4 kilometr yeni elektrik xətti və 1350 metr uzunluğunda qaz xətti çəkilib.
Qlobal.az