SON XƏBƏR

Qalmaqallı şirkətin rəhbəri: "Tarixi binada söküntünü biz yox, İcra Hakimiyyəti aparıb"

Aprel 07
12:38 2021
Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı rəsmi açıqlamasında sözügedən şəxsin Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair "FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verdiyi qeyd olunub.

Həmin bəyanatda adı çəkilən şirkətin - "FF-2011” MTK-nın rəhbəri Tamilla İbrahimova ittihamlara cavab verib.

- Baş Prokurorluğun rəsmi açıqlamasında sizin şirkətin adı çəkilib. Bu ittihamlarla bağlı nə deyə bilərsiniz?

- Bununla bağlı onu deyə bilərəm ki, mənim bütün sənədlərim qanuni və düzgündür. Bir az ətraflı qeyd edim ki, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsində yerləşən ərazidə əsasən istismar vaxtı keçmiş və qəzalı vəziyyətdə olan mənzillərin sökülüb, yerlərində çoxmərtəbəli, müasir standartlara uyğun yaşayış binasının tikilməsi üçün mən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdim. Onlar altı aydan sonra mənə bu yöndə fəaliyyət göstərməyim üçün sərəncam verdilər. Ondan sonra bütün sənədlərimi toplayıb, inşaat pasportu aldım. Eskiz və işçi lahiyələrim təsdiqləndi. Şəhərsalmadan keçdikdən sonra, 2016-cı ildə tikintiyə başlamaq üçün Bakı meriyasından xüsusi nişan aldıq. Tikinti ilə bağlı yeni dəyişikliklər olduğu üçün mən yenidən müraciət edərək, 2018-ci ildə öncədən istənilməyən "Tikintiyə icazə sərəncamı”nı da aldım. Biz tikintiyə başlayandan sonra Mədəniyyət Nazirliyindən ərazidə tarixi memarlıq abidəsinin olduğuna dair məktub gəldi və mən o məktub əsasında Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdim. Bizə şəxsən sabiq mer Hacıbala Abutalıbov tərəfindən bildirildi ki, o ərazidə yeganə tarixi bina keçmiş Basin küçəsindəydi və sürüşdürülüb, başqa heç bir tarixi dəyəri olan memarlıq abidəsi yoxdur. Eyni zamanda qeyd etməliyəm ki, Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 13.01.2017-ci il tarixli, 7-94/17 saylı məktubunda açıq mətnlə bildirib ki, bütün söküntü işlərini meriya aparıb. Ərazidə yeni yol və park qurulduğu üçün Bakı şəhər İcra Hakimiyyəti söküntü işlərini nə bizə, nə də digər şirkətlərə həvalə etdi və bütün prossesi başdan sona qədər özü apardı. Yəni, bütün sənədlər də qaydasında olub, fəaliyyətimizi də buna uyğun qurmuşuq.

- Bəs sənədləriniz qaydasındadırsa, fəaliyyətinizə necə əngəl olunur?

- Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən dedilər ki, sənin sənədinə Rasim Quliyev icazə verib, bu doğru deyil. Sual verdim ki, bura kim imza çəkməli idi? Dedilər ki, müavin imzalamalıdır. Onlara bildirdim ki, meriyada imzanı kimin atması Bakı şəhər İcra Hakimiyyətinin məsuliyyətində olan məsələdir və şirkətə aidiyyatı yoxdur. Bizim üçün önəmli olan möhürdür. Bütün sənədlərimizdə Bakı şəhər İcra Hakimiyyətinin möhürü var. Eyni zamanda bundan narahat olduğum üçün Hacıbala Abutalıbovun qəbuluna getdim. Şəxsən özünə sual verdim ki, Hacıbala müəllim, DŞAK mənə irad tutur ki, sənədə qolu müavin çəkməli idi, aparatın rəhbəri niyə qol çəkib? Hacıbala Abutalıbov izah elədi ki, Rauf Pənahov rəhmətə getdiyi üçün müraciət etdim rəhbərliyə. Mənə göstəriş verildi ki, bu işi müvəqqəti kiməsə həvalə elə. Digər müavinim humanitar məsələlərə baxdığı üçün mən də bu işi müvəqqəti Rasim Quliyevə həvalə etdim. Bu barədə, müvafiq sərəncamım da var. Bundan sonra Hacıbala Abutalıbov mənə həmin sənədi təqdim etdi. Sənəddə yazılıb ki, Rauf Pənahovun vəfatı ilə əlaqədar başçının müavini səlahiyyətlərini Rasim Quliyevə həvalə edir və sərəncamın icrasına nəzarəti özündə saxlayır.

- Söküntü işini kim aparıb?

- Bir daha təkrar edirəm ki, söküntü işini Bakı şəhər icra hakimiyyəti yerinə yetirib. Park və yola zərər dəyməməsi üçün meriya bu məsuliyyəti öz üzərinə götürdü. DŞAK-da da Namiq Hümbətov var, birinci müavindir. Biz bir-birimizi on ildir ki, tanıyırıq və onun o prossesdən, hansı sənədlərin olub-olmamasından çox gözəl xəbəri var. O çox gözəl bilir ki, ora necə sökülürdü. Mənim sənədlərimin düzgün olduğunu da bilir. Tikinti işlərinin dayanmasından sonra yenə ona müraciət etdim. Məni get-gələ saldı və 2020-ci ilin sentyabrında ümumi razılığa gəlmək üçün mərtəbə sayının azaldılmasını təklif etdi və biz razılaşdıq. Yanvar ayında isə mənə həyat yoldaşım vasitəsi ilə xəbər göndərdi ki, biz tərəfdən alınmır, dərdini "yuxarı” ilə çözsün. Bizim işimizi dayandıran bu komitədir və "yuxarı” deyiləndə kimin nəzərdə tutulduğunu mən bilmirəm. Dəfələrlə Anar Quliyevin də qəbuluna düşmək istəsəm də, heç bir cəhdim alınmayıb. Mən Namiq Hümbətova öz vəziyyətimin çətinliyi, həmin ərazinin sakinlərinin bu səbəbdən yaşadığı problemləri bildirdikdə, açıq şəkildə dedi ki, "get hamıya de ki, Namiq Hümbətov tikintiyə icazə vermir”. Axı mən illərdi kirayədə yaşayan insanlara bunu necə deyim?

- Yəni, siz bu məsələdə zərərçəkən olduğunuzu iddia edirsiz?

- 14 oktyabr 2018-ci ildə mən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində oldum və onların razılığı ilə yenidən işə başladım. İki mərtəbəsi zirzəmi olmaqla, səkkiz mərtəbənin sütunlarını qaldırdıq. 2019-cu ilin martında tikintini dayandırdılar. O zamandan da tikintiyə icazə verilmir. Zərər də mənə dəyir. Çünki insanları ərazidən köçürmüşəm, banklardan kreditlər götürmüşəm, 4 ildir kirə pulu verdiyim adamlar var. Mən o insanlar üçün üzülürəm, xəcalət çəkirəm, ancaq əlimdən heç nə gəlmir. Bu gün bütün qurumlar yaxşı bilirlər ki, mənim bu məsələlərdə heç bir günahım yoxdur. 126 şirkətin adı Korrupsiyada ola-ola, sadəcə, mənim şirkətimin adı hallandırılır, mənin işgüzar nüfuzumla oynanılır. Bu barədə Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya müraciət etmişik.
 
(Qafqazinfo.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook