SON XƏBƏR

Şagirdlər “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindəki xizəkçilik təlimlərindən bəhrələnirlər

Fevral 05
10:08 2016
Qəbələ rayonundakı "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində yeni xizəkçilik mövsümü ilə əlaqədar dağ-xizək idman növü üzrə şagirdlər üçün təşkil edilən ödənişsiz təlimlər uğurla davam etdirilir.
 
Kompleksin direktoru Əvəz Nəbiyev AZƏRTAC-a bildirib ki, ötən bir ay ərzində xizəkçilik təlimlərində Qəbələ rayonunun orta məktəblərindən 350 şagird və müəllim iştirak edib. Hazırda təlimlərdə şəhər 3 saylı və 4 saylı tam orta məktəbin 100 nəfər şagirdi və idman müəllimi iştirak edir. Kompleksin xizəkçilik mərkəzində şagirdlərin dağ-xizək idman növünə marağının artırılması, xizəkçiliyin sirlərinə yiyələnməsi və onların peşəkar idmançı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Bu xizək mövsümündə Qəbələ və ətraf rayonların şagirdləri qrafikə uyğun olaraq kompleksdə göstərilən kanat və xizək xidmətlərindən bəhrələnəcəklər.
 
Peşəkar təlimçilər kompleksin xizəkçilik mərkəzində yeniyetmə qız və oğlanlara 50 dəqiqə ərzində buz üstə xizəklə sürüşməyi, sağa və ya sola dönməyi və dayanmağı öyrədirlər. Şagirdlərin məktəbdən kompleksə gətirilməsi və geri qaytarılması üçün avtobuslar təşkil olunur, onlar xizək geyim formaları ilə təmin edilir. Kompleksdə şagirdlərin təhlükəsizliyi təmin olunur və sağlamlığının qorunması üçün həkim qrupu fəaliyyət göstərir. Şagirdlərin böyük marağına səbəb olan bu təmənnasız xizəkçilik təlimləri martın sonunadək davam etdiriləcək. Ölkəmizdə qış turizminin inkişafına kömək məqsədilə keçirilən bu təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkili və onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook