Ombudsman 12 yaşlı qızın nişanlandırılması məsələsini nəzarətə götürüb
Dekabr 29
13:49
2023
Sabirabad rayonunun Məmişli kəndində azyaşlı qızın evliliyə cəlb olunması ilə bağlı mətbuatda yayılan məlumat Ombudsman Aparatı tərəfindən araşdırılıb.
Ombudsman Aparatından verilən xəbərə görə, Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat araşdırılaraq Ombudsman tərəfindən nəzarətə götürülüb.
Ombudsman Aparatının aidiyyəti struktur bölməsi tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri, erkən evliliyin fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib.