Salyanda silosluq qarğıdalı biçininə başlanıldı
Avqust 16
14:57
2016
Son illərdə Salyanda ət və süd istehsalı nəzərə çarpacaq dərəcədə yüksəlib. Məhsuldarlığın artmasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə yanaşı, etibarlı yem bazasının yaradılması da mühüm əhəmiyyət kəsb edir. İndi mal-qaranın yem rasionunda quru ot, küləş, yonca ilə yanaşı, silosluq qarğıdalıdan hazırlanan senaj da mühüm rol oynayır.
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayonda silosluq qarğıdalı biçininə start verilib. Xüsusi kombaynlarla biçilən qarğıdalı heyvandarlıq komplekslərinə daşınır.
Qeyd edək ki, ötən ilə nisbətən bu il rayonda silosluq qarğıdalı sahələri artırılaraq 200 hektara çatdırılıb. Rayon sakini, fermer Əkbər Camalov bir neçə ildir silosluq qarğıdalı əkini ilə məşğuldur. Onun dediyinə görə, bu il məhsul boldur. Hər hektardan 40 tona yaxın silosluq qarğıdalı gözlənilir. Bu isə mal-qara üçün möhkəm yem bazası deməkdir. Senaj şirəli yem olduğundan iribuynuzlu heyvanların diri çəkisinə, eləcə də südün yağlılığına müsbət təsir göstərir.
Silosluq qarğıdalının satılmasında da elə bir problem yoxdur. Fermerlər bildirirlər ki, müqavilə əsasında silosluq qarğıdalının hər tonunu heyvandarlıq kompleksinə 30 manata satırlar. Bu da onlara sərf edir.
Qlobal.az



