Oyunların ağırlıq ortası
Oktyabr 06
16:35
2016
Soylu ATALI
Bu günlərdə "BMT Baş Məclisi”nin yubiley
sessiyası keçirildi. Siyasal dünyanın ağası kimi davranan ABŞ-ın dövlət
başçısı Obama, gələnəksəl olaraq, dünyaya bir sıra ismarıclar verdi. Bu
ismarıclar əslində zorüstə ağıl nümayişi idi.
Müsəlman Allah anlamını dərk eləmədiyi üçün
Allaha öz diləklərindən yanaşır. Başqa sözlə, Allahı öz diləklərinə
uyğun təsəvvür edir. Özəllikcə, davamlı namaz qılıb oruc tutan adam bəzən elə
davranır ki, elə bil Allah onun dayısıdır. Belə adamlar dünyanın gözəlliyini
anlamayan, anlamını bilməyən zavallılardır. Onlar Allahın, əslində ağanın qulu
olduğunu düşünüb bununla qürur duyurlar. Özünə qul demək – Allahı ağa kimi
təsəvvür etməkdir. Çünkü qul sözü ağa sözünün anlamına uyğun yaranıb. Ağasız qul
olmur, başqa cür desək, qulu olmuyana ağa demirlər.
Yuxarıda başladığımız qonuya bu artırmanı
qoşmaqla bir tutuşdurma aparmaq istədik. Mütiliyin tələbləri birdir,
təyinatı başqa görünsə də. Yaşama siyasal yanaşma da din baxımından yanaşma
kimidir. Yəni mütilik insan şüuruna, mənliyinə hakim olanda, o, gücünü itirir
və mənliyinə, çalışmasına (fəaliyyətinə) ağa axtarır. Din Allahdan insanın
mənliyinə ağa yaratdığı kimi, milləti kölə kimi yaşayan dövlətin başında
duranlar da özünə və xalqına başqa güclərdən ağa yaradır. İndi qayıdaq Obamanın
çıxışına. O, bir sıra dövlət başçılarını demokratiyanı pozmaqla avtoritar rejim
yaratmaqda suçlayır. Bu suçlama nə dərəcədə səmimi və haqlıdır?! Axı
avtoritarları yaradan ABŞ-ın siyasətidir. Nə qədər ki, ABŞ-ın istəkləri təmin
olunur, o, avtoritarlarla hər cür əməkdaşlıq edir. Elə ki istəkləri ödənmir
başlayır suçlamalara. On illərlə bu cür yanaşma açıq şəkildə görünür, ancaq heç
kim (heç bir dövlətin başçısı) cəsarət tapıb yüksək tribunalarda onun gözünün
içinə bunu demir. Çünkü heç kim sağlam ruhlu, sağlam düşüncəli, sağlam ideyalı
deyil. Xalqını talayan, bunun üçün çağında ABŞ-ın özündən belə yardım
alan bir başçı yüksək tribunada o cür cəsarət və ləyaqət göstərə bilməz. Ona
görə Obamanın çıxışına hər kəs öz diləyindən yanaşır. Hər kəs, yəni iqtidar və
müxalifət cəbhəsində olanlar. Başqalarının (zəif, güclü dövlətlərin) "hər
kəs”inin istəklərini burada araşdırmağa gərək duymuruq. Sadəcə olaraq,
Azərbaycandakı yanaşmalara qısaca aydınlıq gətirmək istəyirik. Çünkü bu yanaşmalar,
istəsək də, istəməsək də, Yurdumuzun siyasal taleyində rol oynayır. Müxalif
düşərgədə görünən adamlarımıza görə, Obamanın xəbərdarlığından dövlətimizin
öndərliyi ciddi ölçü götürməlidir. Biz hesab edirik ki, Obamaların
çıxışlarından ilhama gəlmək – kölə mənliyin yaşadığı sevincdən başqa bir şey
deyil. Bu cür çıxışlardan Azərbaycan toplumu üçün xeyir gələcəyini ağıla
gətirmək, yumşaq desək, tamamilə yersizdir. Təəssüf ki, bu çağa kimi ABŞ-ın
xeyrinə deyilən söz – dünyanın xeyrinə deyilən söz kimi düşünülüb, daha
doğrusu, sırınıb. Əslində isə ABŞ-ın xeyri üçün deyilən söz, çoxluq olaraq,
dünyanın zərəri üçün gerçəkləşib. Demokratik devrimlər – ABŞ süfrəsinin
artığına cummaq kimi bir hərislik səviyyəsini doğruldub. ABŞ-ın dağıdıcılığına
demokratik gəlişmə adı qoyanlar dövlətinin və xalqının imkanlarını oğurlayıb
ələ keçirmək istəyən xudbin hərislərdir. Xalqla iş aparmayan, xalqa həqiqətləri
deməyən, xalqla birləşməyən istənilən qüvvə, xalqın gələcəyi üçün, ABŞ qədər
qorxulu və zərərlidir.
Bildirmək istəyirik ki, bizim
ABŞ siyasətinə yönəlik düşüncələrimiz Azərbaycan iqtidarının ABŞ-a yanaşmasının
eyni deyil, ola da bilməz. Bizim rahatsızlığımız milli varlığımıza və
dövlətçiliyimizin gələcəyinə qorxu yaradan gedişlərdən doğur. Azərbaycan
iqtidarı isə dövlətimizin bağımsızlığına qarşı ABŞ-ın təhdid siyasəti
yürütməsini bəhanə gətirərək, toplumumuzu özünün doğru olmayan mövqeyinə
inandırmağa çalışır. Əgər Azərbaycan iqtidarı dövlətin bağımsızlığını ABŞ-ın
basqılarından qoruyursa, bəs bunca Azərbaycanın gələcəyini Rusiya kimi azğın
bir imperiyanın ixtiyarına sürüşdürmək nə deməkdir?! İndi hər kəs anlayır ki,
ABŞ və Rusiyanın Qafqaz uğrunda çəkişmələri qlobal savaş (müharibə) üsulu ilə
gerçəkləşməz. Hər ikisi Qafqaz dövlətlərinin başçılarına etki göstərib öz yanına
çəkməklə udmağa çalışır. ABŞ-ın Qafqazla coğrafi sınırları olmadığı üçün
etkisini demokratiya adlanan ideolojisi ilə həyata keçirir. Rusiya isə fiziki
olaraq Qafqazın içindədir. Onun etki göstərmək olanaqları bu baxımdan xeyli
üstündür. Hələ üstəlik imperiyasının içindən ayrılan Qafqaz ölkələrində yetərincə
casus- kadrları çalışır. Buna baxmayaraq, ABŞ-ın etkisi Rusiyanın üstünlüyünü
də yenməyə qadirdir. Çünkü Rusiyanın özündə də ABŞ-ın ideolojisi hakimdir,
üstəlik də Rusiyaya iqtisadi yöndən basqı göstərmək olanaqları genişdir. Bir
sözlə, ABŞ Azərbaycan iqtidarına etki göstərmək üçün onun öz toplumuna qarşı
ədalətsiz davranışlarını, demokratiyanın prinsiplərini pozmasını əsas gətirir.
Azərbaycan iqtidarı da ABŞ-ın davranışını dövlətimizin iç işlərinə qarışması
kimi qiymətləndirərək dirəniş göstərməyə çalışır. Üzdən baxanda bunların hər
ikisi haqlı görünür. Əslində isə iki çəkişənlər arasında haqlı bir olar. İki
haqlı olanda, onlar arasında çəkişmə olmaz, birlik olar. Birlik yoxdur, haqlı
da yoxdur. Çünkü haqq – millətimizin və dövlətimizin gəlişməsini və bağımsızlığını
qorumağın adıdır. Ortada isə qoruyucu mövqe yoxdur, nədən ki, bu çəkişən
tərəflərin heç biri millətimizlə və dövlətimizlə bir deyil, birlikdə deyil. ABŞ
millətimizin ləyaqəti ilə bir araya gəlməyib, gəlmir. Ən yaxşı halda
toplumumuzun güzəran çətinliyini bəhanə edib özünəyarar devrim hazırlayar (bu
çağacan bir sıra ölkələrdə elədiyi kimi. Heç birində də müsbət sonuc yoxdur).
Azərbaycan iqtidarı da millətin ləyaqətini düşünmür, ona görə millətlə bir
deyil. Bu səbəbdən də, öz hakimiyətini qoruyan iqtidar Rusiyanın kölgəsinə
sığınır...
Bu gün Azərbaycanda seçki
hazırlığı gedir. Ancaq bəllidir ki, bu seçki Azərbaycan üçün heç bir milli önəm
daşımır. Heç kəsə sirr deyil ki, seçkiyə qatılanlar iqtidarın gözə aldığı,
siyahılaşdırdığı adamlardan oluşur. Onların da heç birinin hədəfi, məqsədi
yoxdur. Başqa sözlə, millət vəkili adına layiq deyillər. Bu çağa kimi heç kim
millət vəkili adını doğrultmayıb. Bu cür milli şüuru gəlişməyən adamların
toplaşdığı məclisi Milli Məclis adlandırmaq doğru deyil. Hakimiyətaltı kolondan
Millət Məclisi yaranmaz.
İndi dünyanın hər yerində
demokratik seçki adlanan seçki oyunu var. Lap ABŞ-ın özündə. Nə qədər ki,
SSRİ vardı, ABŞ-da seçki demokratiyası vardı. SSRİ dağılandan sonra ABŞ-da
seçki oyunları var. Baxın, anayasada yazırlar ki, bir şəxs iki dəfədən artıq
dövlətə başçı seçilə bilməz. Ancaq bu o anlama gəlmir ki, bir adam mütləq iki
dəfə seçilməlidir. Təkqütblü dünya düzəni yaranandan sonra ABŞ-da bir adam
mütləq iki dəfə seçilir. Əgər anayasada 3 dəfə yazsaydılar, 3 dəfə seçiləcəkdi.
Bu saxtakarlıq, səmimiyyətsizlik nəyə gərək?! Axı hər seçkidə milyonlarla pul
xərclənir. Elə bəri başdan yazın ki, bir adam 8-10 illiyinə seçilə bilər. Ola
bilər onlarda Mərkəzi Seçki Komissiyası Azərbaycandakı kimi hər cür
saxtalaşdırmağın yolunu bilməsin. Azərbaycanda seçici pərdə arxasına keçir,
köynəyinin altından bir topa bülleteni çıxarıb qutuya doldurur. Bu da olur
"demokratik seçki”. ABŞ-da bu cür olmasa da, başqa cür saxtakarlıq var. Ona
görədir ki, bir demokrat, yaxud bir respublikaçı iki dönəm dalbadal uduş əldə
edə bilməz. Ya da iki partiya arasında bəri başdan razılaşdırılıb ki, növbə ilə
gah o, gah da bu, hakimiyəti ələ alsın. Vurğuladığımız kimi, SSRİ dağılandan
bəri elə bir dönəm olmayıb ki, bu iki partiyadan biri 3 dəfə, o biri isə bir
dəfə seçkini udsun. Növbə ilə gah o, gah da bu seçilir. Budur ABŞ-ın demokratik
seçkisi. Bu baxımdan Azərbaycan iqtidarı xeyli "səmimi” görünür. O qəti qərar
verib ki, xalq ondan başqa heç kimi iqtidarda görmək istəmir. ABŞ da öz
"səmimiyyətini” bizim iqtidara öyrədə bilmir ki, içinizdə başqa bir qüvvə tapın
və onunla növbələşin – bir dəfə o qüvvə hakimiyətə gəlsin, bir dəfə siz. Bu da
olsun demokratik seçki...
Dünya bir boyadadır, ona görə
ölü görünür. İnsan dünyanın sabahına ümidləmi baxsın, yoxsa qiyamətə inanıb
gözləsinmi?! Axı dinlər ona qiyamət vəd eləyir, siyasət isə çıxılmazlıq. Bəs
insanın üzü gülməli, sevinməli deyilmi; dünyada ədalətin, gözəlliyin bərqərar
olunmasına inanmalı, onu sevməli deyilmi?! Burada biz dayanıb Asif Atanın insan
haqqında, dünya haqqında, siyasət və din haqqında dediklərinə qulaq asmalıyıq.
Onda qorxu yaradan gedişin olaylarını sadalamaqdan ayrılıb, cəsarət və hünər
yaradan ideyaların qüdrətini düşünməli olacağıq!
Yükümüzdən Böyük
Fərəhimiz yoxdur!
Atamız Var olsun!


