SON XƏBƏR

Paşinyan BBC-də özünü biabır etdi - Video

Avqust 14
16:21 2020
Ermənistanın Baş Naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan "HardTalk” verilişinin qonağı olub. 

"Qafqazinfo” xəbər verir ki, verilişdə Paşinyan aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi suallara cavab verərkən çətin anlar yaşayıb.

Belə ki, aparıcının "Siz son münaqişəni Azərbaycanın başladığını iddia edirsiniz, qarşı tərəf isə əksini deyir, bu verilişdə bunu aydınlaşdıra bilməyəcəyik. Ancaq aydın olan odur ki, siz buna qədər vəziyyəti gərginləşdirən bir sıra təxribat xarakterli addımlar atmısınız. Məsələn, niyə ötən ilin avqustunda siz Stepanakertə (Xankəndi -red.) səfər edib çıxışınızda "Artsax Ermənistandır” demisiniz? Bu, açıq aşkar Azərbaycana qarşı təxribat idi" sualına cavabda erməni Baş Nazir yayınmağa çalışıb.

"Mən ona görə "Artsax Ermənistandır” demişəm ki, Dağlıq Qarabağda min illər boyu ermənilər məskunlaşıb və Artsax adı minilliklərlə tarixə sahibdir".

Aparıcı Ermənistan Baş Nazirinin sözünü kəsərək "Biz sizin tarixinizin minilliklərini indi araşdıra bilmərik, edə biləcəyimiz bu günün reallıqlarına baxmaqdır. BMT Baş Assambleyasının münaqişə ilə bağlı 4 qətnaməsi, hansı ki, işğal olunmuş Azərbaycan torpaqlarından bütün Ermənistan hərbi qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir, pozmusunuz. Beynəlxalq hüquqa görə sizin qüvvələr işğal həyata keçirir və siz ora gedib bu ərazilərin sizə aid olduğunu elan edirsiniz. Aydındır ki, siz sülh qurucusu deyilsiniz" deyə bildirib.

Paşinyan bundan sonra guya Azərbaycanın münaqişə başlayanda ermənilərə qarşı etnik təmizlənmə həyata keçirmək istədiyini və münaqişənin buna görə başladığını iddia edib.

Aparıcı Sakur Ermənistan Baş Nazirinin hakimiyyətə gəlməzdən öncə sülhə nail olacağı ilə bağlı verdiyi vədlərə necə əməl edəcəyini soruşub: "Sizin hökumətiniz Ermənistandan Dağlıqa Qarabağa yol çəkməyə hazırlaşır. Bu yol isə Azərbaycanın ərazisindən keçir. Brüsseldə Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu planı nəzərdən keçirib və onu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib, həmçinin bunun simvolik olaraq Qarabağın qanunsuz işğalını möhkəmləndirəcəyini bildiriblər. Siz bu yol tikintisini dayandıracaqsınız?”

Paşinyan isə bu sualdan yenə də yayınmağa çalışıb və yolu Ermənistan hökumətinin tikmədiyini bildirib.

S.Sakur bir daha münaqişədə Ermənistanın mövqeyinin sülhyönümlü olmamasına toxunub: "Dağlıq Qarabağ məsələsində Ermənistanın millətçi mövqeyində və sizin həyata keçirdiyiniz strategiyada əhəmiyyətli sülh elementləri yoxdur. Siz elə sələfləriniz kimisiniz, heç də fərqli görünmürsünüz, Ermənistan xalqı üçün bu vacib məsələdə sizin fərqli bir yanaşma gətirdiyinizi necə göstərmək olar?”

Erməni hökumətinin rəhbəri bu suala cavab verərkən guya Ermənistanın millətçilik mövqeyindən çıxış etmədiyini bildirib.

Daha sonra aparıcı qeyd edib: "Siz hakimiyyətə gəlməzdən əvvəl jurnalist və hüquq-müdafiəçisi kimi fəaliyyət göstərmisiniz. Və siz, hətta siyasi məhbus kimi həbs dönəmi də keçirmisiniz. Siz insan hüquqlarının qeydinə qalırsınız. Mənə maraqlıdır. Öz sələflərinizdən fərqli olduğunuzu göstərmək üçün Azərbaycana müraciət edərək keçmişdə, xüsusilə 80-ci illərin axırı və 90-cı illərin əvvəlində Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ ərazisində insan hüquq pozuntuları, müharibə cinayətlər törətdiyini etiraf etməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər bu cinayətləri siyahılaşdırıblar, onlara görə üzr istəməyə hazırsınızmı?”

Paşinyan bu sualdan da yayınmağa çalışdıqda jurnalist yenidən sualı təkrarlayıb: "Mən sadəcə bilmək istərdim ki, siz məsuliyyəti üzərinizə götürüb Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu, çox sadədir. Bəli, ya xeyr?”

Paşinyanın yenə sualdan yayındığını görən jurnalist onun sözünü kəsərək "Aydındır, siz üzr istəməyəcəksiniz”,- deyə cavab verib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook