Mikayıl Müşfiqin “ölüm kağızı” və dağıdılan ləyaqət çərçivəsi...

İyun 07
15:27
2025
Azərbaycanın siyasi tarixinin ən mürəkkəb dövrlərindən biri 1930-cu illərdən ölkədə başlayan repressiya illəridir. O zaman ölkənin düşünən beyinlərini ölümə aparan bu siyasi proses öz iti çənginə mədəniyyət xadimlərini də aldı. Azərbaycan xalqının unutmadığı, hər il böyük hüznlə xatırladığı repressiya qurbanlarından biri də görkəmli şair Mikayıl Müşfiqdir.
Mikayıl Müşfiq hər bir azərbaycanlı tərəfindən sevilən, anılan şairlərimizdəndir.
Hər il görkəmli şairimizlə yanaşı xatırlanan insanlardan biri də Mikayıl Müşfiqlə həm həyatda, həm də dəmir barmaqlıqlar arxasında-məhbəsdə bir olan, ona verilən psixoloji-fiziki işgəncələrə baxmayaraq, heç zaman Müşfiqə olan sevgisini və hörmətini itirməyən həyat yoldaşı Dilbər Axundzadədir.
Dövrün ən qızğın ictimai-siyasi dövründə tanış olan, 4 illik evlilikdən sonra Müşfiqlə Dilbər xanımın həyatının məşəqqətli anları başlayır. Müşfiqin və aylar sonra Dilbər xanımın həbsi, işgəncələr, hayqırtılar, Müşfiqin ölümü və illər sonra bəraət...
Xalqımızın repressiyaya məruz qalan digər ziyalılarının da olduğu kimi Mikayıl Müşfiqin də son taleyi həmişə insanları düşündürüb. Dünyada, eləcə də ölkəmizdə əksər tanınmış insanların həyatları, yaradıcılıqları barədə müxtəlif iddialar dolaşdığı kimi, Mikayıl Müşfiqin də yaradıcılığı, (bəzi şeirlərinin kimə həsr olunduğu) ölümü barədə müxtəlif fikirlər mövcuddur.
Uzun illərdir Nargin adasında güllələnib meyitinin dənizə atıldığı deyilən Mikayıl Müşfiq barəsində səslənən iddialardan biri də şairimizin həbs kamerasında öldüyü, gizli məzarlıqda dəfn edildiyi barədədir.
2018-ci ildə Bakının Puta qəsəbəsində qəbiristanlıqda Mikayıl Müşfiqin qalıqlarının tapılması barədə mətbuatda xəbərlər yayıldı. Həmin xəbərlərdən dərhal sonra Prezident İlham Əliyev cənabları işçi qrupu yaradaraq KİV-lərdə dərc edilən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların DNT analizinin aparılması, şairin nəsil nümayəndələrindən DNT analizlərinin götürülməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verdi.
2024-cü ildə isə DNT analizlərinin nəticəsi açıqlandı. Analizlərin nəticəsinə əsasən həmin sümüklərin Müşfiqə aid olmadığı təsdiqləndi.
2018-ci ildə "Xalq” qəzetinin baş redaktoru Həsən Həsənovun və Beynəlxalq Terrora və Korrupsiyaya Qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru Rövşən Novruzoğlunun müəllifliyi ilə Mikayıl Müşfiq haqda araşdırma yazısı da mediada dərc olundu.
Həmin araşdırmada "əksinqilabçı, faşist ovqatlı insan”, "qudurğan millətçi”, "alçaq xəyanətkar”, "Vətən xaini” kimi damğalanan 1109 saylı məhbusun - Mikayıl Müşfiq 4-cü kamerada dünyasını dəyişdiyi barədə cümlə keçir.
Araşdırma zamanı digər maraqlı məqam isə "güllənlənmə kağızları”nın xüsusi vərəqələrə, imzalı, möhürlü hazır gəlmələri, təkcə ad-soyadların yazılmalı olmasıdır.
Mükayıl Müşfiqin ölümü barədə 1956-cı ilin 9 iyun tarixində Mərəzə (indiki Qobustan) rayonunun VVAQ (ZAQS) idarəsi tərəfindən verilən ölüm şəhadətnaməsində Mikayı Müşfiqin ölüm səbəbi və harada öldüyü barədə olan qrafalar boş buraxılmaqla 1939-cu ilin 13 martında vəfat etdiyi yazılır.
Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə iyun ayının 5-də Teleqraf.com saytına verdiyi müsahibədə Müşfiqin güllələnmədiyini, Ədliyyə nazirliyinin verdiyi arayışa görə 1939-cu ildə Mərəzədə öldüyü barədə fikirlər səsləndirib. Leyla xanım müsahibəsində belə bir rəsmi arayışın olduğunu bildiirb. O bu arayışın nə dərəcədə doğru olub-olmadığı barədə danışmayıb, sadəcə belə bir sənədin olduğunu deyib. Əlbəttə ki, bu arayışın nə dərəcədə həqiqəti əks etdirdiyinini araşdırmaq rəsmi qurumların, gizli arxivlərlə çalışan araşdırmaçı alimlərin işidir.
Leyla Axundzadənin müsahibədə səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə müxtəlif müzakirələrə yol açıb. Mikayıl Müşfiqin ölümü barədə Ədliyyə nazirliyinin verdiyi arayışın nə dərəcədə həqiqəti əks etdirdiyi bilinməsə də, bu sənədin saxta olmasını yazanlar da var.
Bu şəxslərdən biri də mediada filologiya üzrə fəlsəfə doktoru kimi təqdim olunan Firudin Qurbansoydur.
Yad planetlilərdən, bürclərdən tutmuş yel çərşənbəsinə qədər bir çox mövzularda həmişə fikir bildirən hörmətli Firudin Qurbansoy iyun ayının 6-da Teleqraf.com saytına verdiyi müsahibədə Mikayıl Müşfiqin ölümü barədə Ədliyyə Nazirliyinin arayışını saxta hesab edib.
Əlbəttə, digər məsələlərdə olduğu kimi bu məsələdə də Firudin Qurbansoy fikir bildirməkdə azaddır. Lakin Mikayıl Müşfiqin sevgisini, ruhunu əbədi qazanmış, onunla həyatın həm xoş günlərində, həm də məşəqqətli məhbəsdə birgə olan Dilbər Axundzadə barədə "saxta sənədi Dilbər Axundzadə düzəltdirib” demək nə alimə, nə də azərbaycan kişisinə yaraşmaz.
Dilbər Axundzadə gəncliyini, gözəlliyini, karyerasını sevdiyi, inandığı insana – Mikayıl Müşfiqə qurban verən ləyaqətli azərbaycan xanımıdır.
Mikayıl Müşfiq və Dilbər Axundzadə sevgisi əbədidir.
Bəli, illər ötəcək, əsrlər keçəcək bu sevgi yaşayacaq!
Bəli, illər ötəcək bu sevgi dartışılacaq...
Amma ləyaqət çərçivəsində!
Cahandar Laçınlı