Nəqliyyatda "İntellektual korrupsiya"
Oktyabr 27
23:10
2016
2005-ci ildə neft pullarının böyük
axınınından sonra ölkədə modern infrastrukturun qurulması istiqamətində bir
neçə layihəyə start verildi. Milyonlarla dəyəri olan bu layihələrdən biri də
Nəqliyyatı İntellektual İdareetmə Mərkəzi oldu. Böyük kapital tələb edən, bir
çox avropa dövlətlərində olmayan Nəqliyyatı İntellektual İdareetmə Mərkəzinin
təməlinin qoyuluşundan sonra burada baş verən ciddi qanun
pozuntularının-yeyintilərin olduğu barədə tutarlı ittihamlar səsləndirilməyə
başladı.
Əldə etdiyimiz məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin daha bir maxinasiyası işə qəbulla bağlıdır.
2010-cu ildə mərkəzin tikintisinə
başlanarkən heç bir tender keçirilmədən tikinti işləri ölkənin ən böyük
holdinqlərindən olan "ZQAN” holdinqə verildi. Qeyd edək ki, 2013-cü ildə qəfil
adını dəyişərək "QARANT” holdinqə çevrilən "ZQAN” holdinq nəqliyyat naziri Ziya
Məmmədovun oğlu Anar Məmmədova aiddir. Ona görə də, Nəqliyyat nazirliyinin tikintisinə
nəzarət edəcəyi dəyəri ilk zamanlar 77 sonra isə 94 milyon manat olan (o
zamankı ekvivalentlə 120 milyon dollar) nəhəng layihənin Nəqliyyat nazirinin
oğlunun şirkətinə verilməsi ciddi şübhələrə əsas yaratdı. İctimaiyyətdə yaranmış
bu şübhələrə o zaman nəqliyyat nazirliyinin səlahiyyətli nümayəndəsi mətbuat
vasitəsilə layihənin tikintisi üçün ən yaxşı təklifin "ZQAN” holdinqdən
gəldiyini söyləyərək cavab vermiş, əslində bu cavabı ilə şübhələri daha da
dərinləşdirmişdi.
MDB ölkələrindən olan Ukraynanın
paytaxtı Kiyev şəhərində 30 milyon manata ərsəyə gələn layihənin Bakıda 77
milyona tikilməsi layihənin dəyərinin şişirdilməyini açıq-aydın göstərirdi.Ancaq
tikintini aparan Nəqliyyat nazirliyi isə bu məbləğlərin səmərəli xərcləndiyini,
ayrılan vəsaitin heç də çox olmadığını, gələcəkdə paytaxtın avtobus
dayanacaqlarında quraşdırılacaq avtobusların hərəkət istiqamətini
müəyyənləşdirəcək manitorların hər birinin 10 min dollara başa gələcəyini
deyirdilər. Nəqliyyat nazirliyinin yetkililəri bu monitorların bahalılığını isə onun çoxfunksiyalı olması ilə izah edərək, sərnişinlərə nəinki dayanacağa gələn marşrutların vaxtını və adlarını, hətta şəhərdəki bütün avtobusların siyahısını təqdim etməklə yanaşı, paytaxtın xəritəsini əks etdirəcəyini, bayram və ya mühüm dövlət tədbirlərinin canlı yayımlanacağını deyirdilər. Qeyd edək ki, o
zaman paytaxtın xəritəsinin hazırlanmasına da əlavə olaraq 1.2 milyon manat,
700-ə yaxın dayanacaqda quraşdırılacaq monitorlarına isə 7 milyon manata yaxın
vəsait xərcləndi...
Beləliklə 2011-ci
ilin dekabr ayında 100 milyon manata qədər dövlət vəsaiti xərclənmiş NİİM-nin
Respublika Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə təntənəli açılış mərasimi
oldu. Mərkəzin rəsmi açılışında geniş çıxış edən dövlət başçısı çıxışını "Sizə tövsiyəm bundan ibarətdir ki, bu mərkəzi yaxşı idarə edəsiniz. Burada mövcud olan avadanlığa uyğun
olan xidmət və menecment yaradasınız, əminəm ki, belə də olacaq.”-
sözləri oldu.
Ancaq NİİM-in sonrakı fəaliyyəti heç də ölkə
başçısının tövsiyyəsinə uyğun olmadı. Mərkəzin iş mexanizminin düzgün
qurulmaması, dayanacaqların keyfiyyətsiz materiallardan və əksər hallarda
uyğunsuz yerlərdə inşa edilməsi,dayanacaqlardakı on minlik (!!!) monitorların
işləməməsi, çox vaxt rəqəmləri səhv göstərməsi və sonradan şəhər ətrafı qəsəbələrdəki
dayanacaqlardan manitorların sökülərək aparılması mərkəzin effektiv və şəffaf fəaliyyətinə
olan ümidləri öldürdü.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi fəaliyyətə
başladıqdan sonra paytaxt yollarında nəinki nəqliyyatın idarəedilmısi asanlaşdı,
əksinə, bir çox hallarda xaos daha da böyüdü. Mərkəz tərəfindən əsaslı və ciddi
optimallaşdırma yox, maraqlar çərçivəsində tədbirlər həyata keçirildi. Bu da
ki, sahibkarların və sərnişinlərin narazılığını daha da böyütdü. Paytaxtın
ictimai nəqliyyat şəbəkəsinin müasir səviyyədə qurulması istiqamətində nailiyyət
əldə olunmadı. Qeyri-sabit hava şəraitlərində və günün pik saatlarında
tıxacların aradan qaldırılması yönündə mərkəz tərəfindən heç bir uğurlu iş
aparılmadı.
Xərclənən milyonlarla dövlət vəsaitinə və illərlə
zamana rəğmən hələ də NİİM-in marşrut xəttlərinin seçimi və trayektoriyasının
müəyyənləşdirilməsi üçün optimal variantları təhlil edə xüsusi ekspert qrupu
yoxdur. Əgər belə bir ekspert qrupu yaradılıbdırsa da çox zəif fəaliyyət göstərirlər.
NİİM-nin bu gün gördüyü iş sadəcə yollardakı "probka”nı efirlərdən bəyan etməkdir
ki, bu da vətəndaşlarda sadəcə ikrah doğurur.
Qlobal.az-a verilən daha bir ilginc məlumatda isə
deyilir ki, NİİM-in rəhbərliyinə yaxın şəxslər tez-tez xarici ölkələrə təcrübə
toplamaq üçün göndərilir. Böyük vəsaitlər hesabına NİİM-in "seçilmiş” əməkdaşları
xaricə etdikləri bu səfərlər çərçivəsində təcrübə toplamaqdan əvəzinə daha çox
şəxsi istirahətlərinə zaman ayırırlar.
Digər məlumatda isə NİİM-nin bir çox maxinasiyaları
var ki, bunlardan biri də Bakı Nəqliyyat Agentliyi ilə edilən "əməkdaşlıqdır”.
Belə ki, guya fəaliyyətləri- mexanizmləri NİİM tərəfindən təhlil olunaraq
"nöqsanlar” aşkarlanan sərnişindaşıma ilə məşğul olan şirkətlərin adları Bakı Nəqliyyat
Agentliyinə ötürülür. Sonuncu isə həmin şirkətin ünvanına-qarajlarına gedərək
mütəmadi "yoxlamalar” aparırlar. Mənbəmiz qeyd edir ki, burada məqsəd əslində
qismən zəif qorunan sərnişindaşıma ilə məşğul olan sahibkarların bu sektordan
sıxışdırılaraq çıxarılmasıdır. Məlumata görə, əslində paytaxt sərnişinlərində ən
çox narazılıq doğuran marşrut xəttlərində (202, 133, 49, 225 və s.) fəaliyyət
göstərən şirkətlərdə isə indiyədək heç bir monitorinq aparılmayıb. Səbəb isə bu
şirkətlərin arxasında daha böyük vəzifə sahiblərinin olmasıdır.
Əldə etdiyimiz məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin daha bir maxinasiyası işə qəbulla bağlıdır.
Etibarlı mənbədən verilən məlumata görə, dövlətin 100 milyon vəsaiti hesabına ərsəyə gəlmiş bu
müəssisədə işə qəbul qaydaları əslində "adət-ənənə”lərə uyğun aparılır. Sadəcə
görüntü xatirinə vakant yerlər üçün işə qəbul olmaq istəyən şəxslərdən CV tələb
olunur. Fəaliyyətə başladığı 5 il ərzində hələ heç bir kəsin "tanış-biliş”siz
NİİM-ə işə düzəldiyinə rast gəlinməyib. Saytımıza verilən məlumata görə, illərdir
ki, vətəndaşlardan qəbul olunan CV-lər sadəcə hesabat üçün NİİM-in məlumat
bazasına daxil edilir. Anormal olan hal isə nəinki ölkəmizdə hətta regionda
yeganə olan bu müəssisənin işə düzəlmək istəyənlərdən vəzifələrindən asılı
olaraq 1 ildən 3 ilədək iş stajı tələb etməsidir...
Növbəti araşdırmamızda NİİM-in kadr
və texniki təchizat siyasətindəki qüsurları araşdıracağıq. Bizi izləyin...
Qlobal.az