Rauf İsfəndiyarovun cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
Yanvar 11
18:33
2024
Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işinin bəzi detalları məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, istintaq materiallarında qeyd olunub ki, Rauf İsfəndiyarov 27 oktyabr 2011-ci il tarixdən Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən 2016-cı ilin iyul ayından başlayaraq 2017-ci ilin may ayınadək olan müddətə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.
Eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək 136 adda şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya teminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək ümumilikdə 1.646.337,52 manat məbləğində pul vəsaiti ziyan vurub. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, müəyyən tibb müəssisələrinin vəzifəli şəxslərin vahid tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.
Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.
Qlobal.az