“Rayonlara elektrik enerjisinin verilməsi tam bərpa olunub” - Açıqlama
Yanvar 29
15:16
2016
Son günlər havanın soyuq keçməsi regionlarda olan kommunal xətlərdə problemlər yaradıb. Xüsusilə də cənub zonalarımızda elektrik enerjisinin verilməsində uzun müddətli fasilələr yaşanıb.
Musavat.com-a daxil olan məlumata görə, havanın qarlı olması səbəbindən yanvarın 26-dan etibarən Lerik, Yardımlı və Cəlilabad rayonlarının dağ kəndlərində elektrik enerjisi kəsilib. Güclü qar yağması səbəbindən yolların da bağlanması, rayon sakinlərinin kənardan odun gətirmələrinə də mane olub. Bu səbəbdən sakinlər qarlı günlərdə xeyli əziyyət çəkdiklərini bildiriblər.
Məsələ ilə bağlı musavat.com-a danışan "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, problem hava şəraitinin pis olması ilə bağlı idi:
"Oradakı kabellərdə və yaxud da digər avadanlıqlarda hər hansı bir problem yoxdur. Yəni dağ kəndlərinə elektrik enerjisinin verilməsi, kabellərin köhnə olması, yaxud da bu kimi məsələlərlə bağlı deyildi. Hava şəraiti qarlı və küləkli olduğu üçün orada qəza baş vermişdi. Dağ kəndləri olduğu üçün də maşın və mexanizimlər qəza yerinə gedə bilmirdilər. Lakin hazırda bütün problemlər aradan qaldırılıb. Kəndlərə də elektrik enerjisinin verilməsi tamamilə bərpa olunub”.



