SON XƏBƏR

Prezidentin yolundakı binada baş verənlər: anlaşılmazlıq, yoxsa cinayət?

Avqust 02
10:27 2022
Vəkil: "Burada vəzifə cinayətləri baş verib”

Prezident İlham Əliyevin iqamətgahından Prezident Administrasiyasına gedib-gələrkən hərəkət xəttinin üzərində yerləşən yaşayış binasındakı mənzillərin qapılarının sındırılması, içəridə olan əşyaların dağıdılmasıyla əlaqədar əmlak sahibləri iyulun 28-də prokurorluğa şikayət ediblər.

Mülkiyyətçilər əmlaklarının dağıdılmasında iştirak edən Bakı şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirlər.

Sakinlər şikayətlərində göstəriblər ki, mənzillərindən çıxmaları üçün onlara təklif edilən kompensasiya çox aşağıdır. Ona görə də məhkəməyə müraciət ediblər.

Bakı İnzibati Məhkəməsində işi araşdıran hakim prosesin gedişində qərardad çıxarıb ki, bu iş üzrə yekun qərar verilənə qədər bina sökülməsin, kommunikasiya xətlərinə (qaz, su, elektrik enerjisi) əl vurulmasın, sakinlərin mənzillərinə toxunulmasın. Həmin qərardad bu gün də qüvvədədir. Buna baxmayaraq, iyulun 28-də səhər saatlarında Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılovun da iştirakıyla gəlib mənzillərin qapılarını sındırıblar, evləri dağıdıblar.

Mülkiyyətçilər dağıntı prosesinin videogörüntülərini də prokurorluğa təqdim ediblər.
 


Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyir ki, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində ("Qaqarin” körpüsünün yanı) yerləşən sözügedən bina dövlət maraqlarına görə sökülür, bu barədə sərəncam var.

O, "pravda.az” saytına açıqlamasında bildirib ki, müvafiq qurumlar hesablamalar aparıblar, sakinlərə hər kvadrat metr üçün 2200 AZN təklif olunub: "Bu, artıq qanunsuzluqdan çıxır. Bina sakinlərinə də bununla bağlı qiymət təklif olunub. Hazırda həmin binada, təxminən, 6-7 ailə qalıb. Onlar da müqaviləni bağlayırlar. Bu gün, ya sabah, razılaşıb çıxıb gedəcəklər. Bu, tədbir dövlət marağındadır, "Zəfər” muzeyinin tikintisilə bağlı olan bir şeydir. Bina söküləcək. Şəhər infrastrukturuna, müasir layihələndirilməyə uyğun olaraq, belə bir qərar verilib. Görüntüləri biz də gördük. Kiminsə yaşadığı evə müdaxilə olunması barədə deyilənlərə gəldikdə, ola bilsin, bir az anlaşılmazlıq olub. Bu gün bu tədbir dövlət marağı və bütün qanunlar çərçivəsində həyata keçirilir. Binada yaşayan ailələrin böyük əksəriyyəti artıq köçüb, razılaşıb, pulunu da alıb, müqaviləsini də bağlayıb, evini tərk edib, çıxıb gedib”.

Pənah İmanov verilən məbləğlə razı olmayan sakinlərə problemi məhkəmə yoluyla həll etməyi məsləhət görüb: "Sakinlərdən kiminsə narazılığı varsa, hüquqi dövlətdə yaşayırıq, əlbəttə, məhkəmə yolu ilə həll edə bilər. Məsələnin araşdırılması hüquqi müstəvidə olmalıdır”.

Sakinlər isə hələ 2021-ci ilin dekabrından məhkəmədə bu məsələ ilə əlaqədar iddia qaldırıblar. Hakim də 2022-ci ilin yanvarında müvəqqəti xarakterli tədbir olaraq, mənzillərə toxunulmasını qadağan edən qərardad çıxarıb. Məhkəmə müstəvisində çəkişmə hələ də davam edir.

İyulun 28-də mənzili dağıdılan Solmaz Həmidovanın vəkili Cavad Cavadov Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanovun dediklərilə razılaşmır.

Şöbə müdirinin açıqlamasının həqiqəti əks etdirmədiyini, ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığını vurğulayan vəkilin sözlərinə görə, həmin binada İmanovun dediyi kimi 5-6 yox, 13 satılmayan mənzil qalıb.

"Solmaz Həmidovanın mənzili də ikinci mənzildir ki, satılmadığı halda sökülür. İcra hakimiyyəti vətəndaşın qanuni mülkiyyətində olan mənzilin qapısının sındırılmasına, evin dağıdılmasına deyir ki, "ola bilsin, anlaşılmazlıq olub”. Xeyr, bu, anlaşılmazlıq deyil. Burada vəzifə cinayətləri baş verib. Özgənin əmlakı qəsdən məhv edilib, vətəndaşların mənzil hüququ pozulub. Bütün bu cinayətlərlə əlaqədar prokurorluğa müraciət olunub, artıq araşdırmalar başlanıb. İcra hakimiyyəti bütün mənzilləri alandan sonra o qaydada söküntü apara bilərdi. İndiki halda baş verənlərin adı vandallıqdır”, – Cavad Cavadov Meydan TV-yə bildirib.

Vəkilin sözlərinə görə, Prezident Administrasiyasında da məsələdən xəbərdardılar: "Bizdə olan məlumata görə, Prezident Administrasiyası məsələni nəzarətə götürüb, icra hakimiyyətindən açıqlama tələb olunub. Vətəndaşlar onların mülkiyyət hüququnu pozan, cinayət törədən şəxslərin məsuliyyətə cəlb olunması üçün sonadək gedəcək. Mən də vəkil kimi, bu məsələdə sona qədər prinsipial şəkildə hüquqi mübarizəni davam etdirəcəm. Biz hüquqi yol tutmuşuq, məhkəməyə müraciət etmişik. Qüvvədə olan qərardad var. Təəssüf ki, qarşı tərəf fərqli yol seçib…”

2021-ci il noyabrın 18-də sakinlərə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədovun imzasıyla bildiriş paylanıb. Orada göstərilib ki, icra başçısı 12 noyabr 2021-ci ildə 373 saylı sərəncam imzalayıb.

Həmin sərəncama əsasən, komissiya yaradılıb, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış evləri və qeyri-yaşayış sahələrinin köçürülməsinə başlanıb. Sakinlərin rəyini nəzərə almadan, bildirişdən cəmi beş gün sonra – noyabrın 23-də binanın həyətyanı sahəsi sökülüb.

Mülkiyyət sahiblərinə mənzillərin sahəsindən, mərtəbəsindən, təmirindən asılı olmayaraq, hər kvadrat metrə görə 2200 manat, birinci və ikinci mərtəbələrdə yerləşən qeyri-yaşayış obyektlərinin sahiblərinə isə hər kvadrat metr üçün 2500 manat pul ödəniləcəyi bildirilib.

Xətai Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2021-ci il tarixli sərəncamında göstərilib ki, ərazidəki söküntü işləri yol qovşağının genişləndirilməsi və abadlaşdırılma işlərinin həyata keçirilməsilə əlaqədardır.

Sakinlər prezidentə də müraciət edərək, bu işin diqqətdə saxlanmasını xahiş edib. Çünki bu məsələdə prezidentin də adı hallanır.

İddia olunur ki, bina dövlət başçısının gündəlik hərəkət xətti üzərində yerləşdiyinə görə sökülür.
Binadakı mənzillərdən biri də Baş nazirin müavini Yaqub Eyyubovundur.

O, icra hakimiyyətinin verdiyi məbləğlə razılaşaraq, mənzilini satıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook