Şəmsəddin Hacıyevdən Mikayıl Cabbarova cavab: “Test sistemi özünü tam doğruldub”
Fevral 22
20:28
2016
"Hazırda test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompitensiyalarını ölçmək qabiliyyətinə malik deyil”.
ANS-in "Hesabat” verilişində bu fikirləri səsləndirən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, testin əsas çatışmazlığı məzunun gələcəyinin, taleyinin 3 saatlıq imtahanda həll olunmasıdır. Nazir həmçinin hazırki test imtahanlarının nitq, ritorika, yazı vərdişlərini, hər hansı seçim variantları ilə məhdudlaşmayan düşüncəni, tənqidi düşünmə tərzini əks etdirmədiyini bildirib.
Bir sözlə, təhsil naziri qəbul imtahanlarının test üsulu ilə keçirilməsinə yenidən baxıla biləcəyinin mesajını verib. Bu mesaj isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, test üsulunun şəffaf və obyektiv bir sistem olduğunu əsas gətirənlər, tətbiq olunacaq digər üsulların Azərbaycan şəraitində rüşvətxorluğa və korrupsiya hallarının artmasına səbəb olacağından narahatlıqlarını bildiriblər. Və bu gün sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələ məhz Mikayıl Cabbarovun bu açıqlaması olub.
Millət vəkili Şəmsəddin Hacıyev musavat.com-a açıqlamasında bu cür qərarların verilməsində Azərbaycan reallığının nəzərə alınmasının vacibliyini vurğuladı: "Bir var ki, bugünki Azərbaycan reallığı, bir də var ki, təhsil siyasəti ilə bağlı olan məsələlər... Bunlar başqa-başqa məsələlərdir. Bu gün Azərbaycan reallığında test sistemi özünü tamamilə doğruldur. Amma bilik əldə etmək, əzbərçilikdən uzaqlaşmaq, yaradıcı təfəkkürü formalaşdırmaq, yalnız test xətrinə öyrənməmək üçün başqa üsullardan istifadə edilməsini də məqbul hesab edirəm. Artıq neçə illərdir ki, test sistemi tətbiq olunur. İmtahanlar şəffaf və obyektiv şəkildə keçirilir, yəni heç bir problem yoxdur”.
Millət vəkili həmçinin vahid test üsuluna keçməyin vaxtının çatdığını da bildirdi: "Biz təhsil qanununu yazarkən də fikirləşirdik ki, necə edək, test sistemi daim təkmilləşsin, tələbənin biliyi ortaya çıxsın. Tələbələr öyrənmək istəsin, bilik əldə etsinlər, bir qədər yaradıcı qabiliyyəti artıran üsullara keçmək lazımdır. Sonra düşündük ki, Azərbaycan reallığı şəraitində bunu tətbiq etmək, başqa üsullara keçmək düzgün olmaz. Buna görə də qanunda da belə yazdıq. Bir də orada müzakirə olunan əsas məqam o idi ki, iki dəfə test imtahanı verilməsin. Orta məktəbi bitirənlər vahid test üsulundan keçsinlər, bununla da məsələ həll olunsun. Bu məsələ hazırda realdır. O vaxtlar bu təklifin tətbiq olunması üçün TQDK-da real imkanlar yox idi. Ancaq artıq bu gün o imkanlar var. İki dəfə imtahan keçirərək tələbələri əlavə stresə salmağa ehtiyac yoxdur. Artıq vahid test üsuluna keçməyin vaxtı çatıb”.
Millət vəkili testlərin təkmilləşdirilməsi məsələsinə də toxundu: "Xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara gəlincə, orada abituriyentlər onsuz da xüsusi qabiliyyət imtahanından keçirlər. Ancaq bəzi fənlər var ki, məsələn, riyaziyyatdan test üsulu ilə biliyin qiymətləndirilməsi tamamilə özünü doğruldur. Bir nüans da var ki, testləri də mexaniki yox, düşündürən testlərlə əvəz etmək lazımdır. Yəni, test sisteminin özünü də təkmilləşdirmək lazımdır. Dünyada çox təcrübə var. Bəzi ölkələrdə imtahansız universitetlərə qəbul həyata keçirilir. Bəzi ölkələrdə müəyyən imtahanlar testlə verilir, bəziləri də şifahi keçirilir. Müxtəlif modellər var. Azərbaycan şəraitinə uyğun olan nədirsə, onu seçib, ondan istifadə etmək lazımdır”.



