Şeir oğurluğunda günahlandırılan Pünhanə Əliyeva: “Konfransa tək gedəcəyəm”
Fevral 01
11:10
2016
"Mən varam” şeirlər kitabının müəllifi Pünhanə Əliyeva kitabındakı şeirlərin plagiat olması və şeir oğurluğunda günahlandırılması ilə bağlı bu gün keçiriləcək mətbuat konfransından öncə Cebhə.info-ya danışıb.
"Hamı məni günahlandırır. Amma mən and içərəm ki, oğru deyiləm. Mən oğru olmaq istəsəydim, başqa nələrisə oğurlayardım, şeir yox. Mən kitabın redaktoru Nəcibə İlkinə camaatın plagiat dediyi şeirləri verməmişəm. Mənim bundan xəbərim yoxdu. O şeirləri mənim kitabımda kim dərc edib, necə dərc edibsə, onu deyə bilmərəm. Sadəcə heç kəsə ixtiyar verilmir ki, məni sosial şəbəkələrdə təhqir etsinl. Bəli, mən Məmməd Arazın da, Nüsrət Kəsəmənlinin də qəbirindən üzr istəməyə hazıram və üzr istəyəcəm də”, -deyə Pünhanə Əliyeva vurğulayıb.
Diplomlarının saxta olması ilə bağlı fikirlərə münasibət bildirən Pünhanə Əliyeva "Deyirlər ki, mənim diplomlarım saxtadır. Belə bir iddianı irəli sürənlər bunu sübut edə bilərmi?! Mən harda demişəm ki, mən jurnalistəm?! İctimai qınaqdan qorxan adam deyiləm, bu qınaqları qəbul edirəm. Hər gün mənim ləyaqətimi, şərəfimi, namusumu, mənliyimi alçaldan mesajlar yazırlar mənə. Bu qədər ictimai təhqirə kim dözər axı?! Bəs mən həmin adamları məhkəməyə versəm, necə olacaq?! Mən bugünkü konfransa tək gələcəyəm. Qorxmadan, çəkinmədən. Mən kitabın redaktoru Nəcibə İlkinə demişəm ki, əgər bizi günahkar sayırlarsa, biz də mətbuata çıxıb günahkar olduğumuzu etiraf edək. Nədənsə o xanım mənə razılıq versə də, bunu etmək əvəzinə sosial şəbəkədə məni təhqir etməyə başlayıb. Bu hərəkət nə qədər vicdanlı addımdır, artıq bunun qiymətini Nəcibə xanım özü versin. Kitabı nəşr edən nəşriyyatın direktoru Nadir müəllimlə əlaqə saxladım, baş verənləri ona dedim. O isə "Belə bir hallardan qorxmaq lazım deyil, bu, bir texniki səhvdir” dedi. Təklifi isə bu oldu ki, kitabı geri qaytar, həmin plagiat şeirləri çıxarıb, sənin öz şeirlərini yenidən çap edək. Amma mən buna razı olmadım. Yenə qeyd edirəm, kimsə məni günahlandırıb qınaya bilər, amma məni təhqir etməyə heç kəsin haqqı yoxdur”,- deyib.
Qeyd edək ki, bu gün sözügedən şeir qalmaqalı ilə bağlı zərərçəkən tərəflər mətbuat konfransı keçirəcək.
Cəbhə.info



