Novruz bayramı təsviri sənətdə
Mart 18
11:18
2024
Xalqımızın mənəviyyatında və məişətində minilliklərlə yaşatmış olduğu, böyük coşqu və şövqlə sevə-sevə qeyd etdiyi ən qədim bayramlardan biri və bəlkə də birincisi Novruzdur. Həyatın başlanğıcı qədim Şərq fəlsəfəsində dörd ünsürün vəhdəti şəklində qəbul edilir: od, su, hava, torpaq. Bahar bayramı həyatın yenidən yaranışı, doğuşu kimi təzahür olunur. Təbiətin canlanması, bütün ağacların çiçəkləməsi, kol və bitkilərin yaşıllaşması, əkin işlərinin başlanması məhz baharda başlayır. Bu təbiət hadisəsinin müdrik xalqımız tərəfindən hər il qeyd edilməsi və həmçinin insanların yaxınlarını təbrik etməsi zaman-zaman formalaşmış müxtəlif el deyimi və məsəllərində formalaşmışdır.
Kürçaylı Məmmədov,
Salyan Dövlət Rəsm Qalereyasının direktoru
Azərbaycanın folklor, musiqi və təsviri sənət əsərlərində Novruz adət-ənənələri geniş və hərtərəfli şəkildə təzahür etdirilmişdir. Novruz bayramının diqqəti cəlb edən, el dilindən və el məişətindən süzülüb, bugünkü günümüzədək yaşadılan səhnələri Azərbaycan rəssamlıq sənətində və Azərbaycan rəssamlarının yaradıcılığında sevilərək müraciət edilən ən maraqlı mövzulardan olmuşdur.
Azərbaycan təsviri sənət tarixində Novruz bayramı və onun rəssamlıq sənətimizdə əksi ayrıca bir səhifəni təşkil edir. Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramı mövzusunda saxlanılan əsərlərə rəngkarlıq sahəsində xalq rəssamları Səttar Bəhlulzadənin "Bahar nəğməsi”, "Xonça” (Etüd), "Torpağın arzusu”, "Azərbaycan nağılı”, Xalidə Səfərovanın "Novruz”, "Çovkan”, "Çovkançılar”, Elbəy Rzaquliyevin "Novruz bayramı”, Altay Hacıyevin "Novruz sandığı”, əməkdar rəssam Mahmud Tağıyevin "Gül açan bağ”, "Bağçada yaz gülləri”, Həsən Haqverdiyevin "Bahar”, Sara Manafovanın "Novruz”, Orxan Hüseynovun "İçərişəhərdə bayram”, qrafika sahəsində xalq rəssamları Əzim Əzimzadənin "Tonqal üstündən tullanmaq”, "Kos-kosa”, Elmira Şahtaxtinskayanın "Novruz bayramı ərəfəsində”, "Qutablar”, əməkdar rəssamlar Ələkbər Rzaquliyevin "Gəlinə hədiyyə ilə” ("Köhnə Bakı” silsiləsindən), Arif Ələsgərovun "Novruz”, "Kəndirbazlar” və başqalarını qeyd etmək olar.
Bənzərsiz və zəngin yaradıcılıq dünyasına malik, əfsanəvi fırça ustası Səttar Bəhlulzadənin yaratdığı bütün tablolarında, baxmayaraq ki, rəssam daha çox mənzərə əsərləri yaradırdı, milli mədəniyyətimizin hansısa bir elementini və ya rəmzi ifadəsini görməmək və duymamaq mümkünsüzdür. Rəssam "Azərbaycan nağılı” adlı əsərində sanki Azərbaycan dünyasını tabloda əks etdirmək istəmişdir. Kompozisiyada əzəmətli dağlar fonunda, göl ətəyində dairəvi iri xonçalar və xonçaların içərisi dolu bol Azərbaycan nemətləri çiçəkləmiş ağacların və güllərin əhatəsində o qədər ustalıqla və əsl sənət coşqusu ilə təsvir edilib ki, bol estetik zövq almadan əsərdən ayrılmaq olmur. Rəssam eyni zamanda, tablonun yuxarı hissəsində dalğalanan kəlağayını təsvir etməklə bir növ yaradıcılıq işinə möhür basmışdır, yəni, əlavə heç bir şərhə ehtiyac duymadan tablodan Azərbaycan dünyasını asanlıqla sezmək olar. Sadalanan xüsusiyyətləri rəssamın Novruzla bağlı digər əsərlərinə də şamil etmək olar.
Xalidə Səfərovanın "Novruz” adlı əsəri diqqət çəkəndir. Kompozisiyada mərkəzdə Novruz bayramının ləziz nemətləri ilə bəzədilmiş xonça, xonçanın əhatəsində isə əllərində Bahar bayramının rəmzi olan səməni tutmuş xanımlar və xoruz döyüşdürən milli geyimli gənc oğlanlar təsvir edilib. Yallı rəqsinin ifaçılarının oyun hərəkətləri bayram sevincini daha da artırır. Əsər zəngin kolorit həlli ilə tamamlanıb. Rəssamın həmçinin milli çovkan oyununa həsr edilmiş əsərləri də nəzər-diqqəti cəlb edir.
Elbəy Rzaquliyevin "Novruz bayramı” əsərində isə Xəzər dənizinin fonunda, İçərişəhərdə Novruz bayramı şənliklərinin bədii təsviri əks olunub. Tabloda kəndirbazın oyunu və milli geyimli rəqqasələrin müxtəlif pozalı hərəkətləri əsl bayram əhval-ruhiyyəsini təcəssüm etdirir. Əsərin sağ hissəsində təsvir edilmiş xalça nümunəsinin təsviri əsərin bədii ifadəliliyini daha da artırır.
Tanınmış rəssam Ələkbər Rzaquliyev "Gəlinə hədiyyə ilə” adlı əsərində Novruz ərəfəsində bayram şirniyyatları ilə dolu xonça ilə qız evinə bayram görüşünə tələsən ailənin bədii görüntülərini təsvir edib. İçərişəhərin fonunda milli geyimli ailə üzvlərinin fərdi xarakterik xüsusiyyətləri incə cizgi, ştrix elementləri ilə ustalıqla əks etdirilib.
E.Şahtaxtinskaya "Novruz bayramı ərəfəsində”, "Qutablar” adlı əsərlərini yaradarkən Azərbaycan xalqının ən qədim adət-ənənələrinə yaradıcı şəkildə müraciət edib. Rəssam Novruz bayramına hazırlıq mərhələsində, qadınları səmənilərin əhatəsində milli şirniyyat növləri - paxlava, şəkərbura, digər əsərində isə Azərbaycan mətbəxinin ləziz nemətlərindən hesab olunan qutab hazırladıqları məqamda təsvir edib. Hər iki əsər öz dolğun bədii lövhələri, zəngin etnoqrafik çalarları və zəngin kolorit həlli ilə diqqəti cəlb edir. Bu bədii əsərlər həm də milli etnoqrafik xüsusiyyətlərimizin mükəmməlliklə təsviri baxımından da əhəmiyyətlidir.
Qeyd olunan əsərlər Azərbaycan rəssamlarının Novruz bayramına həsr edilmiş bədii yaradıcılıq işlərinin kiçik bir qismini təşkil edir. Azərbaycan xalqının tarixində və məişətində geniş şəkildə kök salmış və hər il dövlət səviyyəsində qeyd edilən bu bayram və bayramın gözəl xüsusiyyətləri həmişə rəssamlarımızın ilham qaynağına çevrilib və onların yaradıcılığında geniş təzahürünü tapıb.
Kürçaylı Məmmədov,
Salyan Dövlət Rəsm Qalereyasının direktoru