SON XƏBƏR

Qərbi Azərbaycan Xronikası: Xaricdən köçürülən ermənilər niyə Basarkeçərə yerləşdirilib?

Dekabr 07
01:52 2023
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə zaman-zaman erməni hiyləgərliyinin qurbanına çevrilən, əhalisinin milli tərkibi və kəndlərinin adı dəyişdirilən Basarkeçər rayonu haqqında süjet hazırlanıb.

"Report" xəbər verir ki, "Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan” adlı süjetdə iki əsrə yaxındır Azərbaycana qarşı torpaq iddiasından əl çəkməyən, türk dünyasını soyqırımı törətməkdə suçlamağa çalışan ermənilərin daim tarixi saxtalaşdırmaq metodunu seçib, silah və terror gücü ilə "dənizdən-dənizə” cəfəngiyatının baş tutması üçün ilk növbədə əhalinin tərkibini dəyişdirməyi həmişə ön plana çəkdiyi vurğulanır.

Bildirilir ki, Göyçə gölünün yaxınlığında yerləşən qədim yaşayış məskənində türk tayfaları eramızın 460-cı illərində məskunlaşıblar. Rayonun ərazisi bizim eranın əvvəllərindən XIX əsrin əvvəllərinə kimi Alban dövlətinin, sonralar ərəblərin, səlcuqların, qaraqoyunluların, ağqoyunluların, səfəvilərin, əfşarların, qacarların, XVIII əsrin ortalarından 1828-ci ilədək İrəvan xanlığının, 1828-ci ildən sonra çar Rusiyasının, 1918-1920-ci illərdə bir hissəsi Azərbaycan Demokratik Respublikasının, bir hissəsi isə daşnakların hakimiyyəti altında olub. 1930-1937-ci illərdə yeni inzibati-ərazi islahatı zamanı Yeni Bəyazid qəzası beş rayona bölünüb. Bu rayonlardan biri də azərbaycanlıların daha çox məskunlaşdığı Basarkeçər olub və Ermənistanın Çəmbərək, yəni indiki Krasnoselo, Aşağı Qaranlıq, yəni indiki Martuni, eləcə də Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəd ərazidə yerləşib.

Qeyd olunur ki, Göyçə mahalı ərazisində ən böyük rayon olan Basarkeçər 1930-cu il sentyabrın 9-da yaradılıb: "1969-cu il iyunun 11-dək Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 kvadrat kilometr, əhalisi isə 70 mindən çox olub. Tarix boyu azərbaycanlıların yaşadığı bu torpaqlara ermənilər XIX əsrin birinci rübündə, yəni çar Rusiyasının Cənubi Qafqazı işğal edəndən sonra gəlib. 1828-1830-cu illərdə Çar Rusiyası Zaqafqaziyaya İrandan 40 min, Türkiyədən 84 min erməni köçürüb. Bunun nəticəsində 1873-cü ildə Basarkeçərdə 3145 erməni peyda olub və tədricən azərbaycanlıların sıxışdırılmasına başlanılıb. Haylar 1918-1920-ci illərdə daim oğuz-türklərinə qarşı vəhşiliklər törədib, Basarkeçər rayonu ərazisinə hücum edib dinc əhalini amansızlıqla qətlə yetirib, 22 kəndii darmadağın edib, 8 kəndi yandırıblar. Nəticədə çox sayda azərbaycanlı yurdlarını tərk etməyə məcbur olub.

Diqqətə çatdırılır ki, 1931-ci ildə çar hökumətinin siyasətindən 100 il sonra Basarkeçərdə 12 662 erməni, 17 306 azərbaycanlı olub. 1948-1953-cü illərdə Basarkeçərdən azərbaycanlılar xaricdən köçürülən erməniləri Ermənistanda yerləşdirmək bəhanəsi ilə Azərbaycanın müxtəlif bölgələrinə köçürülüb.

Nəhayət "ağ genosid” siyasəti 1988-ci ilin oktyabrında da davam edib, Basarkeçərdən azərbaycanlılar zorla çıxarılıb və Azərbaycanın 31 bölgəsinə səpələnib. İndi burada təkcə ermənilər yaşayır. Rayonda mövcud olan kəndlərin hamısının adı bir neçə dəfə saxtalaşdırılıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif dövrlərdə fərmanları ilə Basarkeçər rayonu üzrə 50-dən çox tarixi yer adları dəyişdirilib.

Deyilir ki, Basarkeçər adının Vardenisə çevrilməsi növbəti erməni saxtakarlığıdır: "Lakin artıq hayların sonu olmayan bu hiyləgər siyasəti fiaskoya uğramaqdadır. Təbii ki, türklərə məxsus adları dəyişdirməklə ermənilər əzəli Azərbaycan torpağı olan Basdarkeçərdə əbədi məskən sala bilməyəcəklər. Çünki bu yurddan Miskin Abdalın və dədə Ələsgərin sazının səsi, xoş avazı gəlir.

Süjet Azərbaycan Prezidenti İlham Əliyevin2021-ci il avqustun 17-də Kəlbəcər və Laçına səfəri zamanı dediyi sözlərlə yekunlaşır: "Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda "Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır və Basaekeçər rayonu 1930-cu ildə Ermənistan ərazisində yaradılmışdır. Orada yaşayanların mütləq əksəriyyəti azıərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi. Deportasiyaya məruz qalmışlar.

Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda "Vardenis” yox, Basarkeçər adı bərpa edilməlidir və bütün digər indiki Ermənistan ərazisində yerləşən qədim Azərbaycan yaşayış məntəqələri də öz əsl adları ilə çağrılmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook