Nura Suridən nazirliyə ittiham: "Tədbirlərə düşmək üçün, Mənzər xanıma bahalı hədiyyələr və pul verirlər"
Noyabr 11
10:13
2025
Müğənni Nura Suri sosial şəbəkədə Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı sərt ittihamlar səsləndirib. O, bildirib ki, illərlə dövlət tədbirlərində pulsuz çıxış edib, lakin bu tədbirlər üçün ayrılan vəsaitlərin mənimsənildiyini sonradan öyrəniblər.
"Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə biz, müğənnilər, dövlət tədbiridir deyə pulsuz oxumuşuq. Əvəzində isə heç kəsə lazım olmayan diplomlar veriblər — 2004-2022-ci illər ərzində. Sonradan xəbər tutduq ki, dövlət bu tədbirlər üçün vəsait ayırırmış, lakin həmin pulları Mədəniyyət Nazirliyində çalışanlar mənimsəyirmiş,” — deyə müğənni qeyd edib.
Nura Suri əlavə edib ki, teatr, muzey və digər mədəniyyət ocaqlarında çəkiliş yalnız ödənişlə mümkündür, lakin "bəy-gəlin” çəkilişlərinə heç bir maneə yoxdur:
"Nazirliyə rəsmi məktub göndərib aylarla cavab gözləməli oluruq. Biz müğənnilər üçün bu, çox çətin və ədalətsiz vəziyyətdir. Amma ‘bəy-gəlin’ çəkilişləri üçün heç bir problem yoxdur — pulunu ödə, çəkilişini et".
Müğənni iddia edib ki, bəzi ifaçılar və hətta Xalq artistləri belə, nazirlikdə çalışan Mənzər adlı şəxsə hədiyyə və pul verməklə tədbirlərə dəvət alır: "Sonradan öyrəndik ki, bir çox tədbirlərə düşmək üçün, hətta Xalq artistləri belə, Mənzər xanıma bahalı hədiyyələr və pul verirlər. Nazirlər dəyişir, amma Mənzər xanım hələ də yerindədir.”
Mənbə: Azpolitika.info
Qlobal.az



